AUT.AZ

Bir qolun bitirdiyi həyatın hekayəsi – VİDEO

Kristian Atsu Türkiyədə baş verən dağıdıcı zəlzələnin çoxsaylı qurbanlarından biridir. “Hatayspor”un yarımmüdafiəçisinin meyiti axtarışların 12-ci günündə dağıntılar altından tapılıb. Futbol dünyasının bir qismi onu Qana millisinin oyunlarından, bəziləri isə “Çelsi” və “Nyukasl”dan tanıyır. Kristianın karyerası, maraqlı həyatı və gözəl ailəsi var idi.

Kristian 1992-ci ilin yanvarın 10-da Qananın cənub-şərq sahilində – Volta çayının Atlantik okeanı ilə qovuşduğu Ada Foa şəhərində anadan olub. Yoxsul ailədə doğulan futbolçunun atası balıqçılıq və əkinçiliklə məşğul olub. Onun 9 qardaş və bacısı var idi.

Futbol Atsunun yoxsulluqdan xilas olmasına kömək etdi. Karyerasına “Feyenoord”un Qana Akademiyasında başladı. 17 yaşında isə Avropaya – “Porto”nun akademiyasına üz tutdu. Atsu məşqlər zamanı “əjdahalar”ın o zamanki çalışdırıcısı Andre Villaş-Boaşın diqqətini cəlb etdi. Lakin əsas heyətdə özünə yer tapa bilmədi. Buna görə “Rio Ave”yə icarəyə göndərildi. Bu komandada iştirak etidyi 31 matçda 10 qol vuran vinger bir il sonra “Porto”ya qayıtdı.

Onu Porto şəhərinə bağlayan tək səbəb bu klub deyildi. Həyatındakı daha bir mühüm hadisəni burada yaşamışdı. Həyat yoldaşı ilə məhz Portuqaliyada tanış olmuşdu. Kristian 2012-ci ildə Mari Kler Rupio ilə ailə qurdu. Cütlüyün bu münasibətdən iki oğlu və bir qızı dünyaya gəldi.

“Porto” ilə titul qazandıqdan sonra Atsu Joze Mourinyonun “Çelsi”sinə yollandı. Ancaq İngiltərənin top-klubunda Kristiana etimad göstərilmədi və icarəyə verildi. Onun yolu “Vitess”, “Everton”, “Bornmut”, “Malaqa” və “Nyukasl”dan keçdi. “Çelsi”yə getdiyimə görə peşman deyiləm. “Zadəganlar”ın oyunçusu olmaq bir imtiyazdır” – deyə Atsu deyirdi.

Onun karyerasını və həyatını dəyişən klub “Nyukasl” oldu. 2016-cı ilin yayında Rafael Benitesin rəhbərlik etdiyi komandanın sıralarına qoşuldu. Nəticədə “sağsağanlar”ın Premyer Liqaya qayıtmasına kömək etdi. Bundan sonra qanalı futbolçu ilə dörd illik müqavilə imzalandı. Bu transferdən “Çelsi” 7,5 milyon avro qazandı.

Atsunun karyerasının digər mühüm hissəsi Qana millisi ilə bağlıdır. 2012-ci ildə millidə debüt edən yarımmüdafiəçi 2014-cü ildə Braziliyada keçirilən Dünya çempionatında və bir neçə Afrika Millətlər Kubokunda çıxış etdi. Ən uğurlu dönəm isə 2015-ci ilə təsadüf etdi. Qitə turnirinin finalında Fil Dişi Sahilinə uduzan qanalıların bu uğurunda Atsu da pay sahibi oldu. Təsadüfi deyil ki, o, həmin turnirin ən yaxşı oyunçusu seçildi. Kristian dörd il sonra keçirilən yarışda da komandası ilə birlikdə eyni uğura imza atdı.

Atsu Afrikada təkcə futbolçu kimi deyil, həm də xeyriyyəçi kimi şöhrət qazanmışdı. O, Qana, Cənubi Afrika və Hindistanda yerləşən “Ars Around the Child” xeyriyyə təşkilatının səfiri idi. Valideyn himayəsindən məhrum olan, zorakılığa məruz qalmış, müxtəlif xəstəliklərə yoluxan və insan alverinə məruz qalan uşaqlara mənzil, müdafiə, təhsil və digər mövzularda dəstək verirdi.

