AUT.AZ

“Qarabağ”a şad xəbər: “Gent”də ara qarışdı

“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Gent”in düşərgəsində vəziyyət heç də yaxşı deyil.

Aut.az xəbər verir ki, baş məşqçi Heyn Vanhazebrukun bir neçə gün öncə – ölkə çempionatının 24-cü turunda “Genk”ə 2:3 hesabı ilə uduzduqları oyundan sonra “ağ-göylər”in transfer siyasətini tənqid etməsi klub rəhbərliyini narazı salıb.

“İyirmi il ərzində “Gent”də əsas komandaya neçə futbolçu keçib? Onları on iki barmaqla saymaq olar. “Genk”in isə ehtiyatda çoxlu futbolçusu var. Buna görə də, bəlkə də bu il 5-ci dəfə çempion olacaq. Bizim bəzi futbolçularımız isə bu səviyyədə oynamağa hazır deyil. “Genk” hər il yüksək səviyyəli oyunçularla heyətini gücləndirir. Hətta bizim də yaxşı oyunçularımızı transfer edə bilirlər. Biz isə menecerlər vasitəsilə oyunçu gətiririk. Sonra isə fəxrlə deyə bilərik ki, Haiti və İordaniyadan bir oyunçu almışıq” – deyə Vanhazebruk bildirib.

İdarə heyəti baş məşqçinin söylədiklərini qəbul edə bilmir. Belçika mətbuatında qeyd olunub ki, baş məşqçi ilə rəhbərlik arasındakı problemlər bir müddətdir var. Hətta bununla əlaqədar ötən həftə mütəxəssislə toplantı keçirilib. Həmin görüşdən sonra rəhbərlik vəziyyətin düzələcəyinə əmin olub. Ancaq heç də onların planlaşdırdığı kimi olmayıb. Məşqçi tənqidlərinə davam edib, “Gent” isə ona cavab verməyib. Rəhbərlik vacib matçlar öncəsi “sakitliyi qorumaq” istəyir.

Qeyd edək ki, “Qarabağ”la “Gent” arasında ilk oyun fevralın 16-da Bakıda, cavab qarşılaşması isə 23-də Gentdə keçiriləcək.

Exit mobile version