Məlum olduğu kimi, DÇ-2022 ilə əlaqədar olaraq çox sayda ölkənin futbol çempionatlarında məcburi fasilə elan edilmişdi. Mundialda təmsil olunmayan federasiyalardan bir neçəsi fasiləyə ehtiyac duymamışdı. Belə ölkələrdən biri də Azərbaycandır. Peşəkar Futbol Liqasının davam qərarının nəticəsidir ki, bu həftə çempionatın yarısı tamamlanacaq və komandalar fasiləyə yollanacaqlar.
Aut.az xəbər verir ki, Avropanın aparıcı futbol ölkələrində fasilə qismən başa çatıb. Son 2-3 gün ərzində kubok matçları keçirilib. Azarkeşlərin maraqla izlədiyi Türkiyə Super Liqasında mübarizə bu gün başlayacaq. Daha sonra estafeti İngiltərə Premyer Liqası təhvil alacaq. Dünyanın ən baxımlı çempionatının qayıdışı futbolsevələr üçün əsl bayram olacaq. Geridönüş “boksinq dey”ə təsadüf etdiyindən fanatlar dekabrın 26-dan yanvarın 6-dək hər gün dumanlı albiondan möhtəşəm futbol oyunlarını izləyə biləcəklər.
PSJ-nin hegemonluq etdiyi Fransa Liqa1-də fasilə dekabrın 28-də başa çatacaq. Uzun fasilədən sonra “Barselona” – “Real Madrid” rəqabəti ilə çiçəcəklənən La Liqada isə oyunlar dekabrın 29-dan start götürəcək. A Seriyası isə italiyan futbolunun divanələrini daha bir müddət həsrətdə saxlayacaq. Bu çempionatda görüşlər 2023-cü ildə yanvarın 4-dən keçirilməyə başlayacaq. Ən gec başlayan TOP-5 liqası isə Almaniya Bundesliqası olacaq. Bu çempionatda komanda sayı digər liqalara nisbətən 2 klub az olduğundan, komandalara daha çox istirahət etmək imkanı verilib. Bu ölkədə futbol liqaları yanvarın 20-dən bərpa olunacaq.
Türkiyə Super Liqasında bu həftənin – 15-ci turun proqramı:
23 dekabr
21:00 Antalyaspor – Ankaragücü
21:00 Umraniyespor – Başakşəhər
24 dekabr
14:30 Hatayspor – Giresunspor
17:00 Kasımpaşa – Sivasspor
20:00 Trabzonspor – Fənərbağça
25 dekabr
14:30 Adana Dəmirspor – Fatih Karagümrük
17:00 Qaziantep – Beşiktaş
17:00 Konyaspor – Alanyaspor
20:00 Qalatasaray – İstanbulspor