AUT.AZ

Gəncə futbolunda xaos yaradan dələduzlar kimlərdir? – Açıqlasam….

“Kəpəz” Azərbaycan Premyer Liqasının 22-ci turunda səfərdə “Turan Tovuz”a 0:2 hesabı ilə məğlub olub.

Aut.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Gəncə təmsilçisinin baş məşqçisi Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırıb:

– Məğlubiyyət xoş deyil. “Qarabağ”la matçdan sonra komandada eyforiya var idi. Birinci hissənin sonlarında buraxılan qol pis təsir etdi. Bu gün rəqib bizdən daha istəkli idi. Düşdüyümüz vəziyyətdən üzüağ çıxmağa çalışacağıq.

– Azarkeşlər “istefa” şüarları səsləndirirdilər. Buna münasibətiniz necədir?

– 6 aydır buradayam. Klubun rəhbərliyi var. Fanatları hər zaman başa düşmək olar. Bura gələndə məni hansı təzyiqlərin gözlədiyini bilirdim. Əgər rəhbərlik istefaya göndərsə, qorxacağım bir şey yoxdur. Bir az səbrli olmaq lazımdır. Əgər istəmirlərsə, mənim üçün problem yoxdur. İki il işsiz qaldım, evdə oturdum. Mən bir günlə, bir oyunla yaşamıram. Sabah rəhbərliklə görüşümüz olacaq.

– Son oyunlarda Nicat Süleymanov ehtiyatda qalır. Onun əvəzinə Mate Kvirkiyanı oynadırsınız. Bunun səbəbi nədir?

– Mate təlim-məşq toplanışəında özünü yaxşı tərəfdən göstərib. “Səbail”lə, “Qarabağ”la matçlarda yaxşı formada idi. Onun sürətli keçidlərindən istifadə edirik. Bu, Nicatda yoxdur.

– Meydandan kənar gedən oyunlara görə yorulmamısınız?

– Kaş ki, bu dünya düz olardı. O zaman facilələr də olmazdı. Türkiyədə, Suriyada baş verən faciəyə görə hələ də özümə gələ bilmirəm. Evdə körpə balalarım var. Duyğulanıram. Bəşər övladı heç vaxt düzəlmir. Bilirəm, Tərlanı istəməyənlər çoxdur. Bu gün Gəncə futbolunda nələrin baş verdiyini açıqlasam, ayıb olar. Bu sirləri özümlə qəbrə aparacağam. Harada oturduqlarını, nə danışdıqlarını bilirəm. Yaşar Vahabzadə getdi, Tərlan Əhmədov da gedəcək. Necə olacaq, Gəncə futbolu? Komandanı heç nəyi olmadığı bir vaxtda dirçəltməyə çalışırıq. İki gün əvvəl rəhbərliklə görüşmüşəm. Sabah yenə İlqar Nadiri ilə görüşəcəyəm. Bu gün ümumiyyətlə, istefa haqda düşünmürəm, amma komandanı Premyer Liqada saxlayandan sonra buradan getmək barədə düşünürəm.

– “Kəpəz”ə gələrklən hər kəs tərəfindən yaxşı qarşılandınız, amma sonradan narazılıqlar başladı. Bu, nə ilə bağlıdır?

– Mənim özüm üçün də qaranlıq qalan məqam budur. Komanda yaxşı oynadı. 1-2 oyunda qələbə qazandıq. Düşünürlər ki, bütün matçlarda qələbə qazanmalıyıq. Burada yerlipərəstlik söhbəti gedir. Deyirlər ki, “Kəpəz”də gəncləli məşqçi işləməldir. Komandaya dəstək olan, ürək-dirək verən yoxdur. Hər şeyi özümüz edirik.

– Gəncə futbolunda baş verənləri kim açıqlayacaq?

– Hər şey bəllidir. Bunu açılamağa ehtiyac yoxdur. Mətbuata da sızdırırlar. Bizim açıqlamağımız düzgün deyil. Mətbuata xəbərləri kimlərin sızdırdığını da bilirik. Hər matçdan iki gün əvvəl komanda haqda yalan xəbərlər yayırlar. 44 günlük müharibədə xalq olaraq birliyimizi göstərdik. Təəssüf ki, bu gün futbolda birlik göstərə bilmirik.

– Neçə faiz sizin tərəfinizdədir?

– Bilmirəm. Bəlkə də sıfır faiz.

– Həmin insanlara gücünüz çatmır?

– Yox. O adamlara gücüm çatmır.

– “Neftçi”də də, “Keşlə”də də soyuq münasibətlə üzləşmişdiniz. Tərlan Əhmədovun xarakterində hansı nöqsan var ki, belə münasibətlə üzləşir?

– Xarakterimdə heç bir yanlış görmürəm. İşimi tələb edirəm. Məşqdə 30 futbolçu olur. Hamısı ilə normal münasibətim var, amma işin iş qaydaları var. Futbol kollektiv oyundur. İşimdə tələbkaram. Futbolçunu xəstəxanaya müayinəyə göndərmişəm, gedib orada arxamca danışır. Belə halları niyə bağışlamalıyam? “Keşlə”də, “Neftçi”də bağışladım, axırda özüm işsiz qaldım. Mən önəmli insanam, şəxsiyyət kimi özümü formalaşdırmışam. Öndə getdiyim üçün arxadan zərbələr vururlar. “Kəpəz” Premyer Liqada qalacaq, amma ondan sonra mən burada qalmayacağam.

Exit mobile version