AUT.AZ

AFFA-da oturanlar balalarımızı bədbəxt edirlər – Bilirsiniz niyə?

Azərbaycan futbolunun ən böyük və ciddi problemi bünövrənin olmaması, uşaq futbolunun bərbad durumudu. O qədər problemlər var ki, yazılmaqla, deyilməklə, bitəsi deyil… Məsələn, 13-14 yaşlardan ibarət komandaların çempionatı sentyabr-oktyabrda başlayır, yanvarda ilk dövrə bitir və ilk 8-liyə düşməyən kollektivlərdə çıxış edən uşaqlar məcburdular bir də, sentyabrı – yeni çempionatın başlamasını gözləsinlər. Çünki, AFFA-nın başbilənləri bu cür reqlament fikirləşib… İldə 2-3 ay futbol oynamaqla, keyfiyyətsiz sintetik, rezin meydanlarda məşq etməklə, adını yaza bilməyən, “daydaylı” məşqçilərlə bu ölkənin uşaq futbolu hara gedir?

Böhrandan necə çıxmaq olar?

Aut.az xəbər verir ki, Sports.az övladları futbolla məşğul olan və ya uşaq futbolunda da çalışan bir neçə idman jurnalistinin fikirlərini öyrənib.

Həmkarlarımız aşağıdakı suallara cavab veriblər:

1. Uşaq futbolunun əsas problemləri hansılardı? 

2. Günahkar kimdir? AFFA, AGİN, yoxsa Təhsil Nazirliyi? 

3. Sentyabrın sonu başlayıb, yanvarda bitən çempionatda çıxış edən və bundan sonra ikinci dövrəyə yüksəlməyən komandalarda olan uşaqlar ildə 2-3 ay oyun keçirməklə futbolçu ola bilərlərmi? 

4. Azərbaycanda təbii örtükdə məşq edən uşaq komandaları varmı, varsa, hansılardı? 

5. Çıxış yolunu nədə görürsünüz? 

Araz Əhmədov (Sportfm.az saytının və “Fənər Bakı” akademiyasının rəhbəri): 

1. Azərbaycanda uşaq futbolunun problemlərini saymaqla bitirmək olmaz. Sintetik meydançalar, məşqçilər… Bəziləri elə bilir ki, beş-on uşağı başına toplayıb qarşılarına top atmaqla işləri bitib. Təbii ki, belə olmamalıdı. Ölkədə xeyli sayda kiçik futbol akademiyaları var, AFFA onlara heç bir dəstək vermir. Qətiyyən, yaxına belə gəlmir. Şəxsən mən 2012-ci ildən fəaliyyət göstərən “Fənər Bakı” uşaq-futbol akamediyasına rəhbərlik edirəm, iki yaş qrupunda komandalarımız uzun illərdi Respublika çempionatlarında mübarizə aparır, gümüş medalları qazanmışıq, federasiya on il ərzində bir dəfə bizə 10 top verib. O da mənim bir il federasiyaya ayaq döyməyimdən sonra… Halbuki, arxada qalan illərdə Premyer Liqa klublarının komandalarına 12, digərlərinə 11, milli komandaya 2, futzal millimizə 2, elit-məşqlərə 6 uşaq vermişik. Təsəvvür edirsiz? Çıxıb meydanda yüz minlər xərcləyən “Neftçi”, “Qarabağ”, Sabah”la başabaş mübarizə aparırıq.

AFFA beynəlxalq qurumların həyata keçirdiyi uşaq-futbol layihələrini çar-çur edir. Hardasa uşaqlara top paylamaqla futbol inkişaf etməz. Belə klublara dəstək vermək lazımdı. Digər tərəfdən uşaq-futbol komandaları beynəlxalq turnirlərə gedə bilmir. Pulu olan 2-3 klub gedir, qalanları isə heç yana çıxmır. Bəyəm ölkə futbolu 2-3 klubdan ibarətdi? Bu sahədə bir sistem qurulmalıdı. İşləmirlər, yola verirlər. Guya yarış-respublika çempionatı keçirirlər. Bir gəlib baxasız. 10-11 yaşında uşaqları “sürgün” ediblər Hövsana. Sintetik meydança, düz-əməlli soyunub-geyinmə otaqları yox, top yox, hakim yox. Belə ölkə çempionatı olar, belə münasibət olar? Danışılacaq çox şey var…

2. Bu işə mütləq İdman Nazirliyi müdaxilə etməlidi, elə Təhsil Nazirliyi də. Əgər bu istiqamətdə inkişaf istəyiriksə, bu qurumların müdaxiləsi mütləqdi. Əks təqdirdə, yaxın illərdə futbolumuzdan heç nə gözləməyin.

