AUT.AZ

Mxitaryana olar, Mahirə yox?

Uzun müddət idi ki, səsləri gəlmirdi. Azərbaycanın Vətən Müharibəsindəki şanlı zəfərindən sonra danışmağa sözləri, göstərməyə nələrisə qalmamışdı. Düşdükləri vəziyyətə görə utandırdılar desəm, yalan olar. Onlarda utanan üz yoxdur, olmayıb da. “Dəmir yumruğ”un güclü zərbəsinin təsirindən hələ uzun müddət ayılmayacaq bu insanların sərsəmləməsi, əslində normal haldır. Çünki sərsəm danışıq, sayıqlamaq, yalan, oğurluq, başqasının olanına göz dikmək onların genlərində var. İllər ötsə də, dəyişən, ağıllanan deyillər.

Şanlı zəfərimizdən sonra uzun müddət ağızlarına su alıb oturan bu insanlar yenə iş başındadırlar. Ənənələrinə sadiqdirlər. Yenə yalanlarla, təxribatlarla dünyaya, başqa formada desək, öz tay-tuşlarına nəyisə sübut etməyə çalışırlar.

Siyasət qədər, bəlkə də daha çox auditoriyası olan idman da bu hadisələrin içindədir. Ermənilər üçün fərqi yoxdur. İdman, siyasət, mədəniyyət, incəsənət, lap elə səhranın ortasında ilanlara, əqrəblərə də olur-olsun xislətlərini nümayiş etdirməlidirlər.

Əvvəlki illərdə Azərbaycana qarşı aparılan erməni kampaniyalarında alətə çevrilən Henrik Mxitaryan adəti üzrə yenə işi başında idi. “İnter”in futbolçusu bir neçə gün öncə klubun “Youtube” kanalının hazırladığı videoda azarkeş tərəfindən bəlkə də bilərəkdən verilən “haralısan” sualına təxribatçı formada cavab verməklə növbəti dəfə simasını nümayiş etdirdi.

Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı atılan bu addıma AFFA biganə qalmayıb. Federasiya dərhal zəruri hüquqi sənədlər hazırlayaraq UEFA və İtaliya Futbol Federasiyasına müraciətlər ünvanlanıb.

Bu, Mxitaryanın ilk belə hərəkəti deyil. O, daim Ermənistanın Qarabağla bağlı mövqeyini və separatçı rejimi dəstəkləyib. Müxtəlif formada yardımlar etməyə çalışıb. “Arsenal” və Dortmund “Borussiya”sında çıxış edərkən bu klubların Azərbaycan təmsilçiləri ilə oyunları öncəsi müxtəlif açıqlamaları ilə gündəmə gəlib. Hər iki halda Bakıya gətirilməyən futbolçu Azərbaycana qarşı aparılan qara kampaniyaların başında olub, desək yanılmarıq.

Ermənilər təkcə Mxitaryanın addımı ilə kifayətlənə bilərlərmi? Budəfəki təxribat nüfuzuna görə futbolla müqayisə ediləcək yarışlardan birində – tennis üzrə ilin ilk Böyük dəbilqə turniri olan “Australian Open”də yaşanıb. Erməni əsilli rusiyalı Karen Xaçanov keçirdiyi oyunlardan sonra telekameranın ekranına “Artsax”a dəstək” sözlərini yazıb.

Azərbaycan Tennis Federasiyası da AFFA kimi məsələyə biganə qalmayıb. Qurum Beynəlxalq Tennis Federasiyasına (ITF) müraciət edərək Karen Xaçanovun cəzalandırılmasını tələb edib. Gənclər və İdman Nazirliyi də bəyanat yayıb və Rusiyanın aidiyyəti orqanlarına məsələ ilə bağlı müaciət edilib.

Ancaq hər iki məsələnin üstündən bir müddət keçsə də, müraciət edilən təşkilatlar sükutu pozmayıblar. Yalnız Karen Xaçanovun məsələsində Rusiya Federasiyasının müvafiq qurumları tərəfindən məsələnin araşdırılacağı və idmançıya müvafiq xəbərdarlığın olunacağı vəd edilib. Göründüyü kimi cəza vermək, konkret addım atmaq fikirləri yoxdur. Bütün dünyanın gördüyü məsələni araşdırmağa nə ehtiyac var?

Nədənsə, məsələ azərbaycanlılara çatanda hər şey başqa cür olur. Biz hansısa məqamda haqqımızı, ədaləti təmin edəndə, sevincimizi bölüşəndə aiddiyyəti federasiyalar dərhal qərar verməyə səbəb axtarır. Azərbaycanın ərazi bütövlüyünə qarşı edilən təxribatı görməzdən gələnlər, idmançılarımızın əsgər salamlarına, bayraqlarla sevincinə görə bir neçə dəqiqəyə toplanırlar, xəbərdarlıqlar edirlər, ədalətli olmayan qərarlar verirlər.

