AUT.AZ

Tahir Süleymanov: “Bundan sonra “Neftçi”nin məsuliyyəti tam olaraq Rövşən Nəcəfin üzərinə düşür”

İlin son günündə “Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanovla söhbətdə keçmiş klubunda baş verən dəyişikliklər, ümumiyyətlə Azərbaycan futbolunun hazırkı durumu ilə bağlı danışdıq. Necə deyərlər, Aut.az futbol təsərrüfatındakı duruma Tahir Süleymanovun fikirləri ilə “ilin möhürü”nü vurmaq istədi.  

– Tahir bəy, “Neftçi”nin Müşahidə Şurasındakı dəyişikliyi necə xarakterizə edərdiniz? Çingiz Abdullayevin yerini Rövşən Nəcəfin, Fərhad Bədəlbəylinin stulunu Emin Əmrullayevin tutması nəyi dəyişəcək? “Neftçi”nin bataqlıqdan çıxması üçün Fərhad Bədəlbəylinin Emin Əmrullayevlə əvəzlənməsi lazımdır, yoxsa idarəetmə sisteminin dəyişməsi, bu sistemə peşəkarların cəlb olunması?

– Öncə yeni ildə xalqımıza əmin-amanlıq, xoş günlər arzu edirəm. “Neftçi”dəki dəyişikliyə gəldikdə, artıq bir aydan çoxdur qərar elan edilib. Daha doğrusu, klub daxilindən futbol ictimaiyyətinə sızdırılıb, sonra Müşahidə Şurasının yeni tərkibi açıqlanıb. Bu günə kimi nə təqdimat, nə də ki, “Neftçi” rəhbərliyi tərəfindən münasibət, yeni gələnlərdən heç bir fikir səsləndiriliməyib, məqsəd, məramlar açıqlanmayıb. Hələ ki, susqunluqdur. Belə vəziyyətdə ancaq ümumi münasibətin bildirilməsi, müəyyən təhlillərin aparılması məqsədəuyğun olar.

“Neftçi”də 2015-ci ildə yaradılan Müşahidə Şurasından sonra komanda, tarixinin ən acınacaqlı dövrünü yaşayıb. Bu illər ərzində dəfələrlə klub strukturu dəyişdirilib, prezident üsul idarəsi ləğv edilib, biabırçı nəticələrdən sonra yenidən bərpa edilib, saysız-hesabsız yerli, əcnəbi məşqçilər, legioner futbolçular bir yana, idarəçi rəhbər heyətin özü dəfələrlə dəyişdirilib. Heç bir faydası olmayıb, 10 milyonlarla vəsait havaya sovrulub. Vəziyyətdən çıxış yolu kimi,  bu dəfə Müşahidə Şurası tam olmasa da, əsaslı şəkildə yenilənib. Əsas diqqəti çəkən məqam Çingiz Abdullayevi SOCAR prezidenti Rövşən Nəcəfin əvəzləməsidir. Bu amil, baş sponsor şirkətin rəhbərinin gəlişi “Neftçi” Müşahidə Şurası” anlayışını dəyişir, çəkisini, məsuliyyətini artırır. Bundan sonra klubda  hansı addımların atılacağı önəmlidir. “Neftçi”nin keçmiş günlərinin, liderliyinin qaytarılması yolunda strateji olaraq çox ciddi, qəti və doğru qərarların verilməsi mütləqdir. Kosmetik dəyişiklər, bir-iki transferlə klub istənilən səviyyədə dirçələ bilməz. Daxili araşdırmalar, yoxlamalar aparılmalı, qeyd etdiyiniz kimi, idarəetmə sistemi dəyişməli, “Neftçi”ni yenidən dirçəldə biləcək peşəkarlara üstünlük verilməlidir. Fərhad Bədəlbəyli və ya digərləri “Neftçi”də komanda quruculuğu, məşqçi, futbolçu seçimləri ilə məşğul olmayıblar, bu işlərə idarəçi rəhbər heyət cavabdehlik daşıyır. Müşahidə Şurasında ilk gündən 7-8 ildir sponsorları təmsil edən, birbaşa klubu nəzarətdə saxlayan Cəbrayıl Cəbrayılov və Zaur Qəhrəmanov, onların klubdakı nümayəndələri və AFFA-dan göndərilmiş kadrlar olub. Biri gedib, digəri qalıb. Bundan sonrakı gedişlərin necə olacağını yaxın zaman göstərəcək. “Neftçi” adına doğru səmtdə islahatlar davam edəcəksə, klubda köklü dəyişiklərə gediləcəksə,  azarkeşlərdə də sabaha ümid yarana bilər. Əksi olarsa, bu illər ərzində dəfələrlə klubda baş vermiş növbəti manevr cəhdi təsiri

