AUT.AZ

“Sabah”ın oyununda kuryoz vəziyyət: Canlı yayımda Murad Musayevlə…

Ölkə futbolsevərlərinin, Premyer Liqa təmsilçilərinin Antalya toplanışında keçirdiyi yoldaşlıq görüşlərini canlı yayımda izləmək imkanı oldu.

“Neftçi TV” “ağ-qaralar”ın oyunlarını birbaşa efirlə təqdim etdisə, Peşəkar Futbol Liqasının əməkdaşları digər komandaların qarşılaşmalarını canlı yayımla göstərdi.

Təbii ki, bu, məhdud imkanlar daxilində heç də asan başa gəlmədi. Dəfələrlə Antalyada olmuş biri kimi operator və şərhçilərin idman sahələrindən yayım təşkil etmək üçün hansı çətinliklərə sinə gərdiyini yaxşı bilirəm.

Odur ki, toplanış zamanı qardaş ölkədə olan, oyunları şərh edən PFL-in Mətbuat və Marketinq Departamentinin rəhbəri Sənan Abdullayevlə məlum mövzu ətrafında söhbətləşdik.

– Çəkdiyiniz əziyyətə, gördüyünüz işlərə görə PFL-in işçi qrupuna “yağlı 5” düşür. Maraqlıdır, özünüz özünüzə hansı qiyməti verirsiniz?

– Peşəkar Futbol Liqasının imkanlarını nəzərə alaraq bu dəfə Antalyaya geniş tərkibdə yollana bilməmişdik. 8 nəfərlik heyət idi – 3 operator, baş rejissor, canlı yayım mütəxəssisi, vitse-prezidenti Aslan Şahgəldiyev, texniki direktor Elgiz Abbasov və mən. Yanvarın 8-dən 19-na kimi Antalyada olduğumuz dönəmdə adlarını sadaladığım hər bir şəxsin öz işi, məsuliyyəti var idi. Bir nəfər təşkilatçılığa, digəri çəkilişin harada olmasına, bir başqası başqa işə nəzarət edirdi. Yəni öncədən qurduğumuz plan üzrə çalışırdıq. Antalya kimi kurort bölgəsində olmağımıza baxmayaraq, istirahət imkanımız olmadı. 10 gün ərzində 13 oyunu yayımladıq. Fikrimcə, işimizin öhdəsindən gəlməyi bacardıq. Nə dərəcədə alındığına ən yaxşı qiyməti izləyicilər verə bilər.

– Ümumilikdə 28 oyundan cəmi 13-ü. Sayın daha çox olmasına nə mane oldu?

– Biz Antalyaya çatanda artıq 2 oyun baş tutmuşdu. Ona görə də sayı 26-ı götürək. 26-dan 3-ü “Neftçi”nin payına düşür. “Ağ-qaralar”ın oyunlarını yayımlamadıq. Çünki bu işi klub televiziyası yerinə yetirirdi. Ona görə də ehtiyac duymaqdıq. Bir halda ki, klub özü birbaşa efirlə təqdim edir, ikinci yayım, fikrimcə, artıq olardı. Açığı, özləri də bizə müraciət etməmişdi. Müraciət edən komandaların oyunlarını yayımladıq.

– Bütün komandaların matçlarını göstərdiniz?

– “Neftçi”ylə bağlı məsələni dedim, hə, bir də “Sumqayıt”ı təqdim edə bilmədik. Əslində, işçi qrupumuz “Krılya Sovetov”la qarşılaşmanı yayımlamaq üçün çəkiliş yerinə getmişdi. Təəssüf ki, həmin stadionda çəkiliş aparmaq üçün heç bir imkan yox idi. Hətta klubun mətbuat katibi Rəşad Məmmədov özü də vəziyyətlə maraqlandı, çəkiliş üçün imkan olmadığına görə üzrxahlığını bildirdi.

– Canlı yayımlar zamanı əsas çətinliyiniz nə ilə bağlı olurdu?

– Yanvarın 9-da “Turan Tovuz”un oyunundan başladığımız ilk iş günündə hava möhtəşəm idi. Və buna uyğun olaraq 3 kamera ilə yüksək səviyyədə çəkiliş aparıldı. Oyundan əvvəl və sonra müsahibə-açıqlamalarımız oldu. Lakin ayın 10-dan etibarən güclü yağış və külək başladı. Bununla da işimizdə çox ciddi çətinliklər yarandı. “Zirə”nin “Botoşani” ilə matçında kamera suyun altında qalıb yararsız hala düşdü. Bir gün sonra “Şamaxı”nın qarşılaşmasında yenə yağışlı havada 2 kamera ilə çəkiliş etdiyimizə baxmayaraq, hakim oyunu 67-ci dəqiqədə dayandırdı. Çıxılmaz vəziyyət isə “Sabah”ın qarşılaşmasında yaşandı. Yağış o dərəcədə şiddətli idi ki, aşağı zonada quraşdırılan kameranın monitoru sıradan çıxdı. Oyun başa çatdı, canlı yayımda Murad Musayevlə müsahibə hazırladıq. Müsahibə başa çatan kimi kamera ümumiyyətlə işləmədi, sıradan çıxdı. Gecə həmin kameranın bərpası ilə məşğul olduq, səhər artıq hazır idi.

– Antalya toplanışının ən yaddaqalan, maraqlı, məzəli hadisəsi nə idi?

– “Şamaxı” “Botoşani” ilə güclü yağış altında oynayırdı. Artıq ilk leysandan sonra rumınların çəkiliş qrupu kameraları yığışdırdı. Biz güc göstərdik, canlı yayımı kəsmək istəmədik və hakim oyunu dayandırana qədər canlı yayımı davam etdirdik. Həmin oyunu millimizin baş məşqçisi Canni de Byazi də izləyirdi. Baxdıq ki, kənarda dayanıb operatorlarımızın, texniki heyətin şəkillərini çəkir. Operatorlarımızın fədakarlığı italyan məşqçini yaxşı mənada təəccübləndirmişdi.

Həmin vaxt operatorlar yağışdan qorunmaq üçün üz-gözünü bağlamışdı, ayaqlarına sellofan taxmışdılar ki, su dolmasın. Üstündən bir neçə gün keçdi, Canni de Byazi ilə yolumuz növbəti dəfə kəsişdi, lakin bu dəfə günəşli havada. Baş məşqçi operatorlarımıza baxıb “həmin günlə müqayisədə bu gün daha yaraşıqlısınız” deyəndə, hamımız güldük. Operatorların yağışlı havadakı halı De Byazinin yadından çıxmamışdı. (Sportinfo.az)

Exit mobile version