AUT.AZ

Donuz başı göndərdilər: Sonrakı başlar sizin olacaq

2022/23 mövsümü “Sampdoriya” üçün olduqca uğursuz keçir. Komanda 19-cu yerdədir, yalnız çox zəif “Kremoneze”dən öndədirlər.

2023-cü ildə “Sampdoriya” cəmi bir dəfə qalib gəlib: yanvarın 4-də səfərdə “Sassuolo”ya  (2:1), digər görüşlərdə iki heç-heçə və altı məğlubiyyət qeydə alınıb.

Təbii ki, azarkeşləri komandanın durumu qane etmir. Ötən gün “Sampdoriya” azarkeşləri klubun rəhbərlərinə hədə mesajı göndəriblər.

Aut.az “La Repubblica”ya istinadən bildirir ki, klubun qərargahının girişinin qarşısında içində donuz başı olan karton qutu tapılıb.

Həmçinin “Sampdoriya”nın keçmiş prezidenti Massimo Ferrero və vitse-prezident səlahiyyətlərini icra edən Antonio Romeiyə ünvanlanmış məktub da olub.

“Sonrakı başlar sizin olacaq”, – deyə məktubda qeyd edilib. Polis araşdırmaya başlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları bu əməli törədənləri müəyyən etmək üçün ərazidəki videomüşahidə kameralarının qeydlərinə baxacaqlar.

Aut.az

Exit mobile version