olacaq. İstənilən halda, artıq bundan sonra “Neftçi”nin məsuliyyəti tam olaraq Rövşən Nəcəfin üzərinə düşür və klubun gələcəyi onun atacağı addımlardan asılıdır.

– Dünya çempionatı göstərdi ki, artıq bütün ölkələrdə futbol oynamağı bacarırlar. Amma təəssüf ki, Azərbaycan yığması bu “qatar”da yoxdur. Biz dünya futbolundan nə qədər geridə qalırıq və hər keçən gün bizi bu “qatar”dan nə qədər uzaqlaşdırır? Ümumiyyətlə bizim, dünyanın “futbol qatarı”na nə vaxtsa minmək ehtimalımız varmı? Varsa, bunun üçün nə etməliyik?

– Azərbaycan futbolunun potensialı yüksəkdir. Bu günlərdə jurnalist həmkarınızın gözəl araşdırma yazısını oxudum. Çox yaxın keçmişdə aşağı yaş qrupları üzrə yığmamızın Xorvatiya üzərində qələbəsi, digər yığmalarla layiqli çıxışları qeyd edilmiş və istedadlarımızın bir çoxunun artıq futboldan uzaq qaldıqları qeyd edilmişdi. Məğlub olan xorvat futbolçular illər sonra dünya üçüncüsü olur, azərbaycanlılar isə ən yaxşı halda daxili yarışlarda çıxış edir. Heyətə nəzər yetirdikdə, bir çoxları “Sabahın ulduzları” yarışlarından çıxmış futbolçular idi. 3-5 il davamlı, yüksək səviyyədə  keçirilən turnirlər bəs etdi ki, klublarla, cəmiyyətlərlə birgə fəaliyyət nəticəsində yeniyetmələrimiz Avropada öz yaşıdları ilə bərabər futbol oynasınlar. Xorvatların qatarı Qətərə üz tutdu, Azərbaycanın futbol qatarı isə yarı yolda qaldı,  klublar, yarışlar, yollar dağıldı, dağıdıldı, inkişafın qarşısı alındı. Gecə-gündüz uşaq futbolu deyilir, imdad edilir, bərbad durumdan bəhs edilir. Təəssüf ki, hətta övladları belə “Sabahın ulduzları”nda ilk addımlarını atmış, qayğı görmüş, bu gün artıq millidə, klublarda aparıcı futbolçular olmasına baxmayaraq, heç birinin dilindən yarış haqqında söz salınmır, yenidən bərpası məsələsi qaldırılmır, gündəmə gətirilmir. AFFA rəhbərliyi ilə dəfələrlə bu yöndə söhbətlərim, təkliflərim olub. Dünya qatarına çatılması, minilməsi üçün futbolda düşünən beyinlərə, vətənini sevən, məsuliyyətini dərk edən insanlara üstünlük verilməlidir. Nəinki qatara yetişmək, illər itirilsə də, Azərbaycan futbolunu “sürət qatarı”na çevirmək də mümkündür. Yetər ki, düzgün seçimlər edilsin.

Futbol konveyer kimi çalışmalıdır, infrastruktur, uşaq futbolu, klublar, müxtəlif liqalar, yaş qrupları üzrə yığma/milli bir-birini ardıcıl olaraq tamamlamalıdır. Ən əsası isə kəmiyyətlə yanaşı keyfiyyət təmin edilməlidir.

