Ronaldinyonun oğlu Joao Mendezin hələ cəmi 17 yaşı var. Onun böyük perspektivi olduğunu deyirlər. Gənc futbolçu indi “Barselona”da baxışdadır.
Mendezin atası 15 il əvvəl “Barsa”dan ayrılıb. Lakin klubla əlaqəsini kəsməyib. Müxtəlif tədbirlərdə iştirak edib, Kataloniya təmsilçisinin səfiri olub, eyni zamanda, əfsanələrindən ibarət komandanın üzvüdür. Bu səbəbdən onun oğlunun “Barselona”nın düşərgəsində olması təəccüblü deyil.
Aut.az xəbər verir ki, Joao Mendez de Assis Moreira artıq bir neçə həftədir ki, “Barselona”nın U-19 komandası üçün sınaqdan keçirilir. Gənclərin məşqçisi Xavyer Saviola Ronaldinyoyla bir neçə mövsüm birlikdə çıxış edib.
Ronaldinyonun oğlunun keyfiyyətlərini qiymətləndirmək üçün xüsusi yoldaşlıq görüşü belə keçiriblər. Yalnız bundan sonra məşqçilər gənc futbolçu ilə bağlı qərar verəcəklər. Ancaq onlar hələ ki, Mendezin katalonların səviyyəsinə uyğun olub-olmadığına əmin deyillər. Ancaq Ronaldinyonun əlində “gizli kartı” var. Onun birbaşa danışıqlar apardığı klub prezidenti Xuan Laporta məşqçilərdən “bir az daha çox vaxt” istəyəcək ki, Joaonun ikinci şansı olsun.
178 sm boya malik futbolçu mövqe baxımıdan hücumçudur. Ancaq cinah və ya hücumameyilli yarımmüdafiəçi kimi də oynaya bilər. Bu keyfiyyətlərinə görə atasına çox bənzədiyi qeyd olunur. Joao ilk futbol addımlarını “Flamenqo”nun aşağı yaş qrupları üzrə komandalarında atıb. Daha sonra PSJ-nin Braziliya akademiyasına qoşulub. Paris klubunun skautları onda istedad görsələr də, Fransaya çağırmağa ehtiyac duymayıblar.
Mendez 13 yaşında “Kruzeyro”ya transfer olunub. Keçidində atasına görə imtiyaz qazanmamaq üçün kimliyini gizlədib. Joao yalnız müqavilə imzalandıqdan sonra atasının Ronaldinyo olduğunu açıqlayıb. Bir il sonra onunla müddəti 2025-ci ilə qədər qüvvədə olan yeni sözləşmə imzalanıb.
Hücumçu buradakı performansı isə Avropa klublarının diqqət mərkəzinə düşdü. Onun oyunlarını çoxsayda skaut izləyirdi. 15 yaşında PSJ-dən gələn təklifdən imtina etdi. Bundan sonra “Barselona”nın transfer siyahısında peyda oldu. Mütəxəssislər onu Lionel Messinin əvəzedicisi kimi görürlər.
Bütün bu vəziyyətə rəğmən, “Kruzeyro”dan ayrılıb. Bir ildir klubsuzdur. Uzun sürən klub axtarışları uğursuz nəticələnib. Ancaq belə vəziyyətdə “Barselona” qapılarını onun üzünə açıb. Əgər o, Kataloniyadakı sınaqdan uğurla keçsə, Avropanın ən yaxşı akademiyalarından birinə qəbul ediləcək.