AUT.AZ

“Qalatasaray”a keçən Zaniolonun  anası elə sözlər dedi ki…  

Nikolo Zaniolonun anası Françesko Kosta yarımmüdafiəçinin “Roma”dan ayrılaraq “Qalatasaray”a keçməsinin səbəblərini açıqlayıb.

Aut.az xəbər verir ki, Kosta “Corriere dello Sport”a müsahibəsində  “Roma”da oğluna dəyər verilmədiyini bildirib. O, ayrılığın detallarını izah edib:

“Oğlum axmaq və satqın deyil, haqq etmədiyi haqsızlığa məruz qaldı.  O, gənc oğlandır, hamı kimi səhv edəcək. Amma “Roma”da olanlar bu kateqoriyaya daxil deyil.

Evi boşaldırıq, köçməyi təşkil edirik – asan deyil. Amma ev Nikoloya məxsusdur, onu satmayacağıq. Bəlkə də icarəyə verərik. Heyvanlar məsələsini də həll etməliyik.

Son bir ayda anladıq ki, “Roma”da hər şey bitib və qalmaq mümkün olmayacaq. Düzdür, burada uzun müddət qalacağımızı düşünürdüm”.

Qadının sözlərinə görə, Zaniolonu satmaq qərarı hələ Tiranada keçirilən Konfrans Liqasının finalından (1:0) sonra olub. Həmin qarşılaşmada “Roma” onun qolu sayəsində “Feyenoord”u məğlub edib:

 “Bu, sonsuz  bir sevinc idi. Bu barədə danışarkən göz yaşlarımı saxlaya bilmirəm. Sevinirdik ki, bütün acılara və məyusluqlara görə mükafatlandırıldıq. Ancaq sonra hər şey dəyişdi.

Bu barədə rəhbərliklə danışdıq və bizə dedilər ki, Nikolonu 50-60 milyon avro qiymətləndirirlər. Amma belə təkliflər olmadı və  qaldı, hətta bundan razı idi.  O, müqavilənin uzadılmasını gözləyirdi, ancaq təklif almadı.

Onun yoldaşları müqavilələri uzatdılar. Amma söhbət təkcə puldan getmir. Bir neçə həftədən sonra Nikolo artıq layihənin bir hissəsi olmadığını başa düşdü. “Roma” iyun ayında onu satmaq istədiklərini dedi və bundan sonra özünü arzuolunmaz hiss etdiyini söylədi.

Onun haqqında yalan danışıblar ki, guya “Roma”da oynamaqdan imtina edir, satqındır. Amma o, çiyin zədəsi ilə oynayanda onu dəli hesab edirdilər. Heç bu haqda danışmadılar.  Rəhbərlik ona qarşı haqsızlıq etdi”.

Kosta azarkeşlər haqda da danışıb: “Nə mənim, nə də oğlumun azarkeşlərdən şikayəti yoxdur. Biz onlara həmişə minnətdar olacağıq və hörmətlə yanaşacağıq, bunu hamının bilməsini istəyirəm. Tənqid var, amma bu, onların günahı deyil. Onlar,  deyilənlərə inandılar. Təhdidlərlə bağlı şikayət etmişik, görək bundan sonra nə olacaq”.

O, “Qalatasaray”a keçidin necə alındığını da açıqlayıb:

“Nikolonun agenti “Bornmut” rəhbərliyi ilə görüşdü, lakin onlar heç vaxt 5 milyon təklif etmədilər. Əvvəlcə onlara “yox” dedi, sonra razılaşdı, amma artıq ingilislər başqa oyunçu almışdılar. “Qalatasaray dərhal Nikolonun nə istədiyini anladı, bundan sonra müqaviləni bağlamaq çox asan oldu”.

Aut.az

 

 

Exit mobile version