AUT.AZ

Gəncədən futbolu rədd edin!  

Vallah abır-həyamız yoxdur. Gəncədə futbol olmayanda dilimiz yağır olmuşdu AFFA-nı söyməkdən. Tələb edirdik ki, ölkənin ən böyük ikinci şəhəri elitada təmsil olunmalıdır.

Olundu! Nə baş verdi? Gəncə futbolunda 90-cı illərdən kök salmış bir dəstə alverçi yenə peyda oldu. Başladılar ara qarışdırmağa, “torba” tikməyə. Məqsədləri nə idi? Nə olacaqdı ki, dövlətin verdiyi pula tamah salıblar. Deyirlər ki, verin, biz daş salaq başına.

AFFA rəhbərliyi bizdən daha yaxşı tanıyırmış Gəncə  futbolundakı alverçiləri. Bilirmişlər ki, belə olacaq. Bilirmişlər ki, onlar düzələn deyillər. Bilirmişlər ki, bu adamları Gəncədə futbol yox, pul maraqlandırır.

Təzyiqə dözmədilər, “Kəpəz”i elitaya qaytardılar. Kaş qaytarmayaydılar. Qayıtdığı gündən bəri iyrənc intriqa baş  alıb gedir. Adamın ürəyi bulanır, iyrənir belə durumdan. Bu, ona “torba” tikir, o, buna “torba” tikir Gəncə futbolunda.

AFFA, sən haqlı olubsan bu məsələdə. Üzr istəyirik və indi tələb edirik: Rədd edin Gəncədən futbolu. Onların Mehman Allahverdiyevi var, bəsləridir. 90-cı illərin məşhur oyun alverçisi. Qoy onun nağıllarını dinləyib, Gəncə futbolunun “möhtəşəm” keçmişi ilə qürur duysunlar.

Nağıllara inanmayacaqları gün gələcək. Onda Gəncəyə futbol da gələr. İndi isə bu şəhərdə buna ehtiyac yoxdur. Gəncəni də gözdən salırlar, futbolu da.

Aut.az

 

Exit mobile version