AUT.AZ

Möcüzələri reallaşdıran komandanın xərçənglə mübarizəsi

2022-ci ilin may ayında “Bristol Rovers” mövsümün möcüzəsini reallaşdırdı. İngiltərənin birinci liqasına yüksəlmək üçün Coey Bartonun rəhbərlik etdiyi komandaya “Skantorp” üzərində 7:0 hesablı qələbə qazanmaq lazım idi. Nə qədər qəribə görünsə də, onlar bunu bacardılar.

Aut.az xəbər verir ki, bu sevinci yaşadıqdan bir müddət sonra “Bristol” heç də xoş olmayan xəbər aldı. Müdafiəçi Nik Andertona sümük xərçənginin nadir forması olan osteosarkoma diaqnozu qoyuldu. İndi daha bir möcüzə lazım idi. Oktyabr ayında 26 yaşlı futbolçu əməliyyat olundu. Bud sümüyündəki şiş çıxarıldı. Bu ümid verirdi ki, Anderton tezliklə sağalacaq. Ancaq belə olmadı.

Dekabr ayında onun kimyaterapiyaya ehtiyacı olduğu ortaya çıxıb. Xərçəng hüceyrələri əvvəlkindən daha aqressiv idi. Vəziyyət hələ də düzəlməyib. Bu müddətdə“Bristol Rovers” Nik üçün əlindən gələni edib. İlin əvvəlində Anderton üçün jest edilib. Baş məşqçi Coy Barton da daxil olmaqla bütün komanda başını daz qırxdırıb. Bununla 26 yaşlı müdafiəçiyə dəstək aksiyasının təməli qoyulub. Hər kəs kampaniyanın diqqət çəkməsi üçün əlindən gələni edir. “Bu, edə biləcəyimizin minimumdur” deyən Bartonun fikrincə, toplanan hər funt, hər sent Nikin sağalmasına kömək edəcək.

Azarkeşlər və hətta idman jurnalistləri aksiyaya, saçlarını qırxmaqla qoşulublar. Nik sosial şəbəkələrdə hər kəsə təşəkkür edib:

“Ən yaxşı komanda! İyul ayından bu yana aldığımız dəstək inanılmaz oldu. Hər kəsə təşəkkür edirəm”.

Həyatda qalmaq uğrunda mübarizə aparan Andertonun “Bristol”la müqaviləsi yayda başa çatacaq. Görünən odur ki, klub sözləşmənin müddətini uzatmayacaq. Lakin Coy Barton, dostları və həmkarları futbolçu ilə maraqlanacaqlarını bildiriblər. Xüsusilə Barton futbolçunun və ailəsinin gələcəyindən narahatdır.

“O, Premyer Liqa oyunçusu deyil. Futboldan ayrıldıqdan sonra uzun müddət pul qazana bilməyəcək. Müqaviləsinin qalan müddətindən asılı olmayaraq, ona ömrünün sonuna qədər kömək etmək üçün əlimizdən gələni edəcəyik.

Onun iki azyaşlı övladı var və heç birinin sağlamlıq sığortası yoxdur. Çünki bu səviyyədə olan oyunçular bu cür xərcləri ödəyə bilməzlər. Mən London marafonunu keçirməyə hazırlaşıram. Uzun müddətdir ki, bunu təxirə salırdım. Amma bunu Nikə kömək etmək üçün təşkil etməliyik. Onun və ailəsinin gələcəyə inamı olmalıdır”.

Exit mobile version