3. Komandalar var ki, il ərzində 30 rəsmi oyun belə keçirmir. Bu, biabırçılıqdı. Avropada bir uşaq komandası mövsümboyu 100-120 oyun keçirir, bizdə isə… Reqlament dəyişməli, oyun sayı artırılmalı, kütləvilik olmalıdı.

4. Bu gün ölkədə uşaqların məşq etməsi üçün ot örtüklü bir normal stadion belə yoxdur. BOK-un ətrafındakı meydançalarda bir-iki klub məşq edir. Bu isə ölkə futbolunun heç 0.5 faizi demək deyil. Təbii ki, həmin stadionlarda digər klublar da məşq etmək istəyər, ancaq elə fantastik qiymət deyirlər ki, heç kim yaxın düşə bilmir. Mən otdan danışıram, inanın məşq etmək üçün normal ölçüdə sintetik örtüklü meydança tapmaq da müşkül məsələdi. Bakıda mini-futbol stadionlarının hesabına bunu az-çox ört-basdır etmək olur, bölgələrdə isə faciəvi durumdu. Çayırın üstündə məşq edirlər.
Bu haqda çox danışmaq olar. Sintetika azyaşlı futbolçuların hamısının dizlərini məhv edib. Uşaqlıqdan şikəst edirik onları. Nə isə…

5. Çıxış yolu düzgün çalışan, futbola candan yanan, ürəyi futbolla döyünən insanları bir araya toplayıb yeni sistem formalaşdırmaqdı. Uşaqlar üçün təbii, ancaq təbii örtüklü meydançalar, bütün komandalara, akademiyalara formalar, toplar, inventar paylanmalıdı. Aşağı yaş qrupları üzrə ölkə çempionatları yenidən təşkil olunmalıdı. Keçirilmə xatirinə yox, inkişaf naminə…

Heydər Əliyev (Uşaq çempionatlarını işıqlandıran “QOOL TV”nin qurucusu): 

1. Bu mövzu haqqında çox danışmaq olar. Problemdən söhbət açılırsa, ilk növbədə uşaqlar üçün şərait yaradılmalıdır. Bu gün biz meydança yoxluğu yaşayırıq. Keçmiş “Şəfa” stadionunun 4-cü meydançasında 10-dan artıq komanda məşq edir. Bəzi özəl komandalar AZFAR meydanlarında 1 saatla kifayətlənirlər. Bilirsiz ki, meydançaların qiyməti 80-100 AZN arası dəyişir. 1 saat məşq etməklə nəyəsə nail olmaq çətin məsələdir. Oyun zamanı bəzi uşaqların fikirləri valideynində qalır. Bəzi valideynlər oyuna müdaxilə edir. Bu kimi hallarla da rastlaşmışam. Məşqçi izah etməlidir ki, oyun və məşq zamanı yalnız mənim tapşırıqlarımi icra etməlisiz. Əlbəttə, valideynləri də başa düşürəm. Hamı üçün öz övladı əzizdir. Həmişə oğlunun yaxşı yerdə olmağını istəyir. Amma bu, bəzən effektiv alınmır. Qeyd etdiyim məsələyə görə.

2. Uşaq futboluna diqqəti artırmaq lazımdır. Mən 4 ildən artıqdır ki, uşaq futbolunu işıqlandırıram. Sağ olsun AFFA-nın baş katibi hörmətli Sərxan Hacıyev. Gördüyüm işləri dəstəkləyərək məni AFFA-nın əməkdaşına çevirdi. Gənclər və İdman Nazirliyi Bakı kənd və qəsəbələrini əhatə edən komandalar arasında turnir təşkil etdi. Bu da uşaq futboluna diqqətdən irəli gəlir. İdman nazirimiz cənab Fərid Qayıbov müsahibəsində “Ölkə başçısı cənab İlham Əliyev ölkədə idmanın kütləviliyinin artırılması ilə bağlı tapşırıq verib” deyib. Düşünürəm ki, bundan sonra uşaq futboluna diqqət daha da artacaq.

