AUT.AZ

Məşhur futbolçudan dərs sayılacaq “vəfa borcu”

Qış transfer pəncərəsinin ən səs-küylü və bir o qədər də diqqət cəlb edən keçidlərindən biri ispaniyalı Lukas Peresdir.

Aut.az xəbər verir ki, transfer fəaliyyətinə nəzər yetirsək, La Liqa təmsilçisi “Kadis”in 34 yaşlı forvardınının 3-cü divizionda mübarizə aparan “Deportivo”ya transferində qeyri-adi nəsə görmərik. Amma keçidin detalları bizi tam fərqli hekayə ilə üz-üzə qoyur.

Belə ki, Peres bir neçə gün əvvəl sabiq komandası, bir vaxtların aparıcı klublarından biri olan “Deportivo”ya dönmək qərarına gəlir. Ancaq məxsus olduğu “Kadis” rəhbərliyi ona görə La Karunya təmsilçisindən 1 milyon avro təzminat tələb edir. “Ağ-göylər”in bu məbləğin yarısını ödəyə biləcəyi məlum olur.

Bu zaman Lukas Peres xarakter göstərərək danışıqlara daxil olur və məbləğin digər hissəsini öz üzərinə götürür. Beləcə, transfer reallaşır.

Futbolçunun bu addımı vəfa borcu kimi qiymətləndirilir. Məhz “Deportivo”da çıxış etdiyi vaxt o, İngiltərənin “Arsenal” klubuna transfer olunub. Eyni zamanda, bu kluba qarşı sevgi hissləri də duyduğu deyilir. Bir sözlə, Lukas Peres aid olduğu yerə dönür.

İspaniyanın köklü klublarından biri olan “Deportivo” 2017/18 mövsümündə La Liqanı tərk etdikdən sonra toparlana bilməyib. Nəticədə komanda 3-cü diviziona qədər yuvarlanıb. Klub rəhbərliyi hazırda La Karunya təmsilçisini əvvəlki qüdrətinə qaytarmağa çalışsa da, maliyyə problemləri buna imkan vermir.

Qeyd edək ki, Lukas Peres müxtəlif vaxtlarda 4 mövsüm “Deportivo”nun formasını geyinib. O, bu komandanın heyətində La Liqada 93 oyun keçirib və 32 qol, 18 məhsuldar ötürmə ilə yadda qalıb.

Exit mobile version