AUT.AZ

“Zirə” üçün unikal fürsət: “Neftçi”ni nokauta salır və…

Azərbaycan Premyer Liqasında 20-ci tura yanvarın 30-da start veriləcək. Turun oyunları 3 gün ərzində keçiriləcək.

“Sumqayıt” üçün “özünəinam oyunu”

İlk oyun günündə cəmisi bir qarşılaşma olacaq. “Sumqayıt” “Turan Tovuz”u qəbul edəcək. Hər iki komanda fasilədən sonrakı ilk oyunda məğlub olub. Tovuzlular “Qarabağ”la qarşılaşmada pis təsir bağışlamadılar. Elə Samir Abasov da “Zirə”yə məğlubiyyətdən sonra bildirdi ki, yeni futbolçulardan razı qalıb. Razıdırsa, deməli, turdan-tura keyfiyyət artımı hiss olunmalıdır. Ona görə də bu qarşılaşmanı “Sumqayıt”lılar üçün “özünəinam oyunu” adlandırmaq olar. Komanda qalib gəlsə, növbəti turlarda daha “dişli” olacaq. Əks təqdirdə, “Sumqayıt” mövsümün sonuna qədər “diş” çıxartmayacaq.

Aut.az-ın proqnozu: “Sumqayıt”ın qələbəsi – 30%, heç-heçə – 40%, “Turan Tovuz” qələbəsi – 30%.

Qurban Qurbanov bunu futbolçulara anlada bilibsə…

İkinci oyun günündə ilk qarşılaşmada çempion meydana çıxacaq. “Qarabağ” “Şamaxı”nı qəbul edəcək. “Atlar” Antalyadan qayıtdıqdan sonra Tovuzun “cəhənnəm örtüyü”ndən sağ çıxıblarsa, “Şamaxı” nəyə ümid edə bilər?  Bu oyun qarşıdakı 3 həftə ərzində “Qarabağ” üçün ən asan sayılmalıdır. Çünki bundan sonra Gəncəyə səfər var, ardınca “Sabah”la qarşılaşma və Belçika sınağı, daha sonra “Zirə” ilə oyun. Deməli, asan oyunu çətinləşdirmək “Qarabağ”a baha başa gələ bilər. Qurban Qurbanov bunu futbolçulara anlada bilibsə, “Şamaxı” nəyə ümid edə bilər” sualının cavabı aydındır.

Aut.az-ın proqnozu: “Qarabağ”ın qələbəsi – 70%, heç-heçə – 20%, “Şamaxı”ın qələbəsi – 10%.

Yəni məlum olacaq ki, “Səbail”in dərdi…

Günün digər qarşılaşmasında “Səbail” “Kəpəz”i qəbul edəcək. Şahin Diniyevin gəlişi “Səbail”ə nə verib? Ötən tur “Şamaxı”ı ilə oyun göstərdi ki, hələlik heç nə. “Səbail” yenə də özünə bab komanda ilə qarşılaşır. “Kəpəz” də çempionatın autsayderlərindəndir. Əgər “Səbail” bu oyunda da büdrəsə, onda “Şahin Diniyev niyə gəlib?” sualı müzakirə olunacaq. Yəni məlum olacaq ki, “Səbail”in dərdi məşqçi dərdi deyil.

Aut.az-ın proqnozu: “Səbail”in qələbəsi – 30%, heç-heçə – 40%, “Kəpəz”in qələbəsi – 30%.

“Sabah”ın ötən tur “Neftçi”yə futbol dərsi keçməsinə aldanmayın

Sonuncu oyun günündə ilk qarşılaşma əyalətdə olacaq. “Qəbələ” “Sabah”ı qəbul edəcək. Murad Musayevin komandasının ötən tur “Neftçi”yə futbol dərsi keçməsinə aldanmayın. “Qəbələ” “Neftçi” deyil. “Ağ-qaralar”a indi hər komanda qalib gələ bilər. “Sabah”ı çətin sınaq gözləyir. Düzdür, “Sabah” güclü rəqiblərlə oyunlarda başdansovdalıq etmir. Amma bütün hallarda “Qəbələ”nin öz meydanında “Sabah”ın başını ağrıdacağı şəksizdir.

Aut.az-ın proqnozu: “Qəbələ”nin qələbəsi – 40%, heç-heçə – 20%, “Sabah”ın  qələbəsi – 40%.

 “Zirə”yə daha nə lazım?

Günün və turun son qarşılaşmasında “Neftçi” “Zirə”ni qəbul edəcək. Bu oyunu Rəşad Sadıqovun komandası üçün “unikal fürsət” adlandırmaq olar. “Sabah”la oyun göstərdi ki, “Neftçi” bərbad durumdadır. Komanda psixoloji cəhətdən sınıb, ruh, düşüncə yoxdur. Düşərgədə gərgin vəziyyətin olduğu deyilir, bəzi futbolçular komandanı tərk etməyə hazırlaşır.

“Zirə”yə daha nə lazım? Qalib gəlirsən, 3-cü pillə ilə xal fərqini xeyli azaldırsan. Üstəlik, bu qələbədən sonra “Neftçi”ni növbəti dəfə nokauta göndərirsən. Bu nokautdan sonra “ağ-qaralar”ı hamı məğlub edə bilər. Deməli, “Neftçi”nin növbəti oyunlarda da xal itirməsi real olacaq. Və “Zirə” bundan yararlanıb 3-cü pilləyə yerləşə bilər. Amma əvvəlcə…

Aut.az-ın proqnozu: “Neftçi”nin qələbəsi – 30%, heç-heçə – 40%, “Zirə”nin qələbəsi – 30%.

Aut.az

 

 

 

 

Exit mobile version