3. Çox gözəl mövzuya toxunduz. Ötən mövsüm bütün yaş qrupları olimpiya sistemində mübarizə aparırdı. Belə olan halda bəzi məşqçilərin ilk 7-liyi və ya 9-luğu olurdu. Bir az zəif uşaqlar yarışdan kənarda qalırdı. Bu mövsümdən etibarən U-13 liqasına qədər xallar silindi ki, bütün uşaqlar mövsüm bitənə kimi yarışlarda iştirak etsinlər. Bu qərar isə bir çox məşqçilər, uşaqlar və valideynlər tərəfindən xoş qarşılanmayıb. Özümdə hiss edirəm ki, uşaqlarda ötənilki həvəs yoxdur. Adi oyuna çıxırlarmış kimi oynayırlar. Bu mövsüm U-13 və U-14 liqası siz dediyiniz kimi olacaq. Onlar üçün yarış həyacanı yanvarda bitəcək. Pley-offda oynayanların baş məşqçiləri yarışı erkən bitirən bəzi komandaların üzvlərini heyətinə qatacaq. Bilirsiz ki, məşqə çıxmaq ilə yarışa çıxmaq arasında dağlar qədər fərq var. Yarış üzü görməyən uşaq əksər hallarda geridə olur. İldə 2-3 ay oyun oynamaqla futbolçu olmaq olmaz.
AFFA pley-offa vəsiqə qazanmayan komandalar arasında oyunlar təşkil edir. Amma təəssüf ki, özəl komandalar var ki, onlara yarışlara gəlib getmək (yol xərci, yemək və s.) vəsait lazımdır. Hər klub da bunu edə bilmir.

4. O haqda ətraflı məlumata sahib olmasam da, bildiyimi sizinlə bölüşüm. Bölgələrdə bəzi komandalar var ki, təbii meydanda məşq edirlər, amma meydan ürəkaçan vəziyyətdə deyil.

5. Böyük meydançaların sayı artırılmalı, klublara ən azı ayda 1 dəfə psixoloji dərslər keçirilməlidir. Ölkəmizdə istedadlı uşaqlar çoxdur. Sadəcə, onlara diqqət lazımdır.

Kənan Həsənov (“Futbol+” qəzetinin redaktoru) 

1. Öncə ədalət naminə qeyd edim ki, 10-15 il əvvəllə müqayisədə bu sahədə müəyyən irəliləyişlər var. Birincisi, məşq etmək üçün normal meydançaların sayı artıb. İkincisi, forma və digər lazımlı vasitələrlə bağlı problem aradan qaldırılıb. Üçüncüsü, klublar uşaqlara hazırlıq keçən məşqçilərin savadına artıq ciddi diqqət ayırır. Onların məşqçilik kurslarına qatılaraq kateqoriya alması təmin olunur. Problemlərə gəlincə, təəssüf ki, hələ də həllini tapmayan detallar çoxdu. Bunlardan ən öndə gələni nəzarətsizlikdi. Daha doğrusu, bunun lazımi səviyyədə olmamasıdı. Məşq prosesindəki ciddi boşluqlar hələ də qalır. Təəssüf ki, vəzifəsi uşağa futbolun sirlərini öyrətmək olsa da, bunun əvəzində günü yola verən məşqçilər də var. Bu da birbaşa nəzarətsizliyin nəticəsidi. Ən aşağı yaş qruplarında 20-25 uşağa 1-2 məşqçinin təhkim edilməsi də ciddi qüsur kimi diqqət çəkir. Çünki belədə heç bir effektli fəaliyyətdən söhbət gedə bilməz. Uşaqların daha çox süni qazonda hazırlıq keçməsi də nöqsandı. Çünki bu ciddi zədələrə, futboldan erkən uzaqlaşmağa səbəb olur. Valideynlərlə münasibətlər də ürəkaçan deyil. Əlbəttə, bu məsələdə yalnız bir tərəfi günahlandırmağın tərəfdarı deyiləm. Təbii ki, hər bir valideyn övladının oynamasında, irəli getməsində maraqlıdı və bunu görməyəndə məşqçilərlə arada söz-söhbət, münaqişə yaşanır. Hətta buna görə övladını futboldan uzaqlaşdıran valideynlərə də rast gəlmişəm. Nə qədər üzücü olsa da, bizdə uşaq məşqçilərinin çoxu əsas vəzifəsini, yəni futbolçu yetişdirməyi unuduraq nəticəni fikirləşir. Halbuki sərəncamında olanların hamısına şans vermək birbaşa borcudu. Çünki uşaqdan-uşağa fərq var. Bu gün istedadı ilə seçilən sabah geriləyə bilər və ya əksinə. Bu, həqiqətən də çox ciddi problemdi və həllinə ehtiyac var. Klubların diqqət ayıracağı əsas problemlərdən biridi. Təəssüf ki, nəticə verməyən məşqçilərin buna görə işini itirməsi halları da var. Bu da klubların üzərinə düşən məsuliyyətdi. Buna qətiyyən yol vermək olmaz. Tələb nəticə qazanmaq yox, birmənalı şəkildə uşaq yetişdirmək olmalıdı!

