AUT.AZ

Mbappenin başına nə gəlib? – “Qara zolaq”, yoxsa…

Fransa çempionatının 21-ci turunun “Monpelye” – PSJ matçı Kilian Mbappe üçün əsl kabusa çevrilib.

Aut.az xəbər verir ki, parislilərin forvardı üçün oyun heç də yaxşı keçməyib. Qarşılaşmanın 7-ci dəqiqəsində Serxio Ramosa qarşı kobudluqdan sonra təyin edilən penalti üçün ağ nöqtəyə Mbappe yaxınlaşıb. Fransalı forvard rəqib qolkiper Benjamin Lekomla dueldə məğlub olub. Ancaq məlum olub ki, Benjamin qapı xəttini vaxtından əvvəl tərk edib. Ona görə də penalti təkrarlanıb. Amma Kilianın ikinci cəhdi də uğursuz olub.

Bu uğursuzluğun şokundan ayılmayan Mbappe bir neçə dəqiqədən sonra dizindən zədə alıb. Bu səbəbdən 21-ci dəqiqədə əvəzlənib. Kiliansız PSJ Monpelyeni ikinci hissədə məğlub edə bilib – 3:1.

Oyundan sonra məlum olub ki, 24 yaşlı hücumçunun durumu yaxşı deyil. O, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Bayern”lə qarşılaşacaq parislilərə ilk oyunda kömək etməyə bilər. Futbolçunun 2-3 həftəlik meydanlardan uzaq qalacağı gözlənilir.

Ümumiyyətlə, Mbappe DÇ-2022-nin finalında Argentinaya məğlubiyyətdən sonra toparlana bilmir. Həmin görüşdə het-trik edən Fransa millisinin üzvü Qətər mundialından sonra Liqa1-də cəmi 1, ümumilikdə isə 2 rəsmi oyunda fərqlənib. Düzdür o, “Pay de Kassel”lə kubok oyununda penta-trikə imza atıb. Ancaq futbolçunun ümumi çıxışı qənaətbəxş deyil.

Fransa mətbuatı iddia edir ki, Mbappe yayda PSJ-ni tərk etmək istəyir. Buna görə də bütün fikri transfer danışıqlarına yönəlib. Bildirilir ki, onun əsas məqsədi “Real”a transfer olunmaqdır.

Exit mobile version