AUT.AZ

Azarkeş klub prezidenti oldu

Türkiyənin köklü klublarından biri hesab edilən “Eskişehirspor”un yeni prezidenti müəyyənləşib.

Aut.az xəbər verir ki, maliyyə problemləri səbəbindən 3-cü liqaya qədər yuvarlanan “qırmızı-qaralar”ın yeni rəhbəri azarkeş olub. Bundan sonra Eskişehir təmsilçisinə “Atles” fan-klubunun tribuna lideri Erkan Koca rəhbərlik edəcək.

1965-ci ildə yaradılan “Eskişehirspor” Türkiyə futbolunun tarixi klublarından biri hesab edilsə də, “qırmızı-qaralar” son illərdə acınacaqlı vəziyyətdədir. 2015/16-cı illər mövsümünün yekununda Super liqanı tərk edən klub bundan sonra borclarını ödəməkdə çətinlik çəkib.

Futbolçular və məşqçilər qarşısına maliyyə öhdəliyini yerinə yetirə bilməyən “qırmızı-qaralar” dəfələrlə Türkiyə Futbol Federasiyası və FİFA tərəfindən cəzalandırılıb. Belə davam edəcəyi təqdirdə klubun mövsümün sonunda fəaliyyətini dayandıracağı bildirilir.

Hazırda “Eskişehirspor” 3-cü liqanın 1-ci qrupunda mübarizə aparır. Transfer qadağası olan klub 17 oyundan sonra 10 xalla sonuncudur.

Exit mobile version