AUT.AZ

“El Klasiko”da kim, nəyə nail oldu?

“Barselona” və “Real” arasında ötən gün keçirilən İspaniya Superkubokunun final oyunu bir sıra məqamlarla əlamətdar olub.

Aut.az xəbər verir ki, Kataloniya təmsilçisinin 3:1 hesabı ilə qalib gəldiyi matçda meydana çıxan çıxan Serxio Buskets “El Klasiko”ların ən çox iştirakçısı rekordunu təkrarlayıb. “Barsa”nın kapitanı əzəli rəqiblərin duellərində 45 dəfə iştirak edib. O, derbilərin sabiq iştirakçıları – Lionel Messi və Serxio Ramosun rekorduna çatıb. Hər iki futbolçu komandalarını tərk edərək PSJ-yə transfer olunduğundan Buskets bu göstəricidə lider olmaq imkanına sahibdir. Bunun üçün o, növbəti “El Klasiko”da meydana çıxmalıdır.

“Barselona” Superkuboku ən çox qazanan komanda ünvanını qorumaqla yanaşı, sözügedən titulu 14-cü dəfə muzeyinə aparmaqla öz rekordunu yeniləyib. Bu göstəricidə yalnız “Barsa”dan geri qalan Madrid “Real”ı isə 12 dəfə Superkubokun qalibi ola bilib.

Başqa bir məqam isə “kral klubu”nun baş məşqçisi Karlo Ançelotti ilə bağlıdır. O, 2010-cu ildən bəri ilk dəfə finalda məğlub olub. İtaliyalı mütəxəssisin son 13 ildə çalışdırdığı komandalar finalda heç vaxt uduzmayıblar.

O, bu müddətdə “Real”la yanaşı, “Çelsi” və “Bayern” ilə iştirak etdiyi turnirlərin həlledici görüşlərində qələbə qazanıb.

Exit mobile version