2. Bu məsələdə konkret günahkar axtarmağın tərəfdarı deyiləm. Çünki zəncirvari işdi. Hər qurumun məsuliyyət payı var. Amma siyahınız tam deyil. Daha doğrusu, əsas hədəf, yəni klublar qeyd olunmayıb. Futbolçu AFFA-da, AGİN-də və Təhsil Nazirliyində yox, məhz klublarda yetişir. Yəni bu, birbaşa onların vəzifə borcudu. Yox, konkret günahkar axtarırsızsa, onda məsuliyyət payını belə bölərdim: klublar 50 faiz, AFFA 30 faiz, AGİN və Təhsil Nazirliyi hərəyə 10 faiz.

3. Bu da cox ciddi problemdi və həllinə ehtiyac var. Konkret desəm, birbaşa AFFA-dan asılı olan məsələdi. Assosiasiya mütləq çıxış yolu tapmalıdı. Klublarla məsləhətləşib məqbul varinata keçməlidilər. Dairəvi sistem ən gözəl həll yolu olardı. Oyun praktikası nə qədər çox olsa, bir o qədər yaxşıdı.

4. Təbii ki, var. Amma çox azdı. “Qəbələ”, “Neftçi” və qismən də “Sabah”ın aşağı yaş qrupları təbii örtükdə hazırlıq keçir. Bildiyim qədər qalan elita təmsilçilərinin belə imkanı yoxdu. Bu isə, yuxarıda qeyd etdiyim kimi, çox ciddi problemdi. Əsasən də uşaqların sağlamlığı baxımından.

5. Bu haqda çox danışılıb və yazılıb. Yenidən detallara girib, təkrarçılığa yol vermək istəmirəm. Həmişə dediyim bir fikrin üstündə dururam. Azərbaycanda uşaq futbolunun inkişafını, heç olmasa, orta Avropa səviyyəli futbolçuların yetişdirilməsini istəyiriksə, hər klubun akademyasının olması şərtdi. Niyə? Az öncə toxunduğum nəzarətsizlik məsələsinə qayıdıram. Hər bir uşaq 1, maksimum 1,5 saat məşq prosesində iştirak edir. Sonra isə onun hara getdiyini, nə yediyini, nə vaxt yatdığını heç kim bilmir. Bunlar bəlkə də kiməsə kiçik və önəmsiz detal kimi görünə bilər. Əslində isə çox ciddi problemdi. Hər bir klubun akademiyası olarsa, uşqalar tam nəzarətdə olacaq, rejimə əməl edəcək. Düzdü, klublarımızın hamısı akademiyalarının olduğunu deyirlər. Əslində isə çoxunda bu formal xarakter daşıyır. Bir qədər yaxın tarixə boylanaq. Vaxtilə “Bakı”nın akademiyası fəaliyyət göstərirdi və ordan hansı futbolçuların çıxdığını hamımız gözəl bilirik. Və ya götürək “Qəbələ”ni. Təəssüf ki, son illərdə maliyyə problemi üzündən orda da işlər axsayır. Tovuzda akademiya fəaliyyətə başlayıb, Gəncədə tikilir, “Neftçi” də işləri tamamlamaq üzrədi. Yəni bu prosesə, gec də olsa, start verilib. Bir sözlə, Azərbaycanda uşaq futbolunun, ümumilikdə futbolumuzun inkişafı həm də bundan asılıdı. Bu proses xüsusilə bölgələrə yayılmalıdı. Ölkədə futbolun inkişafına cavabdeh qurum kimi AFFA əsas diqqəti məhz bu məsələyə yönəltməlidi. Onsuz da çox gecikmişik və indi də boşa verilən illərin əziyyətini çəkirik. Heç olmasa, bundan sonra ciddi addımlar atılsın, layihələr həyata keçirilsin. Futbolumuzu, onun gələcəyini xilas etmək istəyiriksə, akedimayalaşdırma prosesi ayaq açmalıdı. Boş-boş, mənasız layihələrə xərcələnən, daha doğrusu, havaya sovrulan milyonlar bu sahəyə yatırılmalıdı. Xaricdən savadlı koordinatorları, mütəxəssisləri, uşaq futbolunun bilicilərini cəlb etmək lazımdı. Sistem tam oturandan sonra isə onların yanında “bişən” azərbaycanlı mütəxəssisləri irəli çəkmək olar.

