AUT.AZ

Bütün dünya Şahinin bu hərəkətindən danışır – Video

Gənc çalışdırıcı Nuri Şahinin rəhbərlik etdiyi “Antalyaspor”un bu mövsüm Super liqada işləri heç də yaxşı getmir. Onlar hazırda çətin dövrdən keçirlər. Ötən mövsüm avrokuboklara vəsiqəni son anda əldən verən “ağ-qırmızılar” bu mövsüm aşağı liqaya düşməyə yaxındırlar.

Bununla belə, azarkeşlərin komandaya və baş məşqçiyə inamı böyükdür. Nuri Şahin gənc olmasına rəğmən, haqqında müsbət fikirlər yarada bilib. Onun işi ilə yanaşı, meydandankənar davranışı da təriflənir. O, xüsusilə çempionatın son turunda “Fənərbağça” ilə görüşdən sonrakı hərəkətinə görə diqqət mərkəzindədir.

Aut.az xəbər verir ki, Şahin oyun bitdikdən dərhal sonra hakimlər briqadasını narazı futbolçularının təzyiqindən elə qorumağa çalışdı ki, bu da nəinki Türkiyə, hətta Avropada da böyük marağa səbəb oldu. Halbuki bunu etməyə bilərdi. Bəs “Antalyaspor”u qəzəbləndirən məqam nə idi?

“Fənərbaxça” həmin görüşdə Mişa Batşuayinin dublu sayəsində 2:1 hesabı ilə qalib gəldi. Ancaq oyunun son dəqiqələrində cənublular məğlubiyyətdən xilas ola bilərdilər. Əlavə vaxtın 8-ci dəqiqəsində Fernando gözəl zərbə ilə hesabı bərabərləşdirsə də, VAR oyundankənar qeydə alaraq qolu ləğv etdi.

Hakimin final fitindən dərhal sonra qəzəbli futbolçular dərhal onun yanına qaçmağa başladılar. Lakin Nuri Şahin onların qarşısına çıxdı. Hakimlər briqadasının yanında dayanaraq futbolçularının onlara çatmasına mane oldu. Gənc çalışdırıcı fitdən sonra yalnız köməkçisi Alfons Qrunendiykin qarşısını ala bilmədi. Nəticədə o, qırmızı vərəqə aldı. Şahinin bu hərəkəti idman mətbuatının aparıcı nəşrlərində, kanallarında, saytlarında müzakirə edildi və hər kəs tərəfindən dəstəkləndi.

Oyundan sonra həm məşqçinin hərəkəti, həm də hakimin qərarı geniş şəkildə müzakirə edildi. “Antalyaspor” isə Türkiyə Futbol Federasiyasından həmin epizodla bağlı videogörüntülərin yayımlanmasını tələb edir.

Exit mobile version