AUT.AZ

Rövnəq Abdullayevi Antalyaya niyə buraxmırlar?

Azərbaycan çempionatında çıxış edən bütün klublar – varlılar da, kasıblar da qış təlim-məşq toplanışı üçün Antalyaya getmişdilər.

Antalyanın təbiəti, təxminən bizim Lənkəran, Masallı, Zaqatalanın təbiətidir. Bir də görürsən ki, 3-4 gün sərasər yağış yağır, sonra da, sanki yaz günəşi çıxır. Sitrus meyvələrinin şəhəridir Antalya. Və həm də stadionların. Antalya bölgəsində saysız-hesabsız beşulduzlu otellər var. Hamısının da mükəmməl infrastrukturu – təbii və süni örtüklü meydançaları. Yəni hər hava şəraitinə uyğun.

Amma təkcə otellərdə deyil stadionlar. Bölgədə addımbaşı stadionlar, kiçik futbol meydançalarına rast gəlmək olar. Futbol Federasiyası, bələdiyyələr harada boş ərazi görürsə, orada meydança salır. Ki, uşaqlar futbolla məşğul ola bilsin.

Bu da heç, əsas məsələ odur ki, orada təbii örtüklü stadionlar üstünlük təşkil edir. Və türklər bu stadionlara qulluğun çətin olmasından şikayətlənmirlər.

Belə yerdə adamın yadına Azərbaycan düşməsin, nə etsin… Zaqatalada stadion tikilində AFFA rəhbərliyi dad döydü ki, hava şəraitinə görə təbii örtüyü qorumaq mümkün deyil. Ona görə də süni örtük çəkdilər. Zaqatala deyirəm ey sizə. İlin bütün fəsillərində hər tərəfi yamyaşıldır bu rayonun.

Tovuzda stadion tikdilər, süni örtük çəkdilər. Şamaxıda xeyli pul “yuyub” stadion düzəltdilər, süni örtük çəkdilər. Niyə? Biznes maraqları naminə. Rövnəq Abdullayev və komandası üçün Azərbaycan futbolunun inkişafı heç bir əhəmiyyət kəsb etmir. Onu və komandasını daha çox pul əldə etmək düşündürür.

Adamı futbolun inkişafı düşündürsəydi, AFFA prezidenti olduğu yadına düşər, ayağını Antalyaya atardı. Onda görərdi ki, infrastruktur necə qurulur. Onda başa düşərdi ki, infrastruktur olmadan futbolu inkişaf etdirmək mümkün deyil. Rövnəq Abdullayev Antalyaya getmədi. Maraqlıdır ki, Azərbaycan futboluna rəhbərlik edən bu adam ildə cəmisi bir dəfə AFFA-ya gəlir. Deyilənlərə görə, onu AFFA-ya Elxan Məmmədov buraxmır. Düzü, buna inanmıram. Çünki Elxan Məmmədov Abdullayevin öz kadrıdır. Biznesi yaxşı bacarır, haqq-hesab məsələsində də düz olduğu deyilir.

Yaxşı, deyək ki, Rövnəq Abdullayevi AFFA-ya Elxan Məmmədov buraxmır. Bəs onun Antalyaya kim buraxmır? Çox qəliz sualdır.

Jurnalistlər isə Antalyaya “Etopaz”ın təşkilatçılığı ilə getmişdilər. Buna görə “Etopaz”a təşəkkürlər. Getməsəydik, biz də Rövnəq Abdullayev kimi xəbərsiz olacaqdıq. Futbol infrastrukturunun necə qurulmasından.

Natiq Muxtarlı

 

 

 

Exit mobile version