AUT.AZ

Qurban Qurbanov Murad Musayevi təslim edəcək?

 Azərbaycan Premyer Liqasında 22-ci tura fevralın 10-da start veriləcək. Turun oyunları 3 gün ərzində keçiriləcək.

İndi bu ümidi cücərdib…

İlk oyun günündə cəmisi bir qarşılaşma olacaq. “Qəbələ” öz meydanında “Neftçi”ni qəbul edəcək. Əyalət təmsilçisi qış fasiləsindən sonra qələbə üzünə həsrətdir. Amma ötən tur səfərdə “Zirə”dən alınan bir xal ümid verdi. İndi bu ümidi cücərdib 3 xal etmək olar. Rəqib “Neftçi”dir. Bəlli oyun sistemi olmayan komanda. Elmar Baxşıyev “Neftçi”nin “Allahatəvəkkül” oyun sisteminə qarşı düzgün taktika seçsə, “ağ-qaralar”a heç Allah da təvəkkül olmayacaq.

Aut.az-ın proqnozu: “Qəbələ”nin qələbəsi – 30%, heç-heçə – 40%, “Neftçi”nin qələbəsi – 30%.

Ondan sonra gəl gəncəli azarkeşləri…

İkinci oyun günündə də ilk qarşılaşma əyalətdə olacaq. Tovuzda qərb derbisi baş tutacaq. “Turan Tovuz” və “Kəpəz”in çempionatda heç bir iddiası olmasa da, bu qarşılaşma prinsipiallığı ilə seçiləcək. Futbolun çox sevildiyi Tovuz və Gəncədə “kim güclüdür” mübahisəsi əbədidir. “Turan Tovuz” bu qarşılaşmada qalib gəlsə, autsayderlər qrupundan kifayət qədər aralanacaq və “ortabab” statusuna yüksələcək. Ondan sonra gəl gəncəli azarkeşləri tovuzlu fanatların atmacasından  qurtar…

Aut.az-ın proqnozu: “Turan Tovuz”un qələbəsi – 40%, heç-heçə – 40%, “Kəpəz”in qələbəsi – 20%.

Sonradan bunun acısını elə çəkərlər ki…

Günün digər qarşılaşmasını, bəlkə də, “mövsümün oyunu” adlandırmaq olar. Çempionatın startından bəri “Sabah” “Qarabağ”ı təqibdən əl çəkmir. Ötən tur “köhlən atlar”ın Gəncədə xal itirməsi bu qarşılaşmanın əhəmiyyətini daha da artırıb. İndi “Qarabağ” dilemma qarşısındadır: bir tərəfdə nəfəsini hiss etdiyi “Sabah”, digər tərəfdə də “Gent”.

“Sabah”la oyunu qurban vermək olar? Çox təhlükəlidir. Sonradan bunun acısını elə çəkərlər ki… Bəlkə elə məsələni bu oyunda həll etmək lazımdır? “Sabah”a qalib gəlirsən, çempionluq yolunda önəmli addım atırsan və “Gent”lə oyuna yüksək əhvalda çıxırsan. Bir sözlə, “Qarabağ” “Sabah”a bu dəfə də qalib gəlsə, gərəkdir ki, Murad Musayev Qurban Qurbanovun qarşısında ağ bayraq qaldırsın.

Aut.az-ın proqnozu: “Qarabağ”ın qələbəsi – 40%, heç-heçə – 30%, “Sabah”ın qələbəsi – 30%.

Bu qarşılaşma haqda proqnoz verməsək…

Sonuncu oyun günündə ilk qarşılaşma Bayılda olacaq. “Səbail” “Zirə”ni qəbul edəcək. Belə məlum olur ki, qış fasiləsi bu komandaların heç birinin işinə yaramayıb. “Səbail” yenə də sonuncu pillədədir, “Zirə” də qeyri-sabit xətti tutub gedir. Ehtimal ki, elə mövsümün sonuna qədər də belə olacaq. Ona görə də, bu qarşılaşma haqda proqnoz verməsək, daha məqbul olar. Amma “lənət şeytana” deyib, ehtimalımızı bəyan edək.

Aut.az-ın proqnozu: “Səbail”in qələbəsi – 30%, heç-heçə – 40%, “Zirə”nin qələbəsi – 30%.

 Bəlkə “Sumqayıt”ın “partlayışı” elə bu oyunda…

Günün və turun son qarşılaşmasında “Sumqayıt” “Şamaxı”nı qəbul edəcək. Samir Abasovun komandası üçün əla fürsət: qalib gəl, rəqibini geridə qoy və rahat nəfəs al.

Amma nəzərə alaq ki, “Şamaxı” da az aşın duzu deyil. Ona görə də, bu komandaya qarşı tam qüvvə ilə mübarizə aparmaq vacibdir. Samir Abasov “yeni transferlərdən razıyam” demişdi. Bəlkə “Sumqayıt”ın “partlayışı” elə bu oyunda olacaq…

Aut.az-ın proqnozu: “Sumqayıt”ın qələbəsi – 50%, heç-heçə – 30%, “Şamaxı”nın qələbəsi – 20%.

Aut.az

 

 

 

 

Exit mobile version