AUT.AZ

Zəlzələnin Türkiyə futboluna vurduğu zədə necə bərpa ediləcək?

Türkiyədə baş verən zəlzələnin futbola təsiri və və nəticələri barədə məlumat vermişdik. Təbii fəlakətin üstündən sayılı günlər keçməsinə rəğmən, qardaş ölkənin futbolunda vəziyyət daha da ağırlaşıb.

2 gün öncə Türkiyə Futbol Federasiyası (TFF) futbol matçlarının fevralın 17-dən başlamasına qərar versə də, komandaların və futbolçuların böyük hissəsi bunu etirazla qarşılayıb. “Ölkənin belə vəziyyətində oynamaq” istəmirik deyən futbol ictimaiyyətinin narazılığna federasiyanın cavabı gecikməyib. Ötən gün TFF-nin idarə heyəti və klublar arasında toplantı keçirildi və oyunların martın 3-dən başlmasına qərar verilib.

Ancaq elə həmin iclasda başqa bir məsələ də müzakirəyə çıxarılıb. Toplantı zamanı zəlzələdən əziyyət çəkən “Hatayspor”un quruma məktub ünvanlayaraq Super liqadan bu mövsümlük çəkilmək istədiyi məlum olub. Təbii fəlakət nəticəsində zərər görən “Qaziantep”in də eyni fikirdə olduğu müəyyənləşib. Müzakirələrdən sonra qərara alınıb ki, bu iki klubun istəyi yeni mövsümdən elitada oynamaq şərtiylə reallaşdırıla bilər.

Toplantı zamanı Klublar Birliyinin sədri Ali Koç çıxış edərək dəstək məqsədiylə sözügedən klubların maliyyə xərclərini üzərlərinə götürməyə hazır olduqlarını bildirib.

“Hatayspor”la “Qaziantep” müraicətlərini təsdiqlələsələr, ölkə çempionatının qalan hissəsində 17 komanda mübarizə aparacaq. Belə olan halda mövsümün sonunda elitanı sadəcə son 2 yerin sahibi tərk edəcək. Əvəzində isə aşağı liqadan 3 klub əsas çempionata yüksələcək. Bu o deməkdir ki, yeni mövsümdə Super liqa 20 klubun iştirakı ilə keçiriləcək.

Hazırkı mövsümün reqlamenti və təqvimi isə yaxın günlərdə açıqlanacaq. Məlum olan odur ki, çempionatlar iyunun 10-a qədər bitməlidir. Buna səbəb həmin tarixdə İstanbulda UEFA Çempionlar Liqasının final matçının keçirilməsidir. Məsələ burasındadır ki, TFF təkcə Super liqa deyil, aşağı dəstlər barədə də qərarlar verməlidir. Bunun üçün isə vaxt, demək olar ki, yoxdur.

Göründüyü kimi, Türkiyə futbolunu çətin günlər gözləyir. Ən böyük yük isə qardaş ölkəni avrokuboklarda təmsil edən komandaların – “Trabzonspor”, “Fənərbağça”, “Başakşəhər” və “Sivasspor”un üzərinə düşəcək. Onlar əvvəlcə çempionat bərpa olunana qədər oyunsuz qalacaqlar, daha sonra isə sıx təqvim altında mübarizə aparacaqlar.

Exit mobile version