AUT.AZ

Kadini “Krasnodar”a getməyə “Qarabağ”ın öz futbolçuları sürükləyib

“Qarabağ”dan “Krasnodar”a transfer edilən Kadi Borges Rusiya mətbuatına açıqlama verib.

Aut.az xəbər verir ki, “metaratings.ru” saytına müsahibə verən braziliyalı futbolçu “Krasnodar”dan ötən ilin sonlarında təklif aldığını bildirib:

“2022-ci ilin sonlarında, tətil başlamazdan bir həftə əvvəl “Krasnodar”ın mənimlə maraqlandığını bildim. Adətən transfer işi ilə menecerim məşğul olur. Variant yaranmazdan 3 ay əvvəl “Qarabağ”la yeni müqavilə bağlamışdım. Bu üzdən “Krasnodar”ın tələb olunan təzminatı ödəyəcəyinə inanmırdım. Amma klubun mənə qarşı münasibətini gördükdə, agentə bu təklifi qəbul etmək istədiyimi bildirdim”.

Yeni komandası ilə 3,5 illik müqavilə bağlayan yarımmüdafiəçi vaxtilə Rusiyada çıxış etmiş azərbaycanlı futbolçularla məsləhətləşdiyini deyib:

“Təklif gələndə onlarla danışdım, klub və infrastrukturla bağlı suallar verdim. Çünki özüm yalnız oyunlara baxa bilirdim. “Krasnodar” barədə elə də çox məlumatım yox idi. “Qarabağ”dakı komanda yoldaşlarımın cavabları seçimimi müəyyənləşdirdi”.

Kadi müsahibəsində Bakı haqqında xoş fikirlər səsləndirib:

“İl yarım Bakıda yaşadım, oranı çox bəyəndim. Bakı yaşamaq üçün çox gözəl şəhərdi”.

26 yaşlı oyunçu bu mövsüm “Qarabağ”la Çempionlar Liqasının qrupunun bir addımlığından geri döndüklərini vurğulayıb:

“Çempionlar Liqasının qrupuna düşmək üçün bir addım çatmadı”.

Qeyd edək ki, Kadi 2021-ci ilin yayından bu ilin əvvəlinə qədər “Qarabağ”ın şərəfini qoruyub. O, qış fasiləsində 5 milyon avroya “Krasnodar”a transfer olunub.

Exit mobile version