AUT.AZ

Renat Dadaşova qarşı düşmənçiliyi kimlər edib?

Milli komandamızın və “Qrasshopper” klubunun üzvü Renat Dadaşov karyerası ilə bağlı maraqlı açıqlamalar verib.

Aut.az xəbər verir ki, “transfermarkt.ch” saytına geniş müsahibə verən futbolçu karyerası ilə bağlı bir sıra maraqlı məqamlara toxunub. O, Almaniyanın “Ayntraxt” klubundan uzaqlaşdırılarkən üzləşdiyi münasibətdən pis təsirləndiyini bildirib:

“Səhvlər etdim və yəqin ki, bunlar kifayət qədər çox idi. Amma açıq-aşkar düşmənçilik də gördüm. Hər gün nə qədər böyük fürsəti əldən verdiyimi anladım. Durmadan beynimə səslər gəlirdi. Mənə həmişə inanan insanları məyus etmişdim. Azarkeşlərin tənqidini başa düşürəm. Amma bunun üçün səbəblər olmalıdır. Hər peşəkar futbolçu ilk növbədə insandır və təhqir ona zərbə vurur. Mənim üçün qovulmaq həyəcan siqnalı idi. Daha yaxşı idmançı və insan olmaq üçün oyanış oldu. Bu, həm də yeni başlanğıcın müjdəsi idi. Vaxta ehtiyacım olduğunu anladım. Hər şeyi dəyişməli olduğumu başa düşdüm, əks halda karyeram çox uzun çəkməyəcəkdi”.

Forvard həmin vaxt vəziyyəti dəyişməyin yollarını axtardığını, bu səbəbdən Portuqaliyanın “Eştoril” klubundan gələn təklifi dəyərləndirdiyini bildirib:

“Mən, sadəcə Almaniyadan çıxmaq istəyirdim. Yaşananların keçmişdə qalmasına icazə vermək istəyirdim. Beynimi təmizləmək istədim, bu təzyiqdən, daimi gözləntilərdən uzaqlaşmaq istədim. Hər şeydən əvvəl tam yeni bir başlanğıc istədim. Təbii ki, Portuqaliyada ruhdan düşdüyüm günlər olub, amma mən həmişə öz-özümə deyirdim: məqsədim üçün mübarizəni davam etdirəcəyəm”.

Hazırda çıxış etdiyi “Qrasshopper” klubunda xoşbəxt olduğunu bildirən Renat Dadaşov Azərbaycan millisi ilə də uğur qazanmaq istədiyini açıqlayıb:

“Azərbaycan millisi ilə Avropa çempionatına vəsiqə qazanmaq istəyirəm. Düşünürəm ki, Dünya çempionatı göstərdi ki, autsayder göstərilən komandalar da sürprizlər edə bilər. Son illər Azərbaycanda idman yaxşı inkişaf edib. Əlbəttə, növbəti seçmə mərhələdə yer aldığımız qrupda İsveç, Avstriya və Belçika kimi güclü komandalar var. Amma mən əminəm ki, bizi heç kim aşağılaya bilməyəcək. Heç bir rəqibdən qorxmuruq”.

Qeyd edək ki, bu mövsüm “Qrasshopper”də ümumilikdə 22 oyun keçirən Renat 5 qol vurub və 1 məhsuldar ötürmə edib. 23 yaşlı hücumçu Azərbaycan millisinin formasıyla 19 oyunda 1 qol vurub.

Exit mobile version