AUT.AZ

Bu həna o hənadan deyil, “Sabah”

Azərbaycan Premyer Liqasında 18-ci tura dekabrın 23-də start veriləcək. Turun oyunları 3 gün ərzində keçiriləcək.

“Neftçi”nin sevinci qursağında qalacaq?

İlk oyun günündə əvvəlcə meydana “Neftçi” ilə “Şamaxı” çıxacaq. “Ağ-qaralar”ın düşərgəsində əhval-ruhiyyə yaxşıdır. Kubokun yarımfinalına adlayan komanda artıq qənimətin sahibi olduğunu düşünür. Çünki yarımfinalda nə “Qarabağ” var, nə də “Sabah”. Gözləmək olar ki, belə yaxşı əhval “Neftçi”yə “Şamaxı”nı asanlıqla məğlub etməyə yardımçı olacaq. Amma tələsməyək. “Neftçi”də oyun intizamı yoxdur, komanda qeyri-sabit çıxış edir. Böyük ehtimalla, baş məşqçi futbolçuları “Şamaxı” ilə oyuna motivasiya edə bilməyəcək. Bu da arxayınlıq yaradacaq. Arxayınlıq da “Neftçi”nin xal itirməsi ilə nəticələnə bilər. Necə deyərlər, “Neftçi”nin sevinci qursağında qala bilər. Bizdən demək…

Aut.az-ın proqnozu: “Neftçi”nin qələbəsi – 50%, heç-heçə – 30%, “Şamaxı”nın qələbəsi – 20%.

Kökdən düşmüş “Sabah”a qalib gəlmək…

Günün digər qarşılaşmasında “Sumqayıt” “Sabah”ı qəbul edəcək. Bəli, deyəsən bu həna o hənadan deyil. “Sabah”ın dərdini nəzərdə tuturuq. Hanı dünənki “Sabah”? Bir atımlıq barıtı vardı Murad Musayevin? Artıq “Sabah”ı hər kəs məğlub edir. Bir komandanı ki, “Səbail” iki oyunda məğlub edirsə, deməli, orada oyun keyfiyyətindən danışmaq yersizdir. Komandada nə baş verir? Belə fiaskonun səbəbi nədir? Bu suallar ətrafında müzakirə olacaq. Amma müzakirənin “Sabah”a nə xeyri? Artıq kubok əldən gedib. Belə getsə, 2-ci pillə də “Neftçi”yə təhvil veriləcək. “Sumqayıt” “Sabah”ı məğlub etsə, qətiyyən təəccüblənməyin. Samir Abasov komandasını yavaş-yavaş toparlayır. Kökdən düşmüş “Sabah”a qalib gəlmək əlavə motivasiya olar “Sumqayıt” üçün.

Aut.az-ın proqnozu: “Sumqayıt”ın qələbəsi – 30%, heç-heçə – 40%, “Sabah”ın qələbəsi – 30%.

Eyforiyadan kim qurtulubsa…

 İkinci oyun günündə də 2 qarşılaşma olacaq. Öncə meydana “Qəbələ” ilə “Turan Tovuz” çıxacaq. Hər iki komandanın düşərgəsində əla ab-hava var. Zarafat deyil, kubokun yarımfinalındadırlar. Düzdür, onlar yarımfinalda qarşılaşmayacaqlar, amma finalda üz-üzə gələ bilərlər. İndi görək, kubokun yarımfinalına adlamağın eyforiyasından kim qurtula bilib. Kim qurtulubsa, qələbə də onun olacaq.

Aut.az-ın proqnozu: “Qəbələ”nin qələbəsi – 50%, heç-heçə – 30%, “Turan Tovuz”un qələbəsi – 20%.

Süni örtüyün də verəcəyi “dəstəyi” nəzərə alsaq…

Daha sonra meydana lider çıxacaq – kubokda mübarizəni dayandıran “Qarabağ” “Səbail”in qonağı olacaq. Asan olmayacaq “atlar”ın işi. Niyə? Stadion amilini unutmayın. Süni örtük “Qarabağ”ın ən böyük düşməni, rəqibidir. Belə stadionlar komandanın oyun keyfiyyətini xeyli aşağı salır. Bu da rəqiblərin işinə yarayır. “Sabah”ı sensasiyalı şəkildə kubokdan uzaqlaşdıran “Səbail”ə motivasiya lazım deyil. Böyük ehtimalla, autsayder ikiqat əzmlə oynayacaq. Süni örtüyün də verəcəyi “dəstəyi” nəzərə alsaq, “Qarabağ”ın işi çox çətin olacaq. Əgər kimsə gözləyirsə ki, “Qarabağ” kubokdakı məğlubiyyətin acığını “Səbail”dən çıxacaq, gözləsin, biz isə buna şübhə ilə yanaşırıq.

Aut.az-ın proqnozu: “Səbail”in qələbəsi – 20%, heç-heçə – 30%, “Qarabağ”ın qələbəsi – 50%.

Deyəsən, Rəşad Sadıqov özü də inanır ki…

Turun son qarşılaşmasında “Zirə” “Kəpəz”i qəbul edəcək. Artıq əminliklə deyə bilərik ki, “Zirə”nin avrokuboklara vəsiqə əldə etməsi Allaha qalıb. Kubokda mübarizəni dayandıran qəsəbə təmsilçisi çempionatda 4-cü yeri tutsa belə, avrokuboklarda oynamaya bilər. Hələ 4-cü yeri tutmaq ehtimalı da çox deyil. Qeyri-sabit çıxış diktə edir: “Zirə” 4-cü pilləni də əldən verəcək. “Kəpəz”lə qarşılaşmada xal itirilsə, bu iddia bir qədər də möhkəmlənəcək. Deyəsən, Rəşad Sadıqov özü də inanır ki, bu mövsüm artıq əldə gedib.

Aut.az-ın proqnozu: “Zirə”nin  qələbəsi – 60%, heç-heçə – 20%, “Kəpəz”in qələbəsi – 20%.

 

Aut.az

 

 

 

 

Exit mobile version