AUT.AZ

Onlara görə milyonlar verirlər

Futbol dünyası üçün 2022-ci il olduqca aktiv keçdi. Demək olar ki, təqvimdə futbol oyununun olmadığı gün olmadı. Bunun əsas səbəbi idmanın şahının çox sevilməsi və getdikcə böyük biznesə çevrilməsidir. Azarı futbol olanlar bu sahənin bizneslə əlaqələndirilməsini sevmirlər. Ancaq futboldakı pullar onlar üçün də maraqlıdır. Xüsusilə klubların büdcələri, futbolçuların transfer qiymətləri və aldıqları maaşlar.

Aut.az xəbər verir ki, Publika.az bu məqamı nəzərə alaraq futbol adına kifayət qədər zəngin və maraqlı keçən 2022-ci ilin ən çox dəyər qazanan oyunçularının siyahısını hazırlayıb.

Siyahımızdakı ilk ad son günlərin ən çox danışılan futbolçusu Kodi Qakpodur. Onun transfer dəyəri 38 milyon artaraq 60 milyon avro oldu. Bunun nəticəsi olaraq niderlandlı vingerə futbol bazarında təlabat böyük idi. Ancaq bu yarışdan qalib ayrılan “Liverpul” oldu. İngiltərə təmsilçisi ona görə PSV-yə 45 milyon avro ödəməli olub.

Madrid “Real”ının uğurlu çıxışında pay sahiblərindən biri olan Rodriqonun da dəyəri kəskin artıb. Braziliya millisinin heyətində DÇ-2022-də iştirak edən vinger 40 milyon avro bahalaşıb. Onun yeni dəyəri 80 milyondur. Amma bu mövsümün sonunda bu rəqəmin 100 milyonu ötəcəyi proqnozlaşdırılır.

Siyahıdakı növbəti futbolçu isə Azərbaycanda tanınan və çox izlənilən Kviça Kvaratsxeliyadır. Rusiyadakı məlum hadisələrdən sonra martda “Rubin”i tərk edərək vətəninə dönən futbolçu üçün bu il hər şey uğurlu alındı. O, cəmi 3 ay sonra İtaliya nəhəngi “Napoli”yə yola düşdü. Qısa zaman kəsiyində Neapol təmsilçisinin əsas heyət üzvünə çevrilən Kviçanın hazırkı dəyəri 60 milyon avrodur. Azərbaycan millisində çıxış edən atası Badri Kvaratsxeliyadan fərqli olaraq Gürcüstan yığmasının şərəfini qoruyan Kviça 44 milyonluq irəliləyişə nail olub.

Almaniya və dünya futbolunun gələcək simalarından biri hesab edilən Camal Musiala da diqqət mərkəzindədir. 19 yaşlı yarımmüdafiəçinin bu mövsüm məxsus olduğu “Bayern”lə yanaşı, Almaniya millisinin əsas heyətində özünə yer etməsi, dəyərinin xeyli artmasına səbəb olub. Nəticədə o 100 milyonluq futbolçuya çevrilib. Musiala 45 milyon avroluq irəliləyişlə buna nail olub.

“Milan”ın son zamanlardakı uğurlarında pay sahibi olan Rafael Leao üçün də il uğurlu alındı. “Qırmızı-qaralar”la İtaliya çempionu olan forvard, Portuqaliya millisi ilə Qətərdəki Dünya çempionatında iştirak etmək imkanı qazandı. Sərgilədiyi oyun və vurduğu qollar isə onu adını aparıcı klubların transfer siyahısına salıb. Bir il ərzində 50 milyon dəyər qazanan Leaonu transfer etmək istəyən klub 85 milyon avrosundan keçməlidir.

Siyahının növbəti iki qəhrəmanı Gavi və Orelyen Çuamenidir. Müvafiq olaraq “Barselona” və “Real”da çıxış edən yarımmüdafiəçilər DÇ-2022-də iştirak etdilər. Qavi mundialda İspaniya millisində əsas oyunçularından biri olmağı bacardı. Çuameni isə Fransa millisi ilə gümüş medal qazandı. Bundan əlavə, klublarında da əsas futbolçulardan biridilər. Bütün bunların nəticəsi olaraq, hər ikisinin dəyəri 50 milyon artaraq 90 milyon avro oldu.

İlin partlayışlardan biri də “Mançester Yunayted”in vingeri Antonidir. Braziliya millisinin DÇ-2022-dəki iştirak ərizəsində yer alan futbolçu yay transfer dövrünün ən səs-küylü transferlərindən biri oldu. “Qırmızı şeytanlar” onun keçidinə görə “Ayaks”a 100 milyon avro ödədi. Ancaq bu rəqəm onun hazırkı dəyərindən çoxdur. Cari il üçün 50 milyonluq irəliləyişə nail olan Antoninin hazırkı qiyməti 75 milyon avrodur.

Qətərdəki mundialdan sonra nəhəng klubların, daha çox da “Real”ın maraq dairəsinə düşən Yosko Qvardiol üçün də 2022-ci il uğurlu alındı desək, yanılmarıq. “Leipsiq”in müdafiəçisinin də dəyəri 50 milyon artıb. Hazırda onun qiyməti 75 milyon avrodur.

Və nəhayət gəlib çatdıq siyahımızdakı sonuncu ada. Argentina millisi ilə Dünya çempionu olan Enzo Fernandes ilin əvvəlində sıradan bir futbolçu idi. Onu dəyəri 5 milyon avro qiymətləndirilirdi. Ancaq yayda bu rəqəm 4 dəfə artdı. DÇ-2022-dəki performansından sonra isə onun ümumi dəyəri 55 milyon avroya qədər yüksəlib. Ancaq bu rəqəm sizi aldatmasın. Çıxış etdiyi “Benfika”nın qapısının ağzında “elçi daşı”nın üstündə bilirsiz nə qədər klub rəhbəri oturub? Onun transferi üçün təklif 100 milyon avrodan yuxarıdır.

Exit mobile version