AUT.AZ

Türkiyə millisinin yeni baş məşqçisi bəlli oldu

Türkiyənin qadın voleybolçulardan ibarət yığma komandasının yeni baş məşqçisinin adı bəlli oldu.

Aut.az xəbər verir ki, Türkiyə Voleybol Federasiyası (TVF) təcrübəli italyan mütəxəssis Daniele Santarellini A Millinin başına gətirib.

41 yaşlı çalışdırıcı son illər əldə etdiyi uğurlarla yadda qalıb. Santarelli bu il keçirilən son dünya birinciliyində Serbiya millisi ilə çempionluq qazanmış mütəxəssis bundan əvvəl VNL-də (Millətlər Liqası) bürünc medala sahib çıxıb. O, bu il, eyni zamanda hazırda baş məşqçisi olduğu İtaliyanın “Conegliano” klubu ilə Klublararası Dünya çempionatının da qalibi olub. Ümumilikdə isə onun baş məşqçi kimi 1 dəfə Çempionlar Liqasında, 2 dəfə Klublararası Dünya çempionatında, 6 dəfə İtaliya Liqasında, 4 dəfə İtaliya kubokunda, 6 dəfə İtaliya Super Kubokunda, 1 dəfə isə Dünya birinciliyində çempionluğu var.

TVF-nın prezidenti Mehmet Akif Üstündağın bildirdiyinə görə, italyan mütəxəssislə 2+4 illik müqavilə imzalanıb. Mediada Serbiya millisinə rəhbərlik etdiyi müddətdə illik qazancının 50 min avro olduğu deyilən Santarellinin Türkiyədə illik 200 min avro alacağı da qeyd olunur.

Qeyd edək ki, Türkiyə millisini buna qədər daha bir italyan Covanni Quidetti çalışdırıb. Onun yığmaya rəhbərlik etdiyi 5 il müddətində türkiyəli voleybolçular bir sıra uğurlar qazanıblar. Lakin milli komandanın son bir ildə sərgilədiyi oyun və Quidettinin oyunlar zamanı verdiyi qərarlar ciddi narazılığa səbəb olmuşdu.

Exit mobile version