AUT.AZ

67 yaşlı “Neftçi” azarkeşi Rövşən Nəcəfə səsləndi: Bunun sonu olacaqmı?

Bir neçə gün öncə saytımızda “Neftçi”də dəyişikliklərin baş verəcəyi barədə məlumat etmişdik. Bundan sonra “ağ-qaralar”ın sadiq azarkeşlərindən biri bizimlə əlaqə saxlayaraq fikirlərini bölüşmək istədi. Biz də dəyərli fanatın fikirlərinə yer ayırmaq   qərarına gəldik:

“Aut.az saytında Rövşən Nəcəfin Qruban Qurbanovu” Neftçi”yə gətirmək istədiyi ilə bağlı yazını oxudum. Mənim fikrim belədir:

Əlbəttə, mən azarkeşlərin adından deyə bilmərəm ki, bu təyinata hamı birmənalı yanaşa bilər. Amma mən ikiəlli bunu arzu edərdim. Lakin bir məqam var ki, Qurbanov özünə, adına hörmət edən məşqçidir. Onun bu gün və ya sabah (məcazi mənada) “Neftçi”yə gəlmək istəməsi real ola bilməz. Çünki bu rəhbərliklə – Kamran Quliyev və hər iki Zaurlarla (red – idman direktoru Zaur Əzizovu və Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanovu nəzərdə tutur) Qurbanın işbirliyi çox çətin alınar.

O, Kamran-Zaur duetinin transferlərə qarışmağını, futbolçunun ona sırınmasını qəbul edən məşqçi deyil. Tapşırıqla futbolçu transferini heç cür yaxına buraxan adam deyil. Kamran,  Zaurlar hələ kreslolarındadırlar. Biz azarkeşlər sosial şəbəkələri partladırıq, hər gün Quliyevin dəstəsinin yola salınmasını Rövşən Nəcəfdən xahiş edirik. Hələ ki, heç bir reaksiya verilmir. Sanki bizlərin yazılarını izləmirlər. Rövşən Nəcəf dekabr ayının 2-dən şuraya rəhbərlik edir və qeyri-peşəkar rəhbərlərin fəaliyyətində və transferlərdə olan nöqsanları görməyə və bu rəhbərliyə qapını göstərməyə tələsmir. Belə bir xaotik durumda olan kluba Qurbanov gələrmi?

Məntiqlə düşünsək, deyə bilərəm ki, gəlməz və özünün 15 il ərzində əldə etdiyi hörmət-izzəti bu naşı və savadsız, futboldan bixəbər adamlara görə qurban verə bilməz. Rövşən Nəcəf nə qədər xahiş eləsə də, nə qədər yüksək maaş təklif eləsə də, özünü rüsvay eləməz. Rövşən müəllim bu ay klub rəhbərliyində ciddi islahatlar həyata keçirməsə, “Neftçi”nin aqibəti bundan da pis olacaq. 3-cü yer üçün çalışan idarəçiləri, məşqçiləri indi klubdan uzaqlaşdırmasa, komanda yaydakı avrokubok oyunlarında heç bir mərhələ belə keçə bilməyək. Əgər islahat yayda olacaqsa, yenə də liqa oyunlarında nəticə olmayacaq.

Nəticə ancaq 2024-cü ildə əldə edilə bilər, klub rəhbərliyinə əsl futbol funksionerlərin  gəlməsindən sonra. Uzaq gələcəyi azarkeşlər gözləmək istəmirlər. 8 ildir ki, bu “uzaq gələcək” gəlib “Neftçi”yə çata bilmir. Rövşən müəllim uzaq gələcək deyəndə hansı müddəti, neçə illərdən sonra uğur və nəticə əldə etməyə ümid edir? Tək Qurban kimi məşqçi ilə iş bitmir. Gərəkdir ki, kluba rəhbərlik edənlərin futbola baxışları və sistemləri, futbol fəlsəfələri, transfer siyasətləri, baş məşqçi ilə üst-üstə düşsün. Rövşən Nəcəf futbol adamı deyil, incəlikləri, sistemi bilmir. Buna görə də ətrafına, rəhbərliyə güclü futbol idarəçiləri və futbolun dərinliklərini bilən şəxsləri gətirməlidir.

Mənim 67 yaşım var, təqaüdçüyəm. 60 ildir ancaq “Neftçi”yə azarkeşlik edirəm. Qocaman bir azarkeş kimi ” Neftçi”nin durumuna ürəyim ağrıyır. Bunun sonu olacaqmı?”

Fazil Dadaşov

 

Exit mobile version