AUT.AZ

Tahir Gözəl: “Keçid baş tutsa, “Qarabağ” və Kadi üçün xeyirli olar”

“Qarabağ”ın prezidenti Tahir Gözəl Gənclər və İdman Nazirliyinin ilin yekunlarına həsr olunmuş qala mərasimində jurnalistlərin suallarını cavablandırıb.

Aut.az xəbər verir ki, “atlılar”ın rəsmisi 2022-ci ili dəyərləndirib, klubdan ayrılacağı iddia edilən Kadi Borqes və Marko Veşoviçin son durumu haqda fikirlərini bölüşüb:

– İlk olaraq 2022-ci ili “Qarabağ” üçün dəyərləndirərdiz…
– Müsbət qiymətləndirirəm, gözəl dəyərləndirirəm. İstədiyimiz bütün hədəflərimizə nail olmadıq, amma “Qarabağ” oynadığı oyun ruhu ilə Azərbaycanın sevgisini, hörmətini qazanıb və ölkənin cəsarətli ruhuna ilham verib. Klubumdan çox razıyam.

– 2023-cü ildən gözləntilər nədir?
– Əlbəttə, ölkə çempionluğu. Konfrans Liqasında “Qarabağ”dan uğurlar gözləyirəm. İnanıram ki, gözəl nəticələr əldə edəcəyik.

– Kadi Borqesin “Krasnodar”la razılaşmağa yaxın olduğu bildirilir. Bu haqda nə deyə bilərsiz?
– Bu, bizim üçün sevindirici haldır. Artıq “Qarabağ”ın oyunçuları dünyanın gündəmindədir. Klub öz adıyla, futbolçuların bir sonrakı mərhələyə getməsi üçün xaricdə bir vasitə olub. Bunu müsbət qiymətləndirirəm. “Krasnodar”ın ciddi istəyi, arzuları var. Müəyyən məbləğlər var. Danışıqlar gedir. Futbolçunu arzusu olmadan bir yerdə saxlamaq çox çətindir. Şəxsi motivasiyası çox önəmlidir. Hesab edirəm ki, keçid baş tutsa, klub və Kadi üçün xeyirli olar. Bu, əlavə büdcədir. Bu da Qurban müəllimin əlindədir. İstəsə, arzu etdiyi futbolçuları gətirmək üçün xərcləyə bilər. Hələ bitən bir şey yoxdur. Danışıqlar gedir.

– Veşoviçlə bağlı durum nə yerdədir?
– Bəli, eyni sözləri deyə bilərəm. Danışıqlar davam edir.

– Sirr deyilsə, hansı mövqelərə və neçə futbolçu transferi gündəmdədir?
– Bunlar Qurban müəllimin tam səlahiyyətindədir. Biz şirkət rəhbəri olaraq bu işlərə qarışmırıq. Onun seçdiyi adlara həssas yanaşırıq. Onu dəstəkləyirik.

– Qurban Qurbanova da təklif var. Buna münasibətiniz necədir?
– Qurbanov “Qarabağ”ı, “Qarabağ” da onu buraxan deyil. O klubu, klub onu yaratdı. İnanıram ki, uzun illər işimiz davam edəcək.

Exit mobile version