AUT.AZ

“Yuventus”u daha ağır cəza gözləyir – Yeni maxinasiyalar aşkarlandı

“Yuventus” növbəti dəfə ağır cəzaya məruz qala bilər.

Aut.az xəbər verir ki, buna səbəb İtaliya Futbol Federasiyasını təmsil edən hüquqşunasların “ağ-qaralar”ın maliyyə sənədlərində növbəti pozuntular aşkarlamasıdır. Məlum olub ki, futbolçuların maaşlarının sənədləşdirilməsində saxtakarlığa yol verilib.

Onların iddiasına görə, pandemiya dövründə bir sıra oyunçuların məvaciblərinin 4 aylıq hissəsini kluba bağışlaması məlumatı tamamilə yalandır. Onlar bildirirlər ki, Matiys de Liqt və Mattia De Şiqlio tərəfindən də təsdiqlənmiş telefon danışıqları və “Whatsapp” mesajları keçmiş rəhbərliyin bu məlumatlarının doğru olmadığını üzə çıxarıb. Bu, futbolçulara gizli yollarla pul ötürülməsi anlamına gəlir.

Həmçinin, “Yuve”nin sabiq futbolçusu Kriştiano Ronaldoya 19.9 milyon avro borcu qalıb. Bu istiqamətdə uzun müddətdir ki, ödənis edilmir. Hüquqşünaslar bu məsələni də araşdırırlar.

Yeni sənədlərin aşkarlanması ilə əlaqədar İtaliya Futbol Federasiyası istintaqın 40 gün uzadılmasını istəyib. Federasiya məhkəmədən “Yuventus”un ən azı 20 xalının silinməsini tələb edəcək.

Xatırladaq ki, Federal Apellyasiya Məhkəməsi bundan əvvəl baş tutan məhkəmədə maliyyə pozuntularına görə “Yuventus”un İtaliya A seriyasında topladığı 15 xalı silib.

Qeyd edək ki, 20 turdan sonra “ağ-qaralar”ın aktivində 23 xal var və onlar 13-cü sırada qərarlaşıblar. Daha 20 xal silinəcəyi təqdirdə “Yuve” B seriyasına yuvarlana bilər.

Exit mobile version