AUT.AZ

“Neftçi”də hər şeyi o alt-üst etdi – Rəşad Sadıqov deyirdi ki…

2008/09 mövsümündə “Neftçi”də yaşanan qəribə hadisələri stajlı futbol azarkeşləri yaxşı xatırlayar. “Ağ-qaralar”ın həmin vaxtkı rəhbərliyi baş məşqçiləri, futbolçuları əlcək kimi dəyişdilər. Xüsusilə Hans-Yurgen Gede klubun tarixinə heç də xoş olmayan formada düşdü. Həmin dövrdə “Neftçi”dən yolu keçən legionerlərin taleyi də müəmmalı oldu. Bir çoxu klubda qısa müddət çıxış etsə də, bu gün də azarkeşlərin yaddaşında qalıblar.

Aut.az xəbər verir ki, Publika.az onlardan biri – Levent Kartopla əlaqə saxlayıb. Karyerası ərzində bir sıra Superliqa klublarında oynayan sabiq yarımmüdafiəçinin “Neftçi”dəki macərası cəmi 6 ay çəkib.

– “Neftçi”yə gəlişinizi necə xatırlayırsınız? Həmin vaxt “ağ-qaralar”ın formasını geyinən bir sıra futbolçular kimi sizin də karyeranız qısa sürdü…

– Məlum məsələdir ki, Azərbaycan da türk dövlətidir. O torpaqlara bağlıyıq. Təklif gələndə həyəcanlandım. Fərqli hisslər yaşadım. Çünki ora ilk dəfə gələcəkdim. Həmin vaxt dostlarım Ali Cansun və Suat Usta “Neftçi”də idi. Mənə zəng edən onların meneceri idi. Dedilər ki, yarımmüdafiəçi axtarırlar, səni təklif etmişik. Bir az söhbətdən sonra razılaşıb, Bakıya gəldim. Klubun o vaxtkı rəhbərliyi ilə görüşüb qısa zamanda müqavilə bağladıq. Bizim dövrümüzdə klubun bazası yox idi. Həmin vaxt imkanlar məhdud idi. Bununla belə, razılaşdıq. Bizdən sonra təəssüf ki, HansYurgen Gede gəldi. Onun hamımızla problemi oldu. Rəşad Sadıqovu, məni və əsas heyət üzvü olan başqa bir neçə futbolçunu komandadan göndərdi. Hər şeyi alt-üst elədi. Düzdür, mən 6 ay orda oldum. Amma çalışırdım ki, komandaya faydalı olum. Hər şey yolunda gedirdi, amma bircə Gede ilə anlaşa bilmirdik. “Neftçi”dən sonra “Kocaelispor”a üz tutdum. Orada maraqlı mövsüm keçirdik. Bilirsiniz, sonra Rəşad Sadıqov da transfer olundu. Onunla birlikdə “Neftçi” barədə çox danışırdıq, baş verənləri izləyərək heyfslənirdik. “Kaş ki, hər şey fərqli olsaydı” deyirdik. Başqa məşqçi olsaydı, mən Bakıda uzun müddət qalacaqdım. Çünki Azərbaycana uyğunlaşmaq baxımından problem yaşamadım. Həm yerli, həm də türk dostlarım var idi. İndi Bakının çox gözəlləşdiyini deyirlər, amma əvvəllər də gözəl şəhər idi. Yaşamaq üçün hər cür şərait vardı. Orada qalmamaq, oynamamaq üçün səbəbim yox idi.

– Necə oldu komandadan göndərildiniz? Səbəb kimi nə göstərildi?

– “Neftçi”dən göndərilməyimlə bağlı xəbəri alanda Türkiyədə idim. Zədəm var idi, müalicə üçün gəlmişdim. Bakıdan zəng etdilər, menecer idi. Dedi ki, biz, rəhbərlik səni istəsək də, baş məşqçi istəmir, yeni komanda quracaq. Açığı, “dirəşdim”, qalmaq istədiyimi dedim. Çünki özümə inanırdım. Məni “Neftçi”yə gətirənlər də potensialıma bələd idilər. Gələndə baş məşqçi Anatoli Demyanenko idi. Ancaq məni göndərən alman Gede oldu. Hətta mənə dedilər ki, Azərbaycan millisində oynayarsanmı? “Təklif olarsa, sevə-sevə razılaşaram” deyirdim. “Neftçi”dən belə pis ayrılsam da, həmişə azarkeşi olmuşam. Klubla sözləşməm var idi. Müqavilənin pozulmasına görə digər legionerlər kimi təzminat istəmədim, sadəcə oynadığım vaxtların maaşını aldım.

