AUT.AZ

Azərbaycanlı futbolçuların təmtəraqlı istirahəti: Musa Qurbanlı Parisdə, Şeydayev isə…

Bu gündən etibarən Azərbaycan futbolunda qış fasiləsi başlayır. Ancaq budədəki istirahət elə də uzun çəkməyəcək. Komandalar bayram günlərindən dərhal sonra təlim-məşq toplanışlarına başlayacaqlar. 19-cu turun görüşləri yanvarın 24-də başlayacaq.

Bu o deməkdir ki, futbolçuların və məşqçilərin istirahət etmək üçün təqribən 7-10 gün vaxtları var. Onlar bu müddəti necə keçirəcəklər? Bu məqsədlə Premyer Liqada çıxış edən oyunçuların sosial şəbəkələrinə baxış keçirmək qərarına gəldik. Görünən odur ki, futbolçular vaxtın az olduğunu nəzərə alaraq dərhal hərəkətə keçiblər. Legionerlərin böyük bir qismi vətənlərinə – ailələrinin yanına gedib. Yerlilər isə istirahət üçün müxtəlif istiqamətlərə üz tutublar.

Aut.az xəbər verir ki, bu mövsüm vurduğu qollarla azarkeşlərin sevimlisinə çevrilən “Qarabağ”ın hücumçusu Ramil Şeydayev istirahət üçün Dubayı seçib. O, isti və müasir şəhərdə gəzməklə yorğunluğunu çıxarır.

Ramilin komanda yoldaşı Şahruddin Məhəmmədəliyev maraqlı seçim edib. O, Xorvatiyaya – milli komandamızın digər üzvü Mahir Emrelinin yanına qonaq gedib. Mahirin yaşadığı paytaxt Zaqrebdə qış sərt keçdiyindən, futbolçular evdə “playstation” oynamağı üstün tutublar.

Çempionatın ikinci ən yaxşı bombardiriri Musa Qurbanlı da ölkə xaricinə üz tutub. 20 yaşlı futbolçunun da seçimi olduqca maraqlıdır. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu Fransanın paytaxtı Parisdə yorğunluğunu çıxarır.

“Qəbələ”nin əsas üzvlərindən biri olan Felipe Santos vətəni Braziliyaya yola düşüb. Yəqin ki, o, Milad bayramını ailəsi ilə birlikdə keçirməyi planlaşdırır.

“Neftçi”nin legioneri Yusuf Laval da Felipe kimi qərar verib. O, “Neftçi” – “Şamaxı” matçından dərhal sonra vətəni Nigeriyaya yola düşüb. Laval istirahət günlərini dostları və ailə üzvləri ilə birlikdə keçirir.

“Ağ-qaralar”ın baş məşqçisi Laurentsiu Regekampf da vətəni Rumıniyadadadır. O, ailəsi ilə birlikdə istirahət edir.

“Neftçi”nin futbolçusu Ata Cabber isə maraqlı seçim edib. O, digər legionerlər kimi vətəninə yollanmayıb. İsrailli futbolçu həyat yoldaşı ilə birlikdə İngiltərənin paytaxtı Londona üz tutub. Onlar soyuq şəhərdə dostları ilə birlikdə əylənirlər.

“Neftçi”nin kapitanı Emin Mahmudov Dubaydadır. 30 yaşlı yarımmüdafiəçi adəti üzrə istirahət günlərini ailəsi – xüsusilə azyaşlı övladları ilə keçirir.

“Qarabağ”ın vitse-kapitanı Qara Qarayev isə hələ də Bakıdadır. O, fasilənin ilk günlərində həmkarlarından fərqlənəcək seçim edib. Qara qana ehtiyacı olan şəxslərə dəstək məqsədiylə donor olub. “Qan vermək yaşamaq, yaşatmaqdır” deyən 30 yaşlı yarımmüdafiəçi izləyicilərini də ona qoşulmağa çağırıb.

Azərbaycan Premyer Liqasında çıxış edən futbolçularla yanaşı, milli komandamızın bir sıra üzvləri də istirahətdədirlər. İsveçrənin “Qrasshopper” klubunun forvardı Renat Dadaşov türkəsilli sevgilisi ilə birlikdə Taylanda üz tutub.

Exit mobile version