AUT.AZ

Afrika ölkəsi ayağa qalxdı, sponsorluq müqaviləsi ləğv edildi

İngiltərənin “Tottenhem” klubu bu günlərdə Cənubi Afrika Respublikası (CAR) ilə sponsorluq müqaviləsi bağlayıb.

Aut.Az xəbər verir ki, bununla belə, 42,5 milyon funt-sterlinqlik anlaşma Afrika ölkəsində böyük səs-küyə səbəb olduğu üçün ləğv ediləcək.

Razılaşmaya görə, sponsorluq müqaviləsi növbəti mövsümdən (2023/24) başlayaraq üç illik nəzərdə tutulub. Müqavilədə ölkənin turizm sektorunu təbliğ edəcək komandanın qolunda, məşq dəstində və infrastruktur qurğularında müvafiq reklam lövhələri əksini tapmalıdır.

Cənubi Afrikanın “Daily Maverick” qəzetinin 900 milyon Afrika randı dəyərindəki sövdələşmə ilə bağlı əldə etdiyi sənədlər ictimaiyyətin qəzəbinə səbəb olub. Ölkədəki elektrik problemlərinin və su çatışmazlığının fonunda milyonlarla pulun xarici kluba sərf olunması etirazla qarşılanıb.

“Brand Africa”nın rəhbəri Thebe İkalafenq müqaviləni “vergidən məsuliyyətsiz istifadə” və “boş sərmayə” adlandırıb.

“Demokratik Alyans” partiyası isə belə açıqlama yayıb: “İnsanların əziyyətlə əldə edərək ödədiyi vergini sponsorluğa yönəltmək hər bir cənubi afrikalının üzünə vurulmuş bir sillədir. Bu, pandemiya zamanı və ondan sonra məhv edilmiş turizm-səyahət sektoru üçün təhqirdir”.

Belədə CAR parlamentinin turizm komitəsinin sədri Thandi Mahambehlala açıqlama verməli olub: “Bu müqavilə elə indi başa çatır. Bu anlaşma ümumiyyətlə səhvdir. Məsələ ilə bağlı dərhal araşdırma aparılmalıdır”.

Exit mobile version