AUT.AZ

İranlı şahmatçıdan rejimə etiraz

İranda 22 yaşlı Məhsa Əminin polis bölməsində ölümü ilə bağlı lokal aksiyalar davam edir.
Aut.az xəbər verir ki, aksiyalar əsasən gecə saatlarında keçirilir. Ölkənin iri şəhərlərində insanlar müxtəlif formalarda teokratik rejimin mürtəce qadağalarına etirazlarını bildirir.
Aksiyalar İranın tanınmış ictimaiyyət nümayəndələri, idmançılar, incəsənən xadimləri də özünəməxsus şəkildə dəstək verir. Bunlardan biri olan iranlı şahmatçı Sara Xadim Əl-Şəriə Qazaxıstanın Almatı şəhərində keçirilən şahmat üzrə dünya çempionatına hicabsız çıxıb. Sara Xadimin bu addımı beynəlxalq medianın diqqətindən yayınmayıb.
O, həmçinin ölkəsində keçirilən aksiyaları dəstəklədiyini deyib. İran hakimiyyətinin təzyiqlərinə rəğmən, teokratik rejimin qadağalarına çıxdığını açıqlayıb.
Onun İrana qayıdarkən həbs olunacağı ehtimal edilir. İranda bundan əvvəl də idmançılar aksiyaları dəstəkləyən addımlar atıblar. Onlardan bəziləri həbs edilib.
Bundan başqa, aksiyalarda ölənlərin yas mərasimləri də bir çox hallarda aksiyaya çevrilir. Mərasimə gələnlər hakimiyyət əleyhinə şüarlar səsləndirir, rejimin istefasını tələb edirlər.
Hakimiyyət isə repressiyaları və edamları davam etdirməklə yanaşı, tərəfdarlarını da küçələrə çıxardır. Bir neçə gündür ki, İranın müxtəlif şəhərlərində dini ayinlər adı altında hakimiyyət tərəfdarlarının aksiyaları keçirilir.
İranlı fəallar deyir ki, rejimin bu addımı da ciddi qınağa səbəb olub. Hakimiyyətin keçirdiyi aksiyalara çıxanlar sıravi vətəndaşlar tərəfindən qınaq obyektinə çevrilir.
Exit mobile version