AUT.AZ

Murad Musayevin aqressiv olmasının şok səbəbləri: Rəhbərlik tələb edir ki…

Azərbaycan futbolunda ötən həftənin ən çox müzakirə edilən şəxslərindən biri də “Sabah”ın baş məşqçisi Murad Musayev idi. O, komandasının “Turan Tovuz”a 2 cavabsız qolla məğlub olduğu turda yenə davranışlarıyla diqqət mərkəzinə düşüb.

Rusiyalı mütəxəssis yenə hakimlərlə mübahisə edib. Bu davranış onda artıq adi hal alıb. Musayev tez-tez çılğınlığı ilə gündəmə gəlir. Sanki əsəbini kimdənsə çıxarmağa çalışır. Hətta hakimlərin haqlı olduğu məqamlarda belə onlarla mübahisə edir. Mətbuat konfranslarında da onları açıq şəkildə tənqid edir, qərarlarını müzakirəyə çıxarır. Murad Musayevin belə davranmasının səbəbi nədir?

Siz bilmirsinizsə, biz deyək – klub rəhbərliyi! Bəli, 39 yaşlı mütəxəssisi gərginləşdirən, özündən çıxaran hadisələr futbol meydanında deyil, kənarda baş verir. Musayevə qarşı böyük təzyiq var. Rəhbərlik onun qarşısına çempion olmaq məqsədi qoyub. Ancaq o, klubun idarəçiləri ilə eyni fikirdə deyil.

Çalışdırıcı rəhbərliyi inandıra bilmir ki, Azərbaycan Premyer Liqasının qızıl medallarını qazanmaq hazırda real deyil. Çünki klubun büdcəsi, heyəti, maddi-texniki bazası və təcrübəsi hazırkı çempion “Qarabağ”la uyuşmur. Rusiyalı mütəxəssis Ağdam təmsilçisinin bu səviyyəyə uzun illərdən sonra çatdığını söyləsə də, rəhbərlik onun dediklərinə məhəl qoymur və ondan israrla çempionluq tələb edir.

“Sabah”ı idarə edənlərin düzgün hesab-kitab bilməməsinin əziyyətini komanda çəkir. Çünki Murad Musayevin əsəblərinin tarıma çəkilməsi onların uğurlu çıxışına hakimlərdən daha çox mane olur. Baş məşqçinin gərginliyi futbolçulara sirayət etsə, “Sabah”ın sabahı heç də yaxşı olmayacaq.

Aut.az

Exit mobile version