AUT.AZ

Dünyanın ən dəyərli heyəti – Nə Messi var, nə də…

Ötən ilin sonlarında “Transfermarkt” portalı ilin yekunları ilə bağlı bir sıra maraqlı statistik məlumatları açıqlayıb. Onlar arasında dünyanın ən bahalı futbolçuları da var. Bu siyahıya əsasən dünyanın ən bahalı “11-liyi”ni tərtib etmək mümkündür.

Aut.az sizi futbolun ən klassik taktiki düzülüşü olan 4-4-2 sxemini əsas götürərək qurulan heyətlə tanış edir. Diqqətinizi çəkəcək məqam isə odur ki, uzun fasilədən sonra Lionel Messi, Kriştiano Ronaldo, Neymar və başqa adlar bu siyahıya düşməyib.

Qolkiper: Təbii ki, bu mövqedə ən bahalı çərçivə qoruyucusu “Real”ın formasını geyinən Tibo Kurtuadır. O, 60 milyon avro dəyərlə siyahıya düşməyi bacarıb. Onunla bu mövqedə rəqabət apara biləcək qolkiper sayı çox olsa da, onların dəyəri bu qədər yüksək deyil.

Müdafiəçilər: Siyahıya soldan-sağa prinsipi ilə baxsaq, öncə Alfonso Deyvisin adını çəkməliyik. “Bayern”dəki uğurlu çıxışı və əsas heyətdəki mövqeyini itirməməsi onun dəyərinə də yaxşı mənada təsir göstərib. 70 milyon avro qiyməti olan kanadalı sol cinah müdafiəçisi hazırda bu mövqedə həmkarlarından bir neçə addım öndədir.

Müdafiənin mərkəzindəki adlardan biri Yoşko Qvardioldur. “Leypsiq”in mərkəz müdafiəçisi DÇ-2022-dən sonra futbol ictimaiyyətində ən çox müzakirə edilən adlardan birinə çevrilib. Hazırda dünyanın nəhəng klubları onu transfer etməyin yollarını axtarır. Xorvatiyalı müdafiəçi isə 20 yaşı olmasına rəğmən, 75 milyon avro dəyərlə dünyanın ən bahalı heyətində yer almağı bacarıb.

Qvardiolla müdafiənin mərkəzini təşkil edən digər bahalı futbolçu Ruben Diaşdır. Onu “Mançester Siti”nin və Pep Qvardiolanın dayağı da adlandırmaq olar. Diaş, eyni zamanda Portuqaliya millisinin də liderlərindən biridir. Müdafiənin mərkəzində sərgilədiyi etibarlı oyunu ilə 75 milyon avro dəyərə malik olan Ruben siyahıda da yer alıb.

Əşrəf Hakimi isə son illərin ən yaxşı sağ cinah müdafiəçilərindən biridir. PSJ-nin üzvü qısa zaman kəsiyində mövqeyinin ən güclülərindən birinə çevrilib. Əşrəf DÇ-2022-də 4-cü olan Mərakeş millisinin bu uğurunda əsas pay sahiblərindən biri idi. Onun dəyəri 70 milyon avroya qədər yüksəlib ki, bu da dünyanın ən bahalı heyətinə daxil olmasına şərait yaradıb.

Mərkəzi yarımmüdafiəçiləri: Bu mövqedə İngiltərə millisinin gənc üzvləri ön plana çıxıb. Söhbət Jud Bellinqemlə Fil Fodendən gedir. Xüsusilə birinci son günlərin ən çox müzakirə edilən adlarından biridir. O, “Borussiya”da sərgilədiyi inamlı oyunu mundialda İngiltərə millisinin heyətində də davam etdirdi. Nəticədə 19 yaşında olmasına rəğmən, dəyəri 110 milyon avroya qədər yüksəldi. Bu günlərdə klublar arasında Bellinqemin transferi uğrunda amansız mübarizə gedir.

“Mançester Siti”də çıxış edən Fil Fodenin də dəyəri 110 milyon avrodur. Universal futbolçu “şəhərlilər”in və Pep Qvardiolanın sevimlilərindən birdir. Onun uğur yolunu açan amillərdən biri təkcə bu klubun yetirməsi olmağı deyil, 22 yaşlı futbolçu əzmkar və mübariz oyunu ilə “Mançester Siti”nin tarixində özünə yer etməyi artıq bacarıb.

Vingerlər: Bu mövqe üzrə hazırda çox sayda aparıcı futbolçu var. Oyunlar zamanı bəzən əsas yük bu mövqedə çıxış edən oyunçuların üzərində olur. “Real”ın vingeri Vinisius Junior hazırda cinahda çıxış edənlər arasında ən güclülərdən biri olmağı bacarıb. Hazırda onun dəyəri 120 milyon avrodur. Bu səbəbdən braziliyalı futbolçuya simvolik heyətin sol cinahında yer ayırmaq olar.

Sağ cinahda çıxış etməyə namizəd isə Bukayo Sakadır. “Arsenal”ın yetirməsi bu komandanın Premyer Liqadakı uğurlu çıxışında əsas pay sahiblərindəndir. Sərgilədiyi performans sayəsində dəyəri 100 milyon avroya qədər yüksələn Saka sağ cinahın “Arsenal” üçün əvəzolunmazlarından biridir. Onun 21 yaşda olduğunu nəzərə alsaq, “topçular” üçün hələ çox iş görə biləcəyini deyə bilərik.

Hücumçular: Dünyanın ən bahalı heyətinin hücum xəttində kimlərin yer alacağını əvəlcədən yəqin ki, az-çox proqnozlaşdıra bilmisiniz. Bir zamanlar Kriştiano Ronaldo və Lionel Messinin yer aldığı bu heyətin hücumunda Kilian Mbappe və Erlinq Holandın adlarına rast gəlirik. Hazırda futbol dünyasını vurduqları qollarla təəccübləndirən bu tandemin ümumi dəyəri 350 milyon avrodur.

24 yaşlı Mbappe hazırda 180 milyon avro dəyərlə dünyanın ən bahalı futbolçusudur. O, həm PSJ-nin, həm Fransa millisinin lideri olmağı bacarıb. Vurduğu qollarla futbol rekordlarına sahib çıxmağa davam edən fransalı forvardın hələ uzun müddət bu heyətdə yer alacağını güman etmək olar.

Erlinq Holland isə “vikinq bombardmançısı” ləqəbi ilə Avropa klublarının kabusuna çevrilməyə davam edir. “Mançester Siti”yə transferindən sonra Premyer Liqanı qısa zaman fəth etməyi bacaran 22 yaşlı futbolçu, artıq dünya şöhrətli hücumçuların tarixi statistikalarını alt-üst etməyi bacarıb. O da Dünya futbolunun gələcək siması hesab edilir. Mbappe ilə birlikdə göstərdikləri nəticələrə nəzər yetirsək, onların gələcəkdə nələrə nail olacağını düşünmək belə insanı qorxudur.

Heybət Məmmədov

Exit mobile version