AUT.AZ

Oynamadan milyonları necə qazanır?

Ötən ilin yayında transfer baxımından maraqla izlənilən geridönüşlərdən biri Pol Poqbaya məxsus idi. Fransalı futbolçu azad agent kimi “Yuventus”a qayıtmışdı. Yarımmüdafiəçi, hətta Turin klubuna jest də etmişdi. “Mançester Yunayted” də həftədə 330 min avro maaş alan Pol “ağ-qaralar”ın 197 min avroluq təklifini müsbət dəyərləndirmişdi.

“Yuventus” Poqbanı 11 iyul 2022-ci ildə təqdim etdi. İki həftə sonra o, “Çivas”la yoldaşlıq oyununda 45 dəqiqə oynadı. Bir neçə gün sonra Poqba hər kəsi şoka saldı. Buna səbəb məşqdə sağ dizindən aldığı zədə idi. Öncə durumunun yaxşı olduğu bidirilsə də, sonradan vəziyyətin fərqli olduğu üzə çıxdı. Təsəvvür edin ki, Pol həmin vaxtdan bəri müalicə alır. O, yalnız bu ilin yanvarından məşqlərə başladı.

Poqbanın adı yalnız bir dəfə – 29 yanvar tarixində A Seriyası çərçivəsində keçirilən “Montsa” ilə matçın iştirak ərizəsinə daxil edilib. O, həmin oyunda meydanın kənarında isinmə hərəkətləri ilə kifayətlənib. Həmin qarşılaşmadan sonra yenə yoxa çıxıb. Bu dəfə də məlum oldu ki, uzun fasilədən sonra məşq yüklərinə tab gətirə bilməyib. Ona görə də bərpa prosesinə yenidən başlanılıb.

Azarkeşləri hiddətləndirən məqam Poqbanın oynamadan böyük pullar qazanmasıdır. Ən dəhşətlisi odur ki, o, payı olmadığı qələbələrə görə belə bonuslar alır. Fanatların etirazından sonra klub bu maddəni yenidən nəzərdən keçirmək istəyir. Bunun üçün isə müqaviləyə dəyişiklik edilməlidir. “Yuventus”la sözləşmədə fransalının az qala hər kiçik “uğur”una – meydana daxil olmasına və qol vurmasına görə 2,6 milyon bonus da nəzərdə tutulub.

Poqbanın müqaviləsi 2026-cı ilin yayına qədərdir. “Qoca sinyora”nın yeni rəhbərliyi artıq onunla yolları ayırmağı düşünür. Bu həftə sonu “Yuve”nin baş məşqçisi Massimiliano Alleqri Fransa millisinin üzvü barədə açıqlama verib. O bildirib ki, 29 yaşlı yarımmüdafiəçi 20 günə hazır ola bilər. Mütəxəssis əlavə edib ki, Polun tam qayıtmasına və əvvəlki formasını bərpa etməsinə 2-3 ay vaxt lazım olacaq. Bu isə mövsümün başa çatması deməkdir. Belə olan halda bir sual yaranır: “Yuventus”a Poqba lazım idi?

Aut.az

Exit mobile version