Ceyhun Əzizli (Aut.az saytının təsisçisi): 

1. Peşəkar federasiya və peşəkar akademiyaların olmaması, məşq etməyə və oynamağa stadionların olmaması, müəllimlərin savadsızlığı.

2. AFFA və klublar. Azərbaycanda heç kimə futbolun inkişafı lazım deyil, indiki uşaq futbolunu (əgər buna futbol demək olarsa) məcburi saxlayırlar. Nə qədər ki, AFFA-nın bu rəhbərliyi var, uşaq futbolumuz bundan da pis durumda olacaq.

3. AFFA-ya Elxan Məmmədov rəhbərlik edəndən belədi, yəni oktyabr ayında başlayıb dekabrda bitib, heç kim deyə bilməz ki, ilk səkkizliyə düşən komandada uşaq inkişaf edəcək, ikinci səkkizliyə düşəndə yox, bu qərar mütləq dəyişməlidi. Yəni AFFA-da oturanlar bizim balalarımızı bədbəxt edirlər. Bilirsiz niyə? Futbolumuzu idarə edənlər bizdən deyil…

4. Azərbaycanda heç bir yaş qrupu təbii örtükdə məşq keçmir, çünki təbii örtüklü stadion yoxdu. Bakıda bütün yaş qrupları süni meydançalarda məşq edir və oynayır. AFFA U-10, U-11, U-12, U-13 çempionatlarını Hövsanda keçirir. Həmin stadionda oynamaq yox, yerimək belə cinayətdi.

5. Azərbaycan uşaq futbolunu və bununla ümumiyyətlə, futbolumuzu xilas etmək üçün AFFA-da olanlar tam heyətlə işdən qovulmalıdı.

Mərdan Həsənov (Newsport.az saytının rəhbəri): 

1. Çox böyük problemlər var və hamısı əsasdı… Medan amili… Uşaqlar bərbad şəraitdə məşq edir, oynayır, nəticədə dizlərində problemlər yaranır, gələcəkləri məhv olur. Cox ciddi mütəxəssis çatışmazlığı var. Söhbət yalnız məşqçilərdən getmir. Ümumiyyətlə, fizioterapevt, massajçı, həkim və s. və i. AFFA tərəfindən məcburi şərt kimi qoyulmasa, klublar uşaq komandalarını saxlamaz.
Valideynlər özləri də problem yaradır. Uşaq bilmir məşqçiyə qulaq assın, valideynə və ya qıraqdan müdaxilələr edən başqalarına.

2. Təhsil Nazirliyində günah görmürəm. Amma AFFA və klublar birbaşa və əsas günahkardı, həmçinin də Gənclər və İdman Nazirliyi.

3. AFFA-nım keçirdiyi çempionat futbolçu yetişdirmək üçün kifayət deyil. Uşaq gərək həm ölkədə, həm xaricdə başqa turnirlərdə oynasın.

4. Çox ciddi problemdi. Səhv etmirəmsə, paytaxtda yalnız “Neftçi”nin bəzi yaş qrupları Olimpiya Stadionunun ətrafındakı meydanlarda və bir də “Qəbələ” Akademiyası Qəbələdə təbii örtükdə məşq edə bilir. “Sabah”, “Qarabağ” kimi klubların akademiyalarının belə meydanları yoxdu, o cümlədən, Bakıdakı digər klubların. Belə vəziyyətdə sağlam futbolçu yetişdirmək qəliz məsələdi.

5. Azərbaycanda az da olsa, yaxşı mütəxəssislər var. Amma 500-600 manata işləyirlər. Belədə o necə uşağa diqqət ayırsın?! Dolanmaq üçün məcburdu ikinci iş tapsın. Halbuki, öz üzərində işləyən və ya işləmək istəyən gənc, perspektivli mütəxəssislərimiz var. Onlara və uşaqlara lazımi maddi-texniki baza yaradılmalıdı. AFFA deyir mənim işim milli komandalardı. Amma elə deyil. Orda uşaq futboluna cavabdeh adamlar var ki, qalstuk taxıb kabinetdə oturmalı deyil, hər gün uşaqlarla görüşməlidi, gəzib görməlidi ki, bu şəraitdə futbolçu yetişərmi?! Xaricdən də peşəkar kadrlar cəlb edilməlidi. Amma daha indikilər kimi gəlib balaca uşaqdan, məşqçilərindən oyunlarda nəticə tələb edən koordinatorlar yox, işi bilən, futbolumuza fayda verəcək potensialı olan əsl mütəxəssislər…

Exit mobile version