AUT.AZ

İtaliyada növbəti qalmaqal – “Yuventus” yenə də baş rolda

İtaliya futbolunda daha bir maxinasiya qalmaqalı ortaya çıxıb.

Aut.az xəbər verir ki, Turin Şəhər Prokurorluğu “Yuventus”un “Atalanta” və “Udineze” ilə sövdələşmələrini araşdırır. “La Repubblica”nın məlumatına görə, prokurorlar “ağ-qaralar”ın maliyyə hesabatını saxtalaşdırmaq üçün adı çəkilən klublardan “banklar kimi” istifadə etdiyinə dair sübutlar aşkar edib. Məlum olub ki, A seriyasının təmsilçiləri arasında qeydiyyatı aparılmayan gizli razılaşmalar olduğu aşkarlanıb.

Xüsusilə, “Yuventus”un 2016-cı ilin yanvarında 9 milyon avroya aldığı Rolando Mandraqoranın transferi şübhələri artırıb. “Peskara” və “Krotone”də icarə əsasında çıxış etdikdən sonra yarımmüdafiəçi 2018-ci ildə 20 milyon avroya “Udineze”yə satılıb. Bu transfer hesabat dövründə “Yuve”yə 13,7 milyon avro kapital qazandırıb.

Lakin iki il sonra “Yuventus” Mandraqoranı yenidən heyətinə qatdı. Ona görə “Udine”yə ümumilikdə 16 milyon avro ödənilib. Hazırda “Fiorentina”da çıxış edən Mandraqora, agenti (eyni zamanda atası), “Udineze”nin vitse-prezidenti Stefano Kampokçia və “Yuve”nin keçmiş direktoru Mauritsio Lombardo şahid qismində dindiriləcək.

Həmçinin “Yuventus” və “Atalanta” arasında maliyyə hesabatlarına daxil edilməyən ümumilikdə 14,5 milyon avroluq 4 şübhəli sövdələşmənin araşdırılması da planlaşdırılır. Söhbət Federiko Mattiello (4 milyon avro), Simone Muratore (4 milyon avro), Mattia Kaldara (3,5 milyon avro) və Kristian Romeronun (3 milyon avro) transfer əməliyyatlarından gedir.

Qeyd edək ki, iş üzrə məhkəmənin hazırlıq iclası martın 27-ə təyin edilib.

Exit mobile version