AUT.AZ

Polşalılar Musa Qurbanlı ilə bağlı Antalyada danışıq aparırlar

Qış transfer pəncərəsinin diqqət mərkəzində olan klublarından olan “Qarabağ” daha bir futbolçusunu satmağa yaxındır.

Aut.az xəbər verir ki, bu dəfə “atlılar”ın gənc hücumçusu Musa Qurbanlı diqqət mərkəzindədir. 20 yaşlı futbolçunun karyerasını Polşada davam etdirmək ehtimalı var. Bu barədə “SportoweFakty” məlumat yayıb.

“Poqon” klubu uzun müddətdir maraqlandığı Azərbaycan millisinin üzvünün transferi üçün “Qarabağ”la danışıqlar aparır. Hər iki komanda Antalyada təlim-məşq toplanışında olduğundan, danışıqlar orada aparılır.

Hücum xəttini gücləndirməkdə israrlı olan polşalılar bu mövsüm Premyer Liqada 12 qol vuraraq, məhsuldarlıq nümayiş etdirən baş məşqçi Qurban Qurbanovun oğlunu tezliklə heyətinə qatmaq niyyətindədir. Tərəflər arasında anlaşmanın hər an əldə oluna biləcəyi vurğulanıb.

Qeyd edək ki, “Qarabağ” qış fasiləsində braziliyalı futbolçusu Kadi Borgesi Rusiya klubu “Krasnodar”a satıb. Eyni zamanda, Ovusu Kvabena və Leandro Andradenin qış transfer pəncərəsində klubu tərk etmək ehtimalı var.

Exit mobile version