Yenilənmiş “Qarabağ” Avropa Konfrans Liqasının pley-off mərhələsində ilk qələbəsini qazandı.
Son Azərbaycan çempionu Belçika futbolunun tanınmış komandalarından olan “Gent”i məğlub etdi – 1:0.
Bəlkə də əksəriyyət Premyer Liqanın son 2 turunda “Kəpəz”lə “Sabah”ı uda bilməyən komandadan bu cür qələbə gözləmirdi.
Amma matçboyu rəqibindən üstün görünən və bir neçə real qol fürsəti yaxalayan Qurban Qurbanovun yetirmələri sonda qələbəyə sevinən tərəf idi.
Elə belçikalı futbolsevərlər də “Gent”in Bakıda uduzacağını təsəvvür etmirdi.
Oyundan əvvəl azarkeşlərin sosial şəbəkə platformalarında yazdığı şərhlərdən sevimli komandalarının gücünə güvəndiyi, Azərbaycan təmsilçisinə yuxarıdan aşağı baxdıqlarını hiss etmək çətin deyildi.
Tofiq Bəhramov adına Respublika stadionunda əldə olunan qalibiyyətdən sonra “Gent”in sosial media səhifələrinə yenidən göz gəzdirib, fanatların yazdıqlarını incələdik.
Belçikalı futbolsevərlərin “Qarabağ”ın gücünü qabartması, təbii ki, xoş mənzərədir.
“Heynə (“Gent”in baş məşqçisi Heyn Vanhazebruk – H.) başa salın ki, doğma meydanda vurduğu hər qol ikiqat hesab olunmur. Səfərdə qol vurmaq lazım idi. Onlar istəyinə çatdı, bura gələndə 0:0 üçün oynayacaqlar”.
“Gent” bərbad və qorxaq oyun göstərdi. Rəqib keçilməz deyil. Geridönüş edib növbəti mərhələyə adlamaq lazımdır”.
“Eybi yox. Növbəti cümə axşamı doğma auditoriyanın qarşısında möhtəşəm futbol sərgiləyib qalib gəlmək və mərhələni adlamaq gərəkir”.
“Birinci yarı heç, fasilədən sonra bir dəfə də olsun real qol imkanı yaxalaya bilmədiz. Gentdə bu cür oynamaq faciə olar”.
“Şəxsən maraqlı oyun izlədim. Etiraf edək, rəqib güclüdür”.
“1:0-a üzülmək yox, sevinmək lazımdır. Fərq daha böyük ola bilərdi”.
“Feysbuk qəhrəmanları” yenə ağlına gələni yazır. Azərbaycana səfər edən Belçika komandaları nə vaxt qələbə qazanıb ki?”
“Yaxşı ki, Davi penaltini qaytardı, yoxsa hesab arasındakı fərq böyük ola bilərdi. Rəqib güclü idi və haqq etdiyi qələbəni qazandı. Bu cür oyundan sonra 0:1-ə görə sevinib, cavab görüşündən uğur gözləməliyik”.
“Cavab oyunu bundan da çətin olacaq. Rəqib maraqlı futbol oynayır və durmadan hücum edir. Ümid edirəm, amma mərhələni adlayacağımıza inanmıram, açığı”.
“Bakıda təcrübəli və sürətli “Qarabağ”a qarşı oynamaq çətindir. Statistikaya baxın, görün, öz meydanında hansı komandaları udublar”.
“Statistikaya və tablodakı hesaba baxın. “Gent”in işi çətin olacaq”.
Komandalar arasındakı cavab görüşü fevralın 23-də Gentdə keçiriləcək. Matç Bakı vaxtı ilə gecə saat 12-də başlayacaq. (Sportinfo)