AUT.AZ

VAKANSİYA var: “Neftçi”yə prezident axtarılır

Məlumat vermişdik ki, “ağ-qaralar”ın uğursuz çıxışı və klub ətrafındakı söz-söhbətlər əsas sponsor SOCAR-ın səbir kasasını daşırıb. Şirkətin prezidenti, eyni zamanda, “Neftçi”nin Müşahidə Şurasının sədri olan Rövşən Nəcəf paytaxt təmsilçisində ciddi islahatlar aparmaq qərarına gəlib.

İctimaiyyətin və azarkeşlərin narazılığını diqqətlə izləyən sədrin Müşahidə Şurası üzvlərinin iştirakı ilə qeyri-rəsmi görüş keçirdiyi də bildirilirdi.

Bu görüşün detalları ilə bağlı məlumat əldə etmişik. “Neftçi”dəki mənbədən Aut.az-a verilən məlumata görə, qeyri-rəsmi görüşdə qərara gəlinib ki, klubda rəhbərlik dəyişsin. İlk növbədə “Neftçi”nin prezidenti Kamran Quliyevin göndərilməsi nəzərdə tutulub. Bildirilir ki, Rövşən Nəcəf bununla bağlı yaxın ətrafına göstəriş də verib: “Neftçi”nin prezidenti postuna uyğun namizəd tapın.

Məlumata görə, o, bir neçə namizədin təklif olunmasını istəyir. Sədr onların hər biri ilə görüşərək strategiyalarını, “Neftçi”ni necə inkişaf etdirməklə bağlı planları ilə tanış olmaq, ondan sonra qərar vermək niyyətindədir.

Beləliklə: VAKANSİYA var – “Neftçi”yə prezident axtarılır.

Aut.az

Exit mobile version