DÇ-2022-nin finalinda Argentinaya məğlub olaraq çempionluq titulunu itirən Fransa futbolunda vəziyyət əvvəlki axarına qayıda bilmir.
Aut.az xəbər verir ki, yerli futbol federasiyasının rəhbərliyi növbəti qalmaqala səbəb olub. Bu dəfə gündəm “xoruzlar”ın əfsanəvi üzvü Zinəddin Zidanla bağlıdır.
Qətərdəki mundialdan sonra komandanın baş məşqçi postunda dəyişiklik ediləcəyi, Didye Deşamın yerinə 50 yaşlı mütəxəssisin gətiriləcəyi iddia edilirdi. Bu xəbər nə Zidan, nə Fransa Futbol Federasiyası tərəfindən təsdiqlənmirdi.
Həmin vaxtlarda isə fransız mütəxəssisin ölkənin bir nömrəli komandasında çalışmaq istəmədiyi barədə xəbərlər tirajlanmağa başladı. Daha sonra Çempionlar Liqasının 3 qat qalibinin adı Braziliya, ABŞ və Portuqaliya kimi milli komandalarla yanaşı hallanmağa başladı.
Futbol ictimaiyyətin də milli komandanın Zidana tapşırılmasıyla bağlı açıqlamalar yayımlanmağa başladı. Bundan sonra ölkə futbolunda böhran yarandı. Bir neçə gün öncə Fransa Futbol Federasiyas (FFF) Deşamla 2026-cı ilə qədər yola davam ediləcəyini açıqladı. Ancaq bu xəbər də böhranı aradan qaldırmadı.
Federasiya prezidenti Noel Le Qret Fransa mətbuatına məsələ ilə bağlı açıqlama verərkən Zinəddin Zidan haqqında söylədiyi sözlər vəziyyəti daha da qızışdırıb:
“Zidanın Braziliyaya getməsinə təəccüblənərəm. Vecimə də deyil, hara getmək istəyirsə, ora getsin. İstəyərsə, hansısa klubda da çalışa bilər. Zidanla mənimlə əlaqə qurmayıb. Zəng eləsə belə, telefonunu açmaram. Didye Deşamla yollarımızı ayırmağı heç düşünməmişik”.
Fransa idman ictimaiyyəti bu açıqlamadan dərhal sonra Qretin Zidan haqqında söylədiklərini etirazla qarşılayıb. Milli komandanın lideri Kilian Mbappe sosial şəbəkə hesabında “Zidan Fransadır, onun kimi əfsanəyə bu formada hörmətsizlik etməyin” sözlərini paylaşıb.
Fransanın İdman naziri Amelie Ueda-Kastera da yaşananlara biganə qala bilmədi. O, Noel Le Qretdən Zidandan üzr istəməsini tələb etdi:
“Bir futbol və idman əfsanəsinə qarşı işlədilən utancverici və hörmətsizlik ifadə edən sözlərə görə üzr istəyirəm. Fransa Futbol Federasiyasının rəhbərliyi də Zidandan üzr istəməlidir”.
Etirazlardan sonra FFF prezidenti Le Qret Zinəddin Zidandan üzr istəmək məcburiyyətində qalıb. O, verdiyi açıqlmada fikirlərini düzgün izah edə bilmədiyini deyib:
“Bu sözlər nə mənim fikirlərimi əks etdirir, nə də futbolçu və məşqçi kimi Zidana olan münasibətimi dəyişir. Buna görə üzr istəyirəm. Belə müsahibə verməməli idim. Fransa futbolunun iki abidəsi Didye Deşamla Zinəddin Zidanı qarşı-qarşıya qoydum. Etiraf edirəm ki, anlaşılmazlığa səbəb olan yöndəmsiz açıqlamalar vermişəm. Zinəddin Zidan mənim ona, eləcə də bütün fransızlara nə qədər hörmət bəslədiyimi bilir”.