200 min top qovanı kağız üzərində qeydiyyatdan keçirməklə futbolçu yetişmir. Hər şəhər, rayon, kəndlərimizdə istedadlarımız yetərincədir. Futbol vahid orqanizm kimi sistemli hala salınmalıdır.

– Futbol təsərrüfatını idarə etmək bu qədər asandır ki, başqa sahələrdə uğursuz olanlar bu təsərrüfata yönəlirlər? Azərbaycan futbolunun idarəetməsində peşəkarlara etimad göstərilməməsi nəyin əlamətidir?

– “Hamı elə bilir ki, futbolu hamıdan yaxşı bilir” düşüncəsi Azərbaycan futbolunun illiyinə kimi sirayət edib. Həvəskar futbolla peşəkar yanaşma arasında sədd çoxdan aradan götürülüb və bu, mənfiyə doğru davam etməkdədir. Futbol təsərrüfatı futbola gələn, gətirilən təsadüfi adamlar üçün dövlət təşkilatı, komitəyə çevrilib, digər sahələrə keçid üçün tramplin rolunu oynayır.

Futbol çoxdan yaddan çıxıb.Tapşırıq, kim kimin qonşusudur, dostudur, digər sahələrdə yer yoxdur, gətirilib futbol təsərrüfatına. Futbol hörümçək kimi tora salınıb, heç kimin də öz xoşu ilə getmək fikri yoxdur, əksinə, min yolla vəzifələrin qorunması cəhdləri edilir.

İllərdi az sayda futbol adamları, jurnalistlər cəsarətlə təhlillər aparır, çıxış yolları göstərir, azarkeşlər mənəvi olaraq mövcud durumdan əziyyət çəkir. Nəhayət ki, dövlət qurumları səviyyəsində idman naziri Fərid Qayıbov da futbolda islahatların aparılması zərurətini dilə gətirib, komandaların azlığını vurğulayıb. Komandaların yaradılması üçün maliyyə mənbəyi ilə yanaşı infrastruktur olmalı, yaradılmalıdır. Azərbaycan futbolu tək Abşeron yarımadasından ibarət deyil. Elitada təşkilatı səviyyə qorunub saxlanılmalıdır. Tovuz, Şamaxı stadionlarında işıqlandırma, çəkiliş problemi, Gəncədə qəzalı stadion, futbolda ümumi durğunluq, bir qrup insanın əlində cəmləşməsi… Kompleks işlər görülməli, futbol xəritəsinə yenidən baxılmalıdır. Böyük təzaddır, tələblərə cavab verən Lənkəran, Yevlax, İmişli, Zaqatala stadionları böyük futbolsuz qalıb, yeni arenalar baxımsızlıqdan dağılır, ot örtüyü yararsız hala düşür, Masallı, Qazax, Şirvan, Bərdə, Qusar və digər şəhər və rayonlarımızda stadionlar acınacaqlı vəziyyətdədir. “Bakı”nın müasir bazasının viranə hala salınması isə futbol adına göz dağıdır. “Qəbələ” akademiyası qorunub saxlanılmalı, əvvəlki vəziyyətinə gətirilməlidir. Qızıldan qiymətli illər itirilib.

Qeyd olunanlarla yanaşı ölkə futbolunda fiziki hazırlıq üzrə məşqçilər yox dərəcəsindədir, uşaq futbolunda olmazın problemlər yaşanır. AFFA-da islahatlarla, futbol təsərrüfatını bu sahənin bilicilərinə həvalə etməklə yanaşı ümumi futbol problemləri dövlət səviyyəsində həll edilməli, sponsor, maliyyə təminatı müəyyənləşdirilməli, futbolu dağıdanlar, illərdi bu sahədə kök salanlar birdəfəlik yox edilməlidirlər. Ancaq qətiyyətli, peşəkar, obyektiv addımlarla futbol inkişaf edə bilər.

Aut.az 

 

Exit mobile version