AUT.AZ

“Şamaxı” rəhbərliyindən fəhlələrə: “Pulunuzu yemişik, əcəb etmişik”

“Şamaxı”nın bir neçə sabiq əməkdaşı Aut.az-a müraciət edərək klubun onlara borcu olduğunu bildirmişdi.

Bu haqda ötən ilin noyabr ayında yazmışdıq.  Təxminən 7 nəfər sabiq əməkdaş bildirir ki, komandada müqavilə əsasında işləyiblər və iyul ayından müqaviləyə xitam verilib. Amma iyun ayının pulunu ala bilmirlər. Onlar komandada müxtəlif işlərdə – sürücü, gözətçi, təsərrüfat müdiri kimi çalışıblar.

Həmin vaxt klub rəhbərliyinin mövqeyini öyrəndik və Aut.az-a bildirdilər ki,  ən yaxın zamanda fəhlələrin pulu ödəniləcək.

Bir neçə gün əvvəl yenidən Aut.-az-la əlaqə saxlayan fəhlələr bildiriblər ki, üstündən xeyli vaxt keçməsinə baxmayaraq, onların pulu ödənilməyib.

Fəhlələr bayram ərəfəsində klubun maliyyə meneceri ilə əlaqə saxlayıb dərdlərini deyiblər. Maliyyə meneceri isə onlara sərt şəkildə belə cavab verib: “Pulunuzu yemişik, əcəb etmişik, gedin dərdinizi kimə deyirsiniz, deyin”.

Fəhlələrin bu müraciətindən sonra da klubun mövqeyini öyrənmək qərarına gəldik. Mətbuat xidmətindən məsələni araşdırıb məlumat veriləcəyini bildirsələr də, səs-soraq çıxmadı.

Bəli, “Azərbaycanın futbol təsərrüfatı “istedadlı dələduzlar”ın monopoliyasındadır” dedikdə bu kimi amillərə əsaslanırıq.

Xalqın cibindən kəsilib futbola ayrılan milyonları bu “istedadlı dələduzlar” istədikləri kimi xərcləyirlər, amma fəhlənin pulunu verməyə can çəkirlər. O fəhlənin pulunu ki, onun bir aylıq məvacibi “Şamaxı” rəhbərliyində təmsil olunan istənilən şəxsin bir günlük xərcliyidir.

Aut.az

 

 

 

Exit mobile version