 

– “Neftçi”ni indi də izləyirsiniz, yoxsa bu klub xatirənizdə pis iz buraxıb?

– Klubu indi də izləyirəm. Sosial şəbəkələrdə bütün səhifələrini bəyənmişəm, xəbərləri oxuyuram. Avrokubok və çempionat oyunlarına mümkün olanda baxıram. Türkiyədə “Neftçi”ni çox yaxşı tanıyırlar. Ölkənizin ən böyük, köklü klubudur. Azərbaycan futbolu deyəndə “Neftçi” və “Qarabağ” yada düşür. Necə ki, orada Türkiyə futbolu deyəndə “Qalatasaray”, “Beşiktaş” və “Fənərbağça”dan danışırlar. Bir gün “Neftçi”yə baş məşqçi kimi dönməyi ürəkdən istəyirəm. Orada yaxşı dostlar qazandım. Klubun o vaxtkı meneceri Səbuhi Səfiyarlı çox gözəl insandır. Sonra Rəşad Sadıqovla da münasibətimiz oldu. Türkiyədə yenidən komanda yoldaşı olduq. Onun karyerasını yaxından izləyirdim. Azərbaycan milli komandasına, “Qarabağ”a çox şey qazandırdı, yaxşı işlər gördü. İndi də “Zirə”də çalışır. Yaxşı komandası var. Onun daha yaxşı yerlərdə olacağına inanıram. Gördüyünüz kimi, Azərbaycanla, “Neftçi” ilə bağlı təəssüratlarım müsbətdir.

– Rəşadla “Kocaelispor”da oynayarkən tarixi qələbənin iştirakçısı oldunuz. “Qalatasaray”a böyük hesabla qalib gələcəyinizi (5:2) gözləyirdiniz?

– Həmin qarşılaşmanı unutmaq olar? Xoş xatirələri var. Rəşad deyirdi ki, Azərbaycanda hamı bu oyundan danışırmış. Biz də xoşbəxt olduq. Çünki qələbəmizə təkcə bir şəhər yox, qardaş ölkə də sevinirdi. Həqiqətən də möhtəşəm uğur idi. Türkiyədə də heç kim gözləmirdi ki, belə böyük hesablı qələbə qazanaq (gülür).

– Azərbaycanda çalışmaq istədiyinizi vurğuladınız. Təklif olarsa, dəyərləndirərsiniz?

– Niyə də olmasın? Azərbaycanlı məşqçilər Türkiyədə, biz də orada çalışa bilərik. Qarşılıqlı mübadilənin olması hər kəs üçün xeyirli ola bilər. Qardaşlıq münasibətlərimizdən bu sahədə də yararlanmalıyıq. Azərbaycandan hansısa məşqçi çağırsa, yenə gələrəm. “Konyaspor”, “Dənizlispor” kimi klublarla Superliqada çalışmışam, az-çox təcrübəm var. Azərbaycan futboluna töhfə vermək, orada özümü daha da inkişaf etdirmək istəyərəm. İndi də öz futbol akademiyamda çalışıram. Çempionat oyunlarına gedirəm, təhlillər aparıram. Bu sahə elədir ki, boş dayanmaq olmaz.

– Azərbaycanlı məşqçiləri Türkiyədə tanıyırlarmı? Onların orada çalışmaq şansı varmı?

– Bildiyiniz kimi, Qurban Qurbanovun adı “Hatayspor”la hallandı. Onu çox istəyirdilər. Burada Qurbanov haqqında çox danışırlar. “Qarabağ”da mükəmməl işlər görür. Onların avrokubok oyunlarına həvəslə baxırıq. Rəşad Sadıqovu Türkiyədə də çox istəyirlər. Gəncdir, böyük işlər görə bilər. Eşitdiyimə görə, Azərbaycanda yaxşı məşqçilər çoxdur. Onların böyük hissəsi gəncdir və Premyer Liqa klublarına rəhbərlik edirlər. Bu yaxşı haldır. Futbol dinamik və coşqulu olur. Ümid edirəm ki, Türkiyə klublarında çalışanlar onları yaxından izləyərlər.

Exit mobile version