AUT.AZ

Daei ailəsi haqda danışdı: Həyat yoldaşım əsl azərbaycanlı xanımdır

Əli Daeinin ailə üzvlərinə – həyat yoldaşı ilə qızına İranı tərk etməyə icazə verilmədiyi barədə məlumat vermişdik. Buna səbəb Azərbaycan əsilli veteran hücumçunun 22 yaşlı Məhsa Əmininin polislər tərəfindən öldürülməsinə görə edilən kütləvi etirazları dəstəkləməsidir. Molla rejimi özündən sonra Əlinin ailəsinə qarşı da “əməliyyat” aparıb. İran höküməti Əli Daeinin qızı və həyat yoldaşının ölkə xaricinə çıxışına mane olmaq üçün onların olduğu, Dubaya uçan təyyarəni yola düşəndən 1 saat sonra dayandırıb. Təyyarə Kiş adasında yerə enib.

Hökumət əleyhinə nümayişləri dəstəkləyən 53 yaşlı sabiq hücumçu bildirir ki, ailəsi bazar ertəsi ona qoşulmaq üçün Tehrandan Dubaya uçmağa cəhd edib, lakin təyyarə Bəsrə körfəzindəki Kiş adasına endikdən sonra geri qaytarılıblar. Həyat yoldaşı Mona Fərruxzari və qızı Nora Daeiyə ölkəni tərk etməyə icazə verilməyib.

Daeinin həyat yoldaşı Mona rejim tərəfindən islam inqilabına qarşı olan qruplarla əlaqəli şəxs kimi qələmə verilir. Məlum hadisələrdən sonra qərar verilib ki, o, ölkəni tərk etməzdən əvvəl səlahiyyətli şəxslərə məlumat verməlidir. Bunu etmədiyinə görə, İranın təhlükəsizlik xidmətinin agentləri Nora Daei və Mona Fərruxzarini təyyarədən düşürüblər. Bundan sonra onların həbs olunduğu barədə şayiələr yayılmağa başlayıb.

Son zamanlar İran KİV-lərində tənqid hədəfinə çevrilən Əli Daei və ailə üzvlərinin başına gələnlər dünya mediasında böyük səs-küyə səbəb oldu. Ancaq İran tərəfi heç nə olmamış kimi davranmağa çalışdı. Hadisə baş verən gün qəribə olaylar yaşandı. Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) “Tvitter” səhifəsində Tehran-Dubay marşrutu üzrə hərəkət edən təyyarə ilə bağlı insidentə belə reaksiya verib:

“Mahan Air” ilə bağlı göndərilən sorğulara cavab olaraq bildirmək istəyirik ki, Çikaqo Konvensiyasını qəbul edən hər hansı dövlət(lər) təsirə məruz qalarsa, beynəlxalq səviyyədə münasibət bildirə bilərik”.

Bundan sonra Daei hərəkətə keçərək ailə üzvlərinin başına gələn hadisə ilə bağlı ictimaiyyəti məlumatlandırmağa başladı. Bildirdi ki, hadisə Mahan Hava Yollarına məxsus təyyarədə baş verib. O, eyni zamanda, həyat yoldaşı və qızının həbs olunması barədə xəbərləri də təkzib etdi. Amma onların xüsusi xidmət orqanları tərəfindən dindirildiyini də vurğulayıb. Yalnız bundan sonra problemin həlli üçün ICAO-ya çoxsaylı müraciət daxil olub. Ukrayna Hava Qəzası Qurbanlarının Ailələri Assosiasiyasının sözcüsü Hamed Esmailion sosial şəbəkə hesabında quruma müraciət edərək, onların bu addımını pisləyib və yaxın keçmişdə baş verən bəzi hadisələri xatırladıb:

“Hörmətli, ICAO prezidenti Salvator Cakçi, mən sizdən niyə təşkilatınızın “PS572” reysinin vurulmasını pisləmədiyini soruşduqda, cavab verdiniz ki, prezidentlik müddətinizin səkkizinci günüdür. Putini tənqid edən jurnalist Roman Protaseviçin olduğu təyyarənnin Minskə məcburi enişindən sonra təcili iclas çağırmışdınız. İkili standartlarınız yoxdursa, bu hadisəyə də reaksiya verin”.

Bundan sonra baş verənlər dünya mediasının gündəminə düşdü. Aparıcı media mərkəzləri yaşananlarla bağlı sürətlə informasiyalar tirajlamağa başladı. Bunun nəticəsi olaraq, Əli Daie və ailəsinə qarşı təzyiqlər azaldı. Ancaq əfsanəvi futbolçu həyat yoldaşı və qızına hələ də qovuşa bilməyib. Onların Əlinin yanına nə vaxt və hansı formada yollanacağı hələ ki, bilinmir.

Bu, rejimin ailəyə qarşı ilk belə addımı deyil. Daha əvvəl Əli Daeinin özü etirazlara dəstəyini nümayiş etdirdiyi üçün “sanksiya”lara məruz qalıb. Məhkəmə qərarıyla onun zərgərlik mağazası və restoranı bağlanıb.

Diqqət çəkən məqam odur ki, Əli Daei kimi Mona Fərruxzari də Tehranda anadan olsa da, əslən ərdəbillidir. İxtisasca qida mühəndisi olan Mona, həyat yoldaşına məxsus olan “Daei” brendinin rəhbəri olmaqla yanaşı, “Adidas” və “Nike” kimi şirkətlərin İrandakı rəsmi nümayəndəsidir. Cütlük tikitinti, zərgərlik və geyim brendləri biznesində çox fəaldırlar. Onların restoranları da var.

“Həyat yoldaşım yaxın tanışlarımızdandır, anası Ərdəbilidən, atası Təbrizidəndir, Tehranda böyüyüb. O, əsl azərbaycanlı xanım profilinə malikdir və qida sənayesi üzrə bakalavr dərəcəsi alıb, məndən səkkiz yaş kiçikdir” – deyə Əli xanımı haqda danşıb.

Cütlüyün iki qızı var. Böyük qızı Dəniz 16 yaşındadır və İngiltərədə təhsil alır. Hazırda anası ilə birlikdə olan Noranın da 11 yaşı var. (Publika.az)

Exit mobile version