AUT.AZ

Ozobiç xorvatları Bakıya çağırdı – O, “Qəbələ”yə azarkeşlik edəcək

“Qarabağ”ın xorvatiyalı futbolçusu Filip Ozobiç Xorvatiyanın “tportal.hr” saytına müsahibə verib.

Aut.az xəbər verir ki, Ağdam təmsilçisinin cari mövsümdəki çıxışından danışan yarımmüdafiəçi bir çox klubların onlara həsəd apardığını söyləyib:

Çempionlar Liqasının pley-offunda Çexiyanın “Viktoriya” komandasını keçə bilmədik. Buna görə də Avropa Liqasının qruplarına düşdük. Orada isə Almaniya “Frayburq”u və Fransa “Nant”ından sonra qrupda 3-cü yeri tutduq. Fransızlardan cəmi bir xal geri qaldıq. Yunanıstan “Olimpiakos”nu qabaqlayaraq, Konfrans Liqasının pley-offuna vəsiqə qazandıq. İndi bizi 1/8 finala yüksəlmək uğrunda Belçika “Gent”i ilə oyun gözləyir. Düşünürəm ki, şanslar bərabərdir. “Qarabağ” daim avrokuboklarda çıxış edir. Fikrimcə, bir çox klub bizə həsəd aparmalıdır”.

Ozobiç ölkə çempionatında da işlərinin yaxşı getdiyini deyib. Eyni zamanda, ölkə kubokunda məğlub olduqları “Qəbələ”yə azarkeşlik edəcəyini bildirib:

“Ən yaxın izləyicimizdən yeddi xal öndəyik. Sadəcə, bu cür davam etməliyik. İnanıram ki, mövsümün sonunda çempion olacağıq. Bizi kubokdan köhnə komandam kənarlaşdırdı. Bizim şansımız yoxdursa, “Qəbələ” qalib gəlsin. Bu komanda ilə bağlı yalnız ən yaxşı xatirələrim var. Orada hər şey əla idi və ilk mövsümümdə çempionatın bombardiri olmuşdum”.

Azərbaycan millisinin də formasını geyinən yarımmüdafiəçi 2024-cü il Avropa çempionatının seçmə mərhələsindəki şansları dəyərləndirib:

“Belçika, İsveç, Avstriya və Estoniyanın yer aldığı çətin qrupa düşmüşük. İlk 3 yığma qrupun favoritidir, amma əlimizdən gələni etməyə və mümkün qədər çox xal toplamağa çalışacağıq”.

Futbolçu 7 ildir yaşadığı Bakıdan ağızdolusu bəhs edib. Paytaxtdakı həyatından məmnunluğunu ifadə edən Filip xorvatları bu şəhərə gəlməyi məsləhət bilib:

“Bakı dünyanın ən böyük brendlərinin mağazaları və ən məşhur restoran şəbəkələrinin olduğu müasir, çox təhlükəsiz şəhərdir. İndiyədək əcnəbi kimi heç bir narahatlığım olmayıb. Ola bilsin ki, məsafəyə və ya keçmişdə baş verənlərə görə insanların bu ölkə haqqında yanlış təsəvvürləri var. Amma Bakıya turist kimi səfər edə bilən hər kəsə bunu təklif edirəm. Peşman olmayacaqlar. Standartlar yüksəkdir. Xorvatiyada olduğu kimi, nahar və ya şam yeməyi üçün bahalı restoranlar var. Amma daha ucuzlarını da tapmaq olar. Kafelərdə də belədir. Hamısı hara getdiyinizdən asılıdır”.

Ozobiç azərbaycanlıların idmana münasibətindən də bəhs edib. Eyni zamanda, ünsiyyət baxımından əziyyət çəkmədiyini də qeyd edib:

“Onlar üçün ən populyar idman növləri güləş, ağır atletika, boks olsa da, futbolu da sevirlər. Bəli, insanlar sizə foto çəkdirməyi xahiş edə bilərlər. Amma bunun müəyyən həddi var. Həmişə olmur. Etiraf edirəm ki, Azərbaycan dilini öyrənə bilməmişəm. Amma insanlarla ünsiyyət qura bilirəm, rus dilində danışıram. Çünki Azərbaycanda insanların çoxu bundan istifadə edir. Mən rus dilini Moskvada olanda öyrənmişəm”.

Qeyd edək ki, Filip Ozobiç 2016-cı ildən ölkəmizdə çıxış edir. Öncə “Qəbələ”nin formasını geyinən yarımmüdafiəçi 2018-ci ilin yayından “Qarabağ”ın uğurları üçün çalışır.

Exit mobile version