AUT.AZ

“Neftçi”də ara qarışdı: Emin Mahmudov “Qarabağ”a gedir

Cari mövsümdə uğursuz çıxış edən “Neftçi”də problemlər tükənmək bilmir. “Ağ-qaralar”ın düşərgəsində vəziyyət heç də yaxşı deyil. Ötən gün “Sabah”la oyunda alınan məğlubiyyət komandanın çempionluq üçün olan-qalan son ümidlərini də məhv edib.

Futbolçuların nə baş məşqçiyə, nə də klub rəhbərliyinə inamı qalmayıb. Klubdan Aut.az-a verilən məlumata görə, bu vəziyyət kapitan Emin Mahmudovu da çaş-baş salıb. Bildirilir ki, 2017-ci ildən “Neftçi”də çıxış edən təcrübəli yarımmüdafiəçi duruma nəzarət edə bilmir. Əvvəlki mövsümlərdə də komanda çətinlik yaşamışdı. Ancaq belə miqyasda yox.

Onu da qınamaq olmur, belə vəziyyətdə necə liderlik edəsən? Çünki kapitan kimi bütün gözlər ondadır. Azarkeşlər də, yoldaşları da, az qala Regekampfın özü də ondan “sehrli çubuğu”nu işə salmağı gözləyir.

Bu vəziyyətdən yorulan Emin “ağ-qaralar”ı tərk etmək qərarına gəlib. Fikri qəti olmasa da, bu barədə düşünür. Bununla bağlı yaxın ətrafı ilə məsləhətləşib də. Hətta “Neftçi” ilə mövsümün sonunda bitəcək müqaviləsini yeniləməklə bağlı danışıqlar aparmır.

“Qarabağ”ın maraq dairəsində olan 30 yaşlı futbolçu maya qədər gözləməyi üstün tutur. Ümid edir ki, vəziyyət düzələcək. Əks halda o, yayda “Neftçi”ni tərk edəcək. Bu baş versə, Eminin Ağdam təmsilçisinə keçmək ehtimalı var. Çünki Qurban Qurbanov onu komandasında görməkdə israrlıdır. Məlumata görə, Emin özü də “Qarabağ”da oynamağa isti yanaşır.

Aut.az

 

Exit mobile version