“Qarabağ”ın sabiq mətbuat katibi Nurlan İbrahimov da beynəlxalq qurumların ədalətsizliyinin qurbanı olan şəxslərdən biridir. Vətən müharibəsi zamanı Bərdəyə atılan raketlərə biganə qala bilməyən klub rəsmisi sosial şəbəkə hesabındakı paylaşımına görə UEFA tərəfindən futbol fəaliyyətindən ömürlük uzaqlaşdrılıb. İbrahimov ədaləti bərpa etmək üçün uzun müddət mübarizə aparsa da, buna nail ola bilməyib.

“Körpələrin, uşaqların ölməsinə etdiyim fəryadı cəza kimi qiymətləndirdilər. Etirazlarımı da görməzdən gəldilər. Biz xalq olaraq həmişə sivil olmuşuq. Həmişə öz həqiqətlərimiz üçün vuruşmuşuq. Mən, ümumiyyətlə ədalətin qalib gələcəyinə inanıram”.

İdman hüquqşunası Fərid Haqverdiyev beynəlxalq təşkilatların ikili standartlarına qarşı mübarizə aparmağın mümkün olduğunu düşünür. Onun fikrincə, biz daim haqqımızı tələb etməli və həmin qurumları təzyiqdə saxlamalıyıq:

“Baş verən bütün təxribatlarla bağlı bütün beynəlxalq qurumlar qarşısında məsələlər qaldırılıb, müraciətlər olub, izahatlar tələb edilib. Ancaq hər bir halda UEFA, FİFA və digər təşkilatlar hər şeyi görməzdən gəliblər. Elə bil, heç nə baş verməyib. Nə qınama var, nə cəza var, nə də başqa bir şey. “Qarabağ”ın oyunlarında da dəfələrlə məlum bayraq qalmaqalları olub. Onlara bununla bağlı əvvəlcədən xəbərdarlıqlar edilib. Ancaq məsələyə mövqeləri həmişə eyni olub. Dəfələrlə ərazi bütövlüyümüzə qarşı təxribatlar olub. Ancaq bununla bağlı əməlli addımlar atılmayıb. Elə bil qanunlar ancaq bizim üçün işləyir. Bizimlə bağlı xırda xəta, hadisə olan kimi bunu şişirtməyə, cəzalandırmağa çalışırlar.

Mən düşünürəm ki, bununla AFFA, klublar, digər rəsmi şəxslər olmaqla mübarizə aparmalıyıq. Bəyanatlar verməli, mövqeyimizi sərgiləməliyik. Daim həmin qurumlara etirazlarımızı göndərməliyik. Biz bu problemlə ancaq hüquqi və sivil şəkildə mübarizə apara bilərik. İkili standartlara qarşı edəcəyimiz başqa bir şey yoxdur”.

Millət vəkili Aqil Abbas da Haqverdiyevlə eyni fikirdədir. Onun sözlərinə görə, belə məsələlərdə beynəlxalq təşkilatlarda çalışan həmyerlilərimiz də aktiv fəaliyyət göstərməli və təzyiqlər etməlidirlər:

“Ermənilər bu əməlləri ilə özlərinə təsəlli verməyə çalışırlar. Bayraq qaldırırlar, xəritə göstərirlər, “artsax-martsax” deyirlər. Onları tutub döyməli deyilik ki? Beynəlxalq təşkilatlar qarısında nazirlik, federasiyalar məsələ qaldırmalı və səbəbkarların cəzalanmasını tələb etməlidirlər. Bizə qarşı hər bir müstəvidə ikili yanaşma var. Kimin nə etdiyini, necə etdiyini çox yaxşı bilirik. Haqqımızı tələb etməliyik. Bəzi hallarda bunun müsbət nəticəsini görmüşük. Amma beynəlxalq təşkilatların neçə üzlü olduğunu hamımız bilirik.

O vaxtı ermənilər Xankəndinin “Qarabağ” komandasını Avropaya çıxarmağa çalışırdılar. Klubun adını UEFA-ya qədər göndərmişdilər. Ancaq AFFA-nın o vaxtkı prezidenti Fuad Musayev çalışdı-vuruşdu həmin komandanın Avropaya çıxmasının qarşısını aldı. İndi də bir çox beynəlxalq təşkilatda nümayəndələrimiz çalışır. FİFA-da Elxan Məmmədov çalışır. O, bu mübarizəyə qoşulmalıdır. Düzdü, biz azıq, onlar çoxdurlar. Amma yenə də mübarizə aparmalı, haqqımızı tələb etməliyik”.

Beynəlxalq təşkilatlarla hər bir müstəvidə mübarizəmiz olub, olacaq. Görünən odur ki, bizə qarşı ikiki yanaşma həmişə olacaq. Həm onlarla, həm də erməni təxribatları ilə mübarizə aparmaq artıq alın yazımızdır. Ancaq biz bu mübarizədə qalib gələ bilərik. Bunun üçün birləşməli və haqqımız olanı tələb etməliyik. Yeri gələndə Mahir Emreli kimi əsgər salamı ilə sevinməli, yeri gələndə də güləçilərimiz kimi bayrağımızı çiynimizə alıb zəfər turu vurmalıyıq. Bu, bizim haqqımızdır.

Heybət Məmmədov, Publika.az 

Exit mobile version