AUT.AZ

“Sabah”ın kapitanından etiraf: “Çempionluq haqda düşünmürük”

“Sabah”ın kapitanı Elvin Camalov Premyer Liqanın 24-cü turunun “Şamaxı” ilə matçından (1:2) sonra jurnalistlərin suallarını cavablandırıb.

Aut.az 28 yaşlı yarımmüdafiəçinin müsahibəsini diqqətinizə çatdırır:

– Belə oyunlardan sonra nəsə demək çətindir. Təhlil edib səhvlərimizdən nəticə çıxaracağıq. “Turan Tovuz” məğlubiyyətindən sonra bu matça çox ciddi hazırlaşmışdıq. İki oyundur ki, bizdə nəsə alınmır. Vəziyyətin yaxşıya doğru düzələcəyinə inanıram. Bu məğlubiyyəti unudub qarşıdakı görüşlərə hazırlaşacağıq.

– Sən, Boyan Letiç və Abdullaye Ba meydanda yox idi. Baş məşqçi Murad Musayev də cəzalı idi. Bunların oyuna təsiri oldu?

– Məncə, o qədər də təsir göstərməz. Çünki bütün matçlara kollektiv şəkildə hazırlaşırıq. Futbolçular hamısı, demək olar ki, eyni səviyyədədir.

– Bu məğlubiyyətlə çempionluq şansını itirdiyinizi düşünürsən?

– Qarşıda çox oyunlar var. Biz çempionluq haqda düşünmürük. Yalnız növbəti matça hazırlaşırıq. Çempionluq haqda danışmağın tez olduğunu düşünürəm. Ümid edirəm ki, mövsümü yaxşı nəticə ilə bitirəcəyik.

– “Qarabağ” “Neftçi”ni məğlub etsə, xal fərqi 11-ə yüksələcək. Bu fərqi aradan qaldırmaq çətin olmayacaq?

– Bizim əsas məqsədimiz hər gün inkişaf etməkdir. Bütün rəqiblərə qarşı eyni hazırlaşırıq. Belə məğlubiyyətlər xal fərqini artırır. Amma qarşıda oyunlarımız çoxdur. Əlimizdən gələni edəcəyik.

Exit mobile version