AUT.AZ

Samir Abasov yenə də Kamran Quliyevi utandıracaq?

Azərbaycan Premyer Liqasında21-ci tura fevralın 4-də start veriləcək. Turun oyunları 3 gün ərzində keçiriləcək.

“Allaha təvəkkül” deməkdən başqa nə gəlir ki, əldən

İlk oyun günündə cəmisi bir qarşılaşma olacaq. Çempion “Qarabağ” Gəncəyə səfər edəcək. “Gent”lə qarşılaşmaya qədər sıx qrafiklə oynayacaq “Qarabağ” üçün bu oyunu asan hesab etmək olmaz. Amma Tovuz stadionunun durumuna baxanda “buna da şükür” deməlidir “Qarabağ”lılar. Sözsüz, indi Qurban Qurbanovu bir məsələ düşündürür: Necə etsin ki, “Gent”lə oyuna qədər kimsə zədələnməsin. Onsuz da zədəlilər çoxdur, onlara daha birinin qoşulması ciddi problem sayılacaq Qurban Qurbanov üçün. Amma Azərbaycanda stadionların durumu elədir ki… “Allaha təvəkkül” deməkdən başqa nə gəlir ki, əldən. Aut.az-ın proqnozu: “Kəpəz”in qələbəsi – 20%, heç-heçə – 30%, “Qarabağ”ın qələbəsi – 50%.

Özlərindən başqa namizəd yoxdur

İkinci oyun günüdə ilk qarşılaşma Zirədə olacaq. Qəsəbədə turnir cədvəlindəki qonşular üz-üzə gələcək. “Zirə” və “Qəbələ” medallar uğrunda mübarizə aparmırlar. Hər iki komanda ötən tur məğlub olmaqla, bu şansdan, demək olar ki, məhrum olublar. İndi onlar yalnız 4-cü yer uğrunda mübarizə aparacaqlar. Özü də bu pilləyə də özlərindən başqa namizəd yoxdur. “Zirə” bu qarşılaşmada qalib gəlsə, “Qəbələ”nin 4-cü pillə istəyinə sarsıdıcı zərbə vura bilər. Ondan sonra Elmar Baxşıyevin komandası fikrini kuboka yönəltsə, yaxşı olar. Amma hələ ki, şans var. Zirədə qalib gəlsələr…

Aut.az-ın proqnozu: “Zirə”nin qələbəsi – 40%, heç-heçə – 30%, “Qəbələ”nin qələbəsi – 30%.

Nə qədər arsız olsan belə…

Günün digər qarşılaşmasında “Neftçi” “Sumqayıt”ı qəbul edəcək. İnanın, bu qarşılaşma ilə bağlı ən böyük həyəcanı “Neftçi”nin prezidenti Kamran Quliyev keçirir. Samir Abasovu haqsız yerə “Neftçi”dən qovduğu üçün yəqin ki, vicdanı sızlayır. Lap nə qədər arsız olsan belə, hər dəfə Samir Abasovdan şapalaq alanda, vicdan sızlamalıdır. Abasovda da insaf yoxdur ki. İkinci dövrədə Sumqayıt”da keçirilən oyunda “Neftçi”ni büdrətdi. Əmin olun, həmin vaxt Kamran Quliyev utanmışdı. Samir Abasov onu bu dəfə də utandıracaq? Bu ehtimal çox yüksəkdir. Nöşün? Ona görə ki, “Neftçi”də məşqçi işi yoxdur, vəssalam. “Allaha təvəkkül” oyun sistemi ilə hara qədər getmək olar?

Aut.az-ın proqnozu: “Neftçi”nin qələbəsi – 30%, heç-heçə – 50%, “Sumqayıt”ın qələbəsi – 20%.

Stadion da onlar üçün münasibdir

Sonuncu oyun günündə ilk qarşılaşma əyalətdə olacaq. Şamaxıda autsayderlərin “liderləri” üz-üzə gələcək. “Şamaxı” qələbə qazanmaqla boyundan yuxarı tullana, hər kəsi bir daha təəccübləndirə bilər. “Turan Tovuz” qış fasiləsindən sonra xal üzünə həsrətdir. Amma uğursuzluğa Şamaxıda “son” demək olar. Stadion da onlar üçün münasibdir. Elə Tovuzun “cəhənnnəm örtüyü”nü xatırladır Şamaxı stadionunun qazonu da. Görək süni örtükdə kim özünün daha rahat hiss edir…

Aut.az-ın proqnozu: “Şamaxı”nın qələbəsi – 30%, heç-heçə – 40%, “Turan Tovuz”un qələbəsi – 30%.

 Qisas almaq üçün “Sabah”a daha nə lazımdır?

Günün və turun son qarşılaşmasında “Sabah” “Səbail”i qəbul edəcək. Necə deyərlər, “Səbail” “Sabah”ın qorxulu yuxusudur. Bu komanda “bayquşlar”a hansı pisliyi etməyib ki? Çempionatda büdrədib? Büdrədib. Kubokdan qovub? Qovub. Qisas almaq üçün “Sabah”a daha nə lazımdır? Alacaqlar, yoxsa yenə də məsuliyyətsizlik edəcəklər?

Aut.az-ın proqnozu: “Sabah”ın qələbəsi – 60%, heç-heçə – 30%, “Səbail”in qələbəsi – 10%.

Aut.az

 

 

 

 

Exit mobile version