AUT.AZ

Zəlzələnin qurbanı olan klublar: Harada oynayacaqlar?

Türkiyədə baş verən zəlzələ, bir çox sahə kimi futbola da təsir edib.

Aut.az xəbər verir ki, yerlı futbol federasiyasının rəhbərliyi təbii fəlakətin baş verdiyi 10 bölgəni təmsil edən klubların necə fəaliyyət göstərəcəyi ilə bağlı baş sındırır. Həmin şəhər və rayonlarda fövqəladə vəziyyət elan edilməsi də qurumun və komandaların işini çətinə salıb.

İlk plan oyunlar başlayana qədər klubların məskunlaşacağı bazaları müəyyənləşdirməkdir. Çünki komandalar bir neçə gündür məşq edə bilmirlər. Yalnız “Hatayspor”un milli komandanın bazası hesab edilən Rivada məskunlaşacağı dəqiqdir. Bu məsələdə komandanın baş məşqçisi Volkan Dəmirəl təşəbbüs göstərib. Bu məqsədlə Hatay təmsilçisi ötən gün İstanbula gəlib.

Yaxın günlərdə Türkiyə Futbol Federasiyası “Qaziantep”, “Adana Demirspor” barədə də qərar verəcək. Həmin klubların İstanbul, Ankara kimi şəhərlərdə və ya təmsil etdiyi bölgələrə yaxın ərazilərdə məskunlaşacağı gözlənilir.

Başqa bir problem isə oyunların harada keçirilməsidir. Federasiya bu məsələyə həssas yanaşır. Çünki klub rəhbərləri və azarkeşlərin bu qərarı necə qarşılayacağı məlum deyil. Bu səbəbdən federasiyada iclas keçiriləcək.

Birinci Liqada çıxış edən “Yeni Malatyaspor” da qurumun diqqət mərkəzindədir. Çünki bu komandanın futbolçusu Ahmed Eyup Türkaslan zəlzələnin qurbanlarından biridir. Bu bölgələri təmsil edən digər klublar üçün də planlar qurulur.

Qeyd edək ki, Türkiyə Super Liqasının və aşağı dəstələrin oyunları ölkədəki vəziyyətlə əlaqədar təxirə salınıb. Çempionat fevralın 17-də bərpa olunacaq.

Exit mobile version