AUT.AZ

Penaltiləri necə dəf edirmiş? – Sirri açıldı

DÇ-2022 bitsə də, xatırlanacaq, yazılacaq kifayət qədər maraqlı məqamlar var. Onlar arasında penaltilər seriyasını xüsusilə vurğulamaq olar. Bu yarışda oyunsonrası 11 metrlik zərbələrin sayı heç də az olmadı. Qətər mundialındakı penaltilərdən danışan zaman ilk ağıla gələnlərdən biri də Emiliano Martinesdir.

Martinesin inamlı oyunu Argentina millisinə çempionluq yolunda faydalı oldu. Qolkiper əvvəlcə Hollandiya ilə 1/4 final qarşılaşmasında, daha sonra isə Fransayla kubok uğrunda görüşdə komandasının xilaskarı idi. Onun inamlı çıxışı futbol dünyasında geniş müzakirələrə səbəb olub. Hər kəs Emilianonun məharətindən ağızdolusu danışır. Bu məqamı nəzərə alan futbol psixoloqu Qeyr Jorde çempionluq seriyasında qapıçının hərəkətlərini təhlil edib.

Aut.az onun müşahidələrini təqdim edir:

Martines bu vəziyyətdə hadisələri qabaqladı. Fransa millisinin kapitanı da olan Uqo Lloris püşkatma mərasimində olarkən, Emiliano sürətlə cərimə meydançasına tərəf istiqamətləndi və orada yerini aldı. Daha sonra rəqibin gəlməsini gözlədi və həmkarını orada üstün tərəf kimi qarşıladı. Sanki Llorisə “indi sən mənim evimdəsən” deyirdi.

İkinci məqama nəzər yetirək. Uqo qapıya yaxınlaşdıqda, Martines onun əlini sıxmağa başladı. Mbappe ilə də eyni formada görüşdü. Bu, onun üslubudur. Kənardan yaxşı görünə bilər. Bu da insanların ehtiyatlı davranlaşlarını aşağı salır və onları daha həssas edir. Daha sonra şikarına ağır zərbə vurur. Bu “Dibu”nun oyun strategiyasının bir hissəsidir.

Başlanğıcda Martines sakit dayanmır. Bu, yəqin ki, hakimi tanımaq və icazə verilən sərhədləri müəyyən etmək üçündür. Kilian Mbappe penaltini vurmağa çalışarkən o, hakimi topun yerini yoxlamağa çağırır, referi də onunla razılaşır və baş barmağını yuxarı qaldıraraq “əla” işarəsini göstərir.

Daha sonra Kinqsli Komanla Martines arasında itələşmə oldu. Hakim vəziyyətə müdaxilə etmək məcburiyyətində qaldı. Qolkiper yenidən hakimdən topun mövqeyini yoxlamağı xahiş etdi və müsbət cavab aldı. Bundan sonra Emiliano cərimə meydançasında söz sahibi olduğunu anladı və performansını maksimuma çatdırmağa başladı.

Qapıçılar penaltiləri dəf etdikdən sonra nadir hallarda bunu bayram edirlər. “Dibu”da bu, istisnadır. Tədqiqatlar göstərir ki, böyük və gərgin sevinclər komanda yoldaşlarına müsbət, rəqiblərə isə mənfi təsir edərək özünəinam və üstünlük siqnalları verir.

Orelyen Çuameni topa yaxınlaşanda Martines həyəcanlanmaq prosesini tamamilə dayandırmışdı. O, artıq nəyi, necə edib-etməyəcəyini yaxşı bilirdi. Penaltidən öncə topa yaxınlaşaraq onu əlinə götürdü və heç nə olmamış kimi oradan uzaqlaşdı. Hakim ilə Çuameni gözləyərkən, qolkiper vaxtı uzatdı və rəqibə əlavə gərginlik verdi. Daha sonra argentinalı azarkeşləri səs-küy salmağa çağırdı. Bu da hələ son deyildi.

Daha sonra topu cərimə meydançasının bir küncünə ataraq rəqibi onun arxasınca getməyə məcbur etdi. Bu, açıq-aşkar hörmətsizlikdir. Hakim isə baş verən hadisəni səssiz izləməyi seçir.

Çuameni topa yaxınlaşmağa hazırlaşanda Martines ona məzəmmətlə gülümsədi. Bu davranış işə yaradı – fransalı yarımmüdafiəçi hədəfi qaçırdı.

Bu da özünəinamı yüksək olan “Dibu”nun zəfər rəqsi.

Növbəti penaltini Argentina millisi vurmalı idi. Topun arxasına Paredes yaxınlaşırdı. 30 yaşlı qolkiper bilirdi ki, Lloris də “yaxşı oğlan” olmağı dayandırıb, onun kimi “ağıllı” addımlar ata bilər. Buna görə də, cəld tərpənərək topu ələ keçirdi və həmkarına fənd etməyə şans vermədi.

Randal Kolo-Muaninin zərbəsindən əvvəl Martines hakimə toxunmağa, jest etməyə başladı. Daha sonra o, fransız futbolçunu bir neçə dəfə səslədi: “mən səni izləyirəm!” Bu dəfə sarı vərəqə qaçılmaz idi. Amma bu, çox gecikmiş qərar idi. Çünki “Dibu” penaltilər seriyasını artıq qazanmışdı.

Qeyr Jordenin yekun fikri odur ki, Emiliano Martines öncədən hesablanmış, amma bir o qədər də gözlənilməz qərarlar verir. O, futbolun Nikkolo Makiavellisidir. Rəqiblərini onu təkrarlamağa və əks tədbirlər görməyə təşviq edir. Dünyanın ən böyük futbol səhnəsindəki belə bir çıxışdan sonra onun gələcəkdə necə çıxış edəcəyi maraq doğurur. (Publika.az)

Exit mobile version