Həmçinin, Qana həbsxanasından xırda cinayət törətmiş şəxslərin azad edilməsinə çoxlu vaxt və pul xərcləyir, onların yerinə cərimə ödəyirdi. Məsələn, ailəsini dolandırmaq üçün 1 kiloqram qarğıdalı oğurlayan 62 yaşlı qadının həbs olunmasına imkan verməmişdi. Başqalarının problemlərinə biganə olmaması barədə danışmışdı. Bildirirdi ki, ehtiyac içində yaşadığı çətin uşaqlıq illəri onu belə addımlar atmağa sövq edir:

“Gənc olanda çoxları mənə ayaqqabı ilə kömək edirdi, pul verirdi. Çox vaxt yola pulum olmurdu, ona görə də məşqə piyada gedirdim. Mən Leqonda yarımçıq evdə yaşayırdım və indi hər dəfə ora gedəndə dostlarıma deyirəm: “Baxın, əvvəllər burada idik”.

10 illik Avropa karyerasından sonra Atsu əvvəlcə qısa müddətə Səudiyyə Ərəbistanına, 2022-ci ilin sentyabrında isə Türkiyəyə yollandı. 31 yaşlı futbolçunun Super liqa təmsilçisi “Hatayspor”da işləri heç də yaxşı getmədi. Fevrala qədər çempionatda cəmi 40 dəqiqə oynamışdı. Kristian belə vəziyyətdə komandadan getməyi düşünürdü. Hətta bunu baş məşqçi Volkan Dəmirəllə də müzakirə etmişdi. Amma faciədən bir neçə saat əvvəl qərarını dəyişdi.

Buna səbəb “Kasımpaşa” ilə matç idi. Atsu 82-ci dəqiqədə hesab 0:0 olan zaman meydana daxil oldu. 97-ci dəqiqədə isə cərimə zərbəsindən gözəl qola imza ataraq komadasına qələbə qazandırdı.

Final fitindən sonra komanda yoldaşları Atsunu xüsusi təbrik etdilər. Oyunsonrası mətbuat konfransında gənc mütəxəssis də qələbəni qanalıya həsr etdiyini bildirdi:

“Mənim üçün əsas hadisə, hətta qələbəmiz deyil, Kristianın qol vurmasıdır. Komandaya keçəndən sonra onun necə çalışdığını gördüm. Kubokda oynadı, sonra yenidən zədələndi. Onunla həftə ərzində danışdıq. Mənə dedi ki, oynamaq istəyirəm, əgər məni heyətdə görmürsənsə, getməyə hazıram. Mən isə seçim sənindir, qalsan, şad olarıq dedim. Nəticədə bu gün qol vurdu. Bu qələbəni ona həsr etmək istəyirəm”.

Kimin ağlına gələrdi ki, vurulan qol Atsunun ölümünə səbəb ola bilər? “Hatayspor”un direktoru Fatih İlek həmin axşam futbolçunun uçmalı olduğunu, lakin komanda ilə keçirdiyi emosional hisslərdən və məşqçinin sözlərindən sonra fikrini dəyişdiyini bildirdi:

“O, ailəsinin yanına getmək istəyirdi, lakin yaxşı oyun və qoldan sonra planlarını dəyişdi. Zəlzələ onu ən xoşbəxt günündə vurdu. Saat 23:00-da getməli idi, amma bileti ləğv etdi və səhər saat 4-də zəlzələ oldu. Dəhşətli faciədir”.

Atsu ailəsinin yanında döndü. 12 gün sonra, amma fərqli formada – tabutda. Həmişə olduğu kimi qanalılar və dostları onun yolunu gözləyirdi. Bu dəfə növbə Kristianda deyil, onlarda idi. Çünki indi onlar vəzifə borclarını yerinə yetirməli, Atsunu son mənzilə yola salmalı idilər.

